Xəbərlər

Asif Atanın 90 illik Törəni

Ocaq Günsırası ilə 25 Ata Ayı, 47-ci ildə Asif Atanın Mütləqə İnam Ocağı Asif Ataya 90 illik Anım Törəni keçirdi. Quralların yerinə yetirilməsindən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya Səcdə edərək sözünə başladı: Dəyərli qardaşlar, bacılar hər birinizə dərin sayğılarımı bildirirəm. Zəhmət çəkib gəlmisiniz. İndi mən sizə Asif Atanın işi, yolu ilə bağlı bəzi məsələləri bildirmək istəyirəm. Asif Ata 60-cı illərdən çalışmalara başlamış bir insandır. Ancaq o, birdən-birə Asif Ata kimi başlamayıb. Baxmayaraq ki, onun təhsil illərində çox böyük axtarışları olub, özünə yönələn, dünyaya yönələn sorğuları olub, hətta tarixə yönələn sorğuları olub. “Nədir, niyədir, necədir” bu suallara cavablar axtarıb. Cavabları gəlib özündə tapıb. Ona görə o, “Düşündük, Daşındıq, Ocaqlaşma yolu tutduq” deyə qərar verib. Bugün biz Asif Atanın hələ 60-cı illərdən başladığı fəaliyyətə baxıb qiymət verməyə çalışırıq.

Biz bir xalq olaraq, bu gün əlimizi ürəyimizin üstünə qoyub deyə bilmirik ki, biz türkük, ya Azərbaycan xalqıyıq, nəyik. Nəyə görə deyə bilmirik?! – Çünkü içimizdə o qədər özgəliyi təmsil eləyənlər var ki, özümləşmə haqqında düşünənlərimiz yoxa çıxır. Mən burada üzdə olanları deyirəm, sadə toplumu demirəm. İçimizdə ən salamatları sadə toplumdur, sadəcə onları yönləndirmək gərəkdir.
İndi xalqımıza hansı xalq deyək? – Amerika xalqı deyə bilərik bir kəsimimizə. Bir kəsimimizə ingilis xalqı deyə bilərik; bir kəsimimizə ərəb xalqı deyə bilərik, fars xalqı deyə bilərik, rus xalqı deyə bilərik. Çünkü bu kəsimlər onları təmsil eləyirlər. Hər bir kəsim özünü doğru sayır. Açıq təmsil eləyir, açıq da deyir ki, qurtuluş bundadır. Qurtuluş Amerikanın gəlişindədir. Qurtuluş Rusiyanın basqısı altında olmaqdadır. Qurtuluş ərəb baxışına tapınmaqdadır. Açıq deyirlər. Biz də deyəndə ki, qurtuluş Türk millətinin yaranmasındadır, bizə ağız büzürlər ki, bunlar geridə qalıblar. Türk millətinin özümləşməsinə, millətləşmə prosesinin başlamasına heç kim qatqı göstərmək istəmir. Qatqı göstərmək istəyən barmaq sayda insanlar var. Hətta qatqı göstərənlər 1000 olsa belə, çox azdır. Buna görə insanlarımızla bir araya gələ bilmirik. Yəni, millət olaraq, üzdə olanlarla bir araya gələ bilmirik. Onlarla dil tapa bilmirik. Heç kim heç kimlə dil tapa bilir. Çünkü hamı özgəni təmsil edir. Birimiz təmsil etdiyimizi, o birimiz qəbul eləmirik. Biz toplum olaraq, özgəlik uğrunda mübarizə aparırıq, dartışırıq bir-birimizlə, – özgələr uğrunda, özgəlik uğrunda. Sonucda, biz millət kimi, bağışlayın, ifadə ağır səslənə bilər, itunu kimi səpələnmişik. Yiyə yox, yön (qiblə) yox, tamam dağınıq durumda. Bu gün bu durumda olan bir xalqıq. Ona görə biz Asif Atanın işini, yolunu məktəb sayırıq. Ola bilər ki, xalqımızın içində çoxları bunu saymasın. Ancaq biz bunu məktəb sayırıq. Nəyə görə sayırıq? – (Biz dəfələrlə bu qənaətə gəlmişik, vurğu eləmişik). Ona görə məktəb sayırıq ki, Asif Ata birxətli olaraq millidir. Çoxxətli olaraq yox, birxətli olaraq millidir. Millidir, bəşəridir. Biz hesab edirik ki, başqa xalqlarla bizim doğmalığımız özümləşməkdən keçir. Biz başqa mədəniyyətlərə qarışmaqla, inteqrasiya deyirlər bunun adına, özünə yadlaşmaqla heç bir xalqa doğma olmuruq. Heç içimizdəki etnik toplumlarımıza belə doğma olmuruq. Nə də onlar bizə doğma olmurlar. Əgər bizim içərimizdəözümləşmə prosesi getsəydi, gerçəkdən millətləşmə məktəbi olsaydı, onda bizim etnik toplumlarımızın içərisində asanlıqla torbalara doldurulan bölücülər ortaya çıxmazdı. Kim kimin yanındadır, kim kimə qulluq edir, kim arxadan hansı zərbəni vurur-filan, qarışır tamam bir-birinə.
Asif Ata 57-ci ildə Qorki adına Moskva Ədəbiyyat İnstitutunu bitirib. Azərbaycana gələndən sonra o, ədəbiyyat tənqidçiliyi ilə fəaliyyətə başlayıb. Ancaq onun, hələ oradaykən, hədəfləri bəlli deyildi.  Azərbaycan heç yerdə yox idi. Azərbaycan nədir, bilinmirdi. Bundan nə yaratmaq olar, necə yaratmaq olar?! Ancaq deyirdi, biz özümüz gərək hakimiyyətə gələk. Ancaq kimlərlə gələcək, bilmirdi. 60-cı illər Sovetlərin qılıncının dalı-qabağı kəsən bir vaxt idi. O vaxt belə düşünən adama avantürist deyərdilər. Bu gün bu sözləri deməyə nə var. Ara qarışıb, məsdəb itib. Kim nə istəyir deyir, kim nə istəyir danışır. Heç kimin sözü yerimir, heç kimin sözünün kəsəri də yoxdur. 60-cı illərdə bunu demək olmazdı, adamın boynunun ardından vurardılar. 30-cu illərdən başlamış ta Sovetlər dağılana qədər vurublar da.
O çağlarda ədəbiyyat tənqidçiliyinə başlayanda Asif Ata deyirdi, biz özümüz hakimiyyətə gəlib milli dövlət yaratmalıyıq. Bu addımı gerçəkləşdirmək üçün bu yöndə öz ideya-prinsiplərini təbliğ eləməyə başlamışdı. Nə qədər insanlar onun görüşünə gəlirdi, dinləyirdilər. Azərbaycan Dövlət Universitetində “Etika və Estetika Tərbiyə klubu”na kimlər gəlmirdi, – rayonlardan gəlirdilər. Ancaq Sovet Dövlət Təhlükəsizlik Komitəsi təqiblərə başlayır, duyuq düşür ki, Asif Ata milli məsələlərlə uğraşır. Elə ki onun təqibi başlayır, hamı çəkilir bir qırağa, qalır tək. Bunu görəndən sonra deyir, – “Düşündük, daşındıq, Ocaqlaşma yolu tutduq”. O bu qənaətə gəlir ki, xalqımızın səviyyəsi çox aşağı salınıb. (Düşüb də demək olar, mən etika xətrinə salınıb deyirəm). Ona görə xalqımızın indiki səviyyəsiylə nəinki dövlət yaradıb yönətmək olar, heç 5 addım yol getmək belə, mümkün deyil. Nə gərəkdir?! – Məktəb. Millətləşmək üçün İnsanlaşma ideyası məktəbə çevrilməlidir. Millətin dünəni, bugünü, gələcəyi özünə bəlli olmalıdır, müəyyənlik yaranmalıdır. Beləcə, o, 79-cu ildə gizli fəaliyyətə keçir,“klub”un adını Ocaq qoyur. Ancaq o dövrdə Ocaq hələ tam anlamı ilə bəlli deyildi. Bəlkə də rüşeymlər şəklində özünə bəlliydi, ancaq ortaya bütöv çıxmamışdı. Zaman-zaman bunu ortaya çıxardı, kitabları yazdı, ideyalarını işlədi. Özüdə deyirdi, mən düşünürdüm ki, hər addımda gəlib məni apara bilərlər, öldürə bilərlər. Ona görə gecə-gündüz kitabları yazırdı, heç olmasa bunlar xalqın əlində qalsın deyə. Söz yox, o, öz xalqının gələcəyinə inanıb ki, gələcəkdə bu ideyaları ondan sonra yaşadacaqlar. Sadəlövhlük eləyib inanmayıb, tarixi qaynaqlara dayanıb, Insanlığın ləyaqətinə dayanıb. Belə bir inam, güvən hissi olub onun içində.
Hər bir mübarizənin önəmi var, söz yox. Ən azından insanlarda bəlli bir oyatma prosesini yerinə yetirir. Ancaq qurulma məsələsi var, qurtuluş məsələsi var. Qurtuluş məsələsi xalqın özünün ruhaniyyatına bağlıdır. Əgər xalqın içərisində qurtuluş prosesini başlayırıqsa, onun öz mənəviyyat məktəbi olmalıdır. Məktəb öz etkisini artırmalı, öz sınırlarını genişləndirməlidir. Başqa yol yoxdur. Xalqımızda siyasi mübarizə yoxdur, özünü doğrultmur. Siyasi meydana çıxanlar qoltuq axtarırlar girməyə. Çünkü nə xalqa inanırlar, nə özlərinə. Məktəbləri yoxdur. Qoltuqlarda hakimiyyətə can atırlar. Ancaq başqa güclərin qoltuğuna girib milli dövlət yarada bilməzsən.
Bizim tədbirimiz siyasi toplantı deyil. Ancaq bəlli təhlilləri, istər-istəməz, aparmalı olursan. Çünkü məsələ Azərbaycanla bağlıdır. Azərbaycan işğal olunub.Onu qurtaran oğlu, qızı yetişməlidir. Yenə deyirəm, bunun üçün gərək Milli Məktəbin olsun. Millət mənəviyyat məktəbini gedib başqa yerlərdə axtarır. Ərəb çöllərinə qaçır, gedib onun torpağını qutsallaşdırır, mənəviyyat dərsi almır. Çünkü orada mənəviyyat dərsi yoxdur, hədəf başqadır. Bunu hamınız bilirsiniz, deməyə heç gərək yoxdur. Ona görə biz əlimizdən gələni edirik ki, Asif Atanın Ocağını məktəbə çevirə bilək. Bu məktəbin öyrətmənləri təkcə biz deyil, Ocağın içində olmayanlar da olmalıdır. Məktəbin öyrətmənləri xalqyaratma işiylə uğraşan insanlardır.
Belə, bu istəklərlə 1979-cu ildə Asif Ata Ocaq elan eləyir, gizli fəaliyyətə başlayır. Sovet KQB-si ailəsini dağıdır. Evsiz qalır, ac qalır, susuz qalır.  Ancaq o dövrün üzdə olanları, – Anarın qurumu, Elçin Əfəndiyevlər deyirdilər, Asif Ata şöhrətsevərdir, özü haqqında yüksək fikirdədir, kobuddur, heç kimi saymır.
Asif Ata oturaq həyat keçirirdi, arada bir gəzintiyə aparırdım. Gəzintiyə aparanda yolboyu söhbət eləyirdik. Deyirdi, oğul, mənə bir “adamyeyən” sözü qaldı deməsinlər. Hər şey dedilər.
Ona görə onun həyatı Ocaq məktəbinin bir hissəsi oldu. Söz yox, hər kəs Asif Ata kimi yaşamalı deyil. Ancaq onun məktəbini hamı tanımalı, öyrənməlidir. Bunlar Asif Atanın özünə gərək deyil, xalqa gərəkdir. Xalqın boynuna minnət qoymuruq, ona gərək olanları deyirik. Bilirik, xalqyaratma işi çox çətindir. Xalqı ayaqüstə qaldırmaqdan ötrü 50 il, bəlkə 100 il vaxt gərəkdir. Ancaq heç kim bu 50, 100 ili sıfır nöqtəsindən tərpətmək istəmir. Biz, xalq olaraq, Nəsiminin dönəmindən üzü bu yana, heç bir məsələni sıfır nöqtəsindən tərpətməmişik, papağı günə yandırmışıq, ona görə bu duruma düşmüşük. Əgər biz Nəsimi dönəmində durumu sıfır nöqtəsindən başlasaydıq, indi başqa bir xalq idik.
Asif Atanın ölümündən sonra, 28 ildir biz onun Ocağını yaşadırıq. Yaşatmağa çalışırıq, gücümüz çatan qədər. Sayımız da çox deyil. Fiziki gücümüz, maddi imkanlarımız da yoxdur. Ancaq hər halda, biz Asif Atanın məktəbində anlaya bildik, nələrisə öyrənə bildik ki, bu yoldan geriyə dönüş yoxdur. Nağıllarımızdakı kimi, geriyə baxmaq olmaz, daşa dönərik. Heç olarıq yəni. Biz düşünürük ki, nəyimiz varsa,az-çox xalqa göstərdiğimiz qulluqdadır.  Ayrı cür varlığımız, kimliyimiz yoxdur. Tutalım, lap var. Soylu Atalıya titullar versinlər. Professor, doktor, akademik, nə bilim nə. Bunun heç kimə dəxli yoxdur, heç kimə gərək deyil. Azərbaycanda o boyda akademiya var, içində sağlam Azərbaycan yoxdur. O boyda Yazıçılar Birliyi var, içində sağlam Azərbaycan yoxdur. Yazıçılar Birliyində mərifətli, qanacaqlı şairlər, yazıçılar tapmaq olar, ancaq, bütövlükdə götürəndə, bu qurum antiAzərbaycandır. Hətta onun içində olan az-çox sağlam adamları da qınayıram. Nə işin var sənin orada bilə-bilə ki, ora bataqlıqdır. İmtina eləmək gərəkdir. Eləyə bilmirlər, gücləri çatmır. Qorxurlar. Titul olmasa, rütbə, şöhrət olmasa, heç olacaqlar. Özlərinin balaca durumunu düşünürlər, milləti deyil…
Biz Asif Atanın Ocağında, onun ölümündən sonra, aşağı-yuxarı 38 adda müxtəlif tirajlarda kitablar çap elədik. 6-7 adda tirajı 1000-dən 3000-dək qəzet buraxılışları çap elədik. Çoxsaylı bülletenlər hazırladıq. Yüzlərlə səfərlər elədik – Bakıya, Sumqayıta, rayonlara, kəndlərə, Bakıçevrəsi kəndlərə. Üzümüzə qapını bağlayırdılar. Ac qalırdıq, pulumuz qurtarırdı, yola verməyə pulumuz çatmırdı, ancaq gedirdik. İndi də gedirik, ancaq azdı. Çünkü qabaqlar məktəblərdə kütləvi görüşlər keçirirdik. İndi məktəblər üzümüzə bağlıdır, ancaq fərdi görüşlərə gedirik, yenə gedəcik, yenə eləyəcəyik. İnsanlarla üz-üzə həqiqətləri daha yaxşı anlatmaq olur. Sosial şəbəklər sırf təbliğat xarakterlidir, quruculuq yönü deyil. Quruculuq canlı ünsiyyətlərdən keçir. İnsanlarımız bunu bacarmalıdır. Bizim törənlərimiz, görüşlərimiz, bu kimi tədbirlər hamısı məktəb xarakterlidir. Mən qəti əminəm ki, insanlarımız Azərbaycanın ləyaqətindən axıra qədər uzaqlaşmayacaqlar, onun qədrini biləcəklər, qiymətini biləcəklər, Ocağın işini davam etdirəcəklər.
Bir daha sizə dərin sayğılarımı bildirirəm. Sizi daha çox yormaq istəmirəm, istəyərdim sözü olanları da dinləyək.
Atamız Var olsun!

Günev Atalı (Ataya səcdə edib Bayrağı öpür – N.A.): Gördüyünüz kimi, günümüz ağır yüklü bir gündür. Bu, hər hansı bir filosofun və ya hər hansı bir şəxsiyyətin yubileyini keçirmək deyil. Bu 90 illikdə Asif Atanın çəkdiyi yükü önə gətirmək, burada paylaşmaq və bölüşmək məqsədi ilə yığışmışıq.
Asif Ata mənim üçün kimdir? “Min qəddi əyən ağır mənəvi yük bir çiyinə düşəndə dahilik yaranır”. Bu, Atanın sözüdür. Ata bütün bəşəriyyətin ağır mənəvi yükünün altına çiyin vermişdir. Ayrı-ayrı bilim adamlarının, filosofların, hətta peyğəmbərlərin bütün çabaları belə bu gün bəşəriyyəti ayaqda saxlamağa yetərli deyil. Bu gün insani nizamsızlığın böhranlı dövrünü yaşayırıq. Durmadan yeni-yeni qırğınlar törəməkdədir. Ata-anasını itirmiş, bir tikə çörəyə möhtac qalan körpə uşaqların taleyini faciə içinə atanlara dur deyən yoxdu. Kim qurtaracaq İnsanlığı?! – Kamilliyə yetmək üçün özündəki şəri döymək, xeyri becərmək, öz üzərində qəti qələbə əldə etmək tələbi var. Kim atacaq, harda atılacaq bu addımlar? Xilası özündən qıraqda – dinlərdə, Allahlarda, yalanlarda, uydurmalarda axtarır insan toplusu. Bu özündən öncəkilərin təkrarı və davamıdır. Gün kimi aydındır ki, bəşər mövcud təlimlərlə öz nizamını ayaqda saxlaya bilmir, ona yeni bəşəri təlim gərəkdir. Bu isə peyğəmbərlik səviyyəsində olmalıdır… Mən bu axtarışlarla Asif Atanı tapdım, ideyasını öyrəndim. Kitablarını öyrəndikcə gördüm ki, belə bir işin peşində olmaq adilərin işi deyil. Böyük aşamalar aşmaq, fədakarlıq zirvəsini fəth etmək gərəkdir. Dönməz, usanmaz ruhani döyüş gərəkdir. Amalı ömrə hakim etmək gərəkdir. Ruhum bu hallara yetdikcə Ataya qovuşmaq, bu ilahi qüdrətin davamçısı olmaq üçün yaşadım. İndi Asif Atanı Bəşər ruhaniyyatının ən uca zirvəsində görürəm: heç bir düşüncə sahibinin yetə bilmədiyi həqiqətə yetmiş, “İnsana İnam” bayrağını başı üzərinə qaldırmış bir zirvə. İnamı ilə, kitabları ilə, Ocağı ilə, günsıra, ilsırasıyla, abe-siylə gələn, İnsanilik erasının təməlini qoyan, Azərbaycanın dəyərlər sistemini müəyyənləşdirən, İnsaniliyə gedən yolu bəlirləyən, peyğəmbərlik yükünün altına ləyaqətlə çiyin verən Mütləqimiz, Müqəddəsimiz, Ulu Peyğəmbərimiz Asif Atanın, İnam Atanın 90 illik Anım günü münasibətilə qatılanlarımızı alqışlayıram. Mütləqə İnam təliminin dərinliklərinə baş vuraraq bu möhtəşəm harayın sorağı ilə addım atmalarınızı arzulayıram. Yetər artıq, bütün dönəmlərdə bəşərə örnək ola biləcək bir xalqın yadlıqlardan ümid diləməsi. Yurdumuzun, ulusumuzun, eləcə də bəşərin yönünü Asif Atanın Mütləqə İnam təliminə yönəltmək niyətindəyik. Asif Ata qüdrətinə tapınmağın özü bir ləyaqətdir. Asif Ata ilə dərd ortağı olmaqdır. Özünü çökməkdə olan dünyanın qarşısında sorumlu saymaqdır.
Ömür yenilənir, məna ilə bir olur. Özünə sahib olursan, ömrə vəcd gəlir, ehtizaz gəlir. Həqiqət harayı Amala çevrilir. Çətinliklərlə rastlaşırsan, çətinlikləri aşırsan, çoxluq sənə qarşı çıxır. Ruhani döyüş başlayır, ömrə qəhrəmanlıq gəlir. Qəhrəmanlıq azların çoxlarla döyüşündədir. Ətraf səni yox etmək istəyəndə, sən onu var etmək istəyindən əl çəkmirsən. Həmin məqamda xoşbəxtliklə görüşürsən. Ömürdən başqalarına pay ayırmaq, ölümsüzlük işığını görməkdir. Mən bu gün Asif Atanın yetdiyi xoşbəxtliyi hamınıza diləməklə sözümü bitirirəm.
Atamız Var olsun!

Abil Ulusoy:  Doğu mahiyyətli, doğu biçimli, türk yanğılı, insan soraqlı, bəşər ünvanlı bir yurdum. Azərbaycanlı övladları var ki, bəşərə söz deyə bilən, bəşərə inam gətirən, bəşəri haray çəkən, “İnsanlaşın, İnsanlaşdırın. Bəşərin nicatı İnsanlaşmaqdadır!” harayı çəkən Asif Atanı Azərbaycan dünyaya verdi. Dünyanın elə bir məqamında verdi ki, dünyanın yönü tamamilə dəyişmişdi. Antinsani bir yöndə gedirdi, bu gün də əslində davam edir. Atanın məqsədi nə idi? Azərbaycanın olanını Azərbaycana vermək, Azərbaycanın olanını bəşərə vermək. Əslində Azərbaycanı da Azərbaycanda yaratmaq idi məqsəd. Həm də bəşərə Azərbaycanın verə biləcəklərini verməkdir. Azərbaycanı dünyanın ruhani dəyərlər mərkəzi kimi ortaya qoymaqdır. Azərbaycan əsrlər boyu, minilliklər boyu yaratdıqlarını arxivləşdirmişdi Asif Ataya qədər. Tariximizdə Zərdüşt var, Qorqud var, Babək var, Hürufilərimiz var, muğamımız var, sazımız var.  Bunlar bir zəncir kimi lazım idi ki, biri birini tamamlasın. Onda Azərbaycan bu tamamlanmış dəyərlərlə Azərbaycan olardı. Ayrı-ayrılıqda yox. Əslində Atanın dediyi budur: Azərbaycan özgələrə görə paylanıb. Sonra da özgələrdən pay aldıq, aldığımız pay özgələri yaşatmaq üçün idi. Yadlarda yaşayırdıq. Bu gün də həmin şeylər var. Meydanları, küçələri yadlığa qulluq edənlərin heykəlləri bəzəyir. Bunlar xəyanət heykəlləridir; zaman-zaman Azərbaycana xəyanət etmiş, Azərbaycanın ləyaqətini yaşatmayan adamların heykəlləridir. Sovet quruluşunda qoyulmuşdu. Zaman keçdi, zaman dəyişdi, onları da götürmək lazım idi. Azərbaycanın ləyaqətini yaşadan insanlar Azərbaycanda dəyər qazanmalı, dəyər görməli idilər. Xalq üçün çalışmaq ayrı-ayrı fərdlərin özünü yaratmağından keçir. Hamımız deyirik ki, Azərbaycanda xalq yaratmaq lazımdır. Xalq yaratmaq işinə kim nə qədər bacarırsa yardım etməlidir, bu işdə səylər göstərməlidir. Ancaq xalqı necə yaratmaq lazımdır? Əvvəl sən xalqı tanımalısan. Bu xalqın nələri var, xalq yaratmaq nəyin əsasında olmalıdır? Ölkədə bu gün “inkişaf”dan danışırlar, guya Azərbaycanı dünya tanıyır. Azərbaycanı dünya tanımır. Azərbaycanda ayrı-ayrı insanlar haradasa tanınırlar, onlar isə Azərbaycanı tanıtmırlar. Dünya öz dünyasını quranları tanıyır. Yaponların özlərinə məxsus dünyası var, dünya onu tanıyır. Çinin özünəməxsus dünyası var, dünya onu tanıyır. Başqalarını da örnək kimi göstərmək olar. Azərbaycanda bunlar yoxdur. Qibləsi özündə, vətənində olmayanı tanımırlar. Sən özün ol. Yaxşı-pis nəyin varsa, özün ol. Ağır yükün altına girmək istəmirlər. Hesab edirlər ki, ən doğru yol elə ən asan yoldur. Bunu seçirlər, heç kim çətinə getmək istəmir. Xalq yaratmaq isə ömür tələb edir: gərək sən bütün ömrünü bu tələblə qurasan. Dünya öz dünyasını yaradanı tanıyır.
Asif Atanın Azərbaycan üçün etdikləri, bəşər tarixində müstəsna hadisədir. Heç bir xalqda, heç bir millətdə, heç bir yerdə, heç kəs öz milləti üçün Asif Atanın etdiyi qədər etməyib. Müəyyən çabalar göstərənlər var yadlığın yolunda, onlar Asif Atanın dalınca getmirlər, yadlığın dalınca gedirlər. Məsələn, keçmiş bir Ocaqçı var, Konfutsinin heyranıdır. Konfutsini tərifləyir, guya xalqı üçün etdiklərinə görə. Mən hesab edirəm ki, Konfutsinin öz xalqı üçün elədikləri Asif Atanın Azərbaycan üçün, Türk Dünyası üçün elədiklərindən qat-qat aşağıdır. Böyük filosofdur. Bunu başqa məqsədlər üçün – İslamın cəhalətini yaşatmaq yolunda istifadə etmək var. İslamda nə varsa ərəbdən gəlmədir, ərəbçiliyi yaşadır. Burada türk ruhu varmı? Türkə bir nöqtə qədər onun aidiyyəti varmı? Yoxdur.
Bir haşiyə kimi keçmişdə Ocaqda olmuş insanlarla bağlı da bir neçə söz demək istəyirəm. Mən Atanı yaxşı tanıyırdım, bilirəm nə istəyir, Ocaq nədir. Buradan qıraqda özünü Ocaqçı sayanlar, baxırsan, masa arxasında yeyib-içir, o görüntünü şəkil kimi “Ocaqçı” adı ilə paylaşımlar edir. Belə şeylər qətiyyən düzgün deyil. Ocaqçı kimdir? Yazılıbdır. Ocağın məramı nədir? O da yazılıbdır. Sən “Ocaqçı” adını daşıyırsansa, ancaq Ocağın məramını yerinə yetirən, o məramı daşıyan insan deyilsənsə, nə üzlə cəmiyyətə özünü Ocaqçı kimi sırıyırsan? Buna bir hədd qoymaq lazımdır. Çıxdın, getdin, alınmadı, yarı yolda qaldın; bəlkə də düşündün ki, hardasa cəmiyyətdə bir mövqe tutasan, nəsə qazanasan. Get, qazan, ancaq belə şeylərdən əl çəkmək lazımdır. Sizə də yəqin rast gəlir “Atalı” adı manipulyasiya edənlər. Bunlara Ocaqçı kimi baxmayın. Ocaqçıda oyunbazlıq olmur. Bu, Ocağa zərərdir. Mən hesab edirəm ki, Ocağı tanıyanlar, Ocaq çevrəsində olan insanlar bunlara etiraz etməlidir. Yazıları ilə, sözləri ilə. Saxta fərəh olan içki məclisində, saxta “işçi toplantılarında” bu cür Ocaq adı ilə oynamaq olmaz. Ocağa böyük zərər verirlər. Qaçırlar antimilli rütbəli adamların yanına, onların yanında böyük görünmək istəyirlər, həm də Asif Atanın adını tuturlar. Asif Ata deyir, təklik böyüklükdür. Ocaqda say az ola bilər, ancaq əsas odur ki, keyfiyyət olsun. Bu keyfiyyəti yaşatmaq üçün Asif Atanı ciddi şəkildə öyrənmək lazımdır. Atanı yaxşı öyrənmək Azərbaycan xalqına çox söz deməkdir.
Mən İstanbulda bir kitab aldım – “Dünyaya yön verən 100 filosof”. Bunların çoxu Türkiyənin təhsil mühitində ad qazanıb. Qərbin, Amerikanın heç birinizin adını eşitmədiyi adamları “dünyaya yön verən” kimi təqdim edirlər. Yəqin Azərbaycanda da bunları bəh-bəhlə qəbul edirlər ki, “bunlar dünyaya yön verir, bunların yönüncə getmək lazımdır”. Əslində isə bu gün dünyada Şərq yoxdur, Qərb var. Dünya Qərbin tamamilə inhisarındadır, bütün yaradıcılıq imkanları da onların əlindədir. Bu da maliyyə ilə bağlıdır. Şərqin əsas aparıcı milləti kimi Türkiyəni götürün: düşünün, onun arxasınca uşaq kimi gedir, arxasınca sürünür. Elə Azərbaycan da. Millətin azadlığı yoxdur. Milli dövlətimiz lazımdır, milli hökumətimiz lazımdır. Ancaq bu milli dövlət milli dəyərlərimizin üzərində qurulmalıdır. Hansısa əcnəbi ölkələrin dəyərləri ilə, onların qurduqları sistemlə Azərbaycanda milli dövlət olmayacaq.
Azərbaycanda Ocaq sözü deyilməlidir. Asif Atanı peyğəmbər kimi görüb, onun şəxsiyyətinə hörmət etmək azdır. Onu diqqətlə öyrənmək və öyrəndiyini öyrətmək lazımdır. Öyrədən insanlar yetişməlidir…
Var olun, sağ olun!

İnamlı Atalı (Ataya səcdə edib Bayrağı öpür – N.A.): Asif Ata Ocağının “Ata Günü” mərasiminə xoş gəlmisiniz. Hamınızı qutlayıram. Bu mərasimə başqalarının da qatılması Asif Atanın 90 illiyi ilə bağlıdır. Bir daha bu münasibətlə sizə işıqlı duyğular, işıqlı düşüncələr arzulayıram.
Əziz bacılar, qardaşlar, Asif Atanın belə bir fikri var: yaxşı cəmiyyəti yaxşı insanlar yarada bilər. Bu gün bu yaxşı insanları biz haradan alaq? Bilirik ki, inanclar, ideyalar əsasən dünyanın çətin zamanında ehtiyac duyulan şeylərdir. Bu gün də adama elə gəlir ki, dünya dağılır, elə bir çətin durumdadır. Azərbaycan mühitini düşünəndə isə bu durum daha dəhşətlidir. Bu inama bu gün çox böyük ehtiyac var. Bu inamın əsas məğzi dünyanın mənalı olduğunu görmək bacarığıdır. Yəni bu dünya elmin izah etdiyi dünya olsa da, bu görünənin, bilinənin arxasında daha böyük, daha yüksək bir məna var. O məna insanda da ruhani, mənəvi şəkildə üzə çıxmalıdır. Hər bir Ocaqçı bu Amalı oxuyur, bilir, öyrənir, bir-birimizlə də fikirlərimizi bölüşürük. Hər birimiz özünəməxsus şəkildə bunu mənimsəməyə çalışırıq. Mənim də özümə məxsus bəzi fikirlərim var. Mən bu inamın üzə çıxmasını necə görürəm? İnsan dünyanın bir parçasıdır, insan ikili varlıqdır: həm bioloji tərəfi var, həm də ruhani-mənəvi tərəfi. Bu iki tərəf cəmiyyətdə də özünü göstərir: şər və xeyir cəmiyyətə belə yansıyır. İnsan öz içindəki şəri təmizləməli, xeyri becərməlidir ki, cəmiyyətin də yönü xeyrə doğru olsun. Bunu necə etmək olur? Asif Atanın inamında belə bir ideya var: fərdin özünü idarəsi. Yəni insan özü ilə məşğul olur. Hər bir fərd öz içində nə yaşadığını daha dəqiq bilir. Öz içindəki şəri öldürməlidir. Bu əməl də cəmiyyətə yansıyır. Fərdi kamilləşmə cəmiyyətdə ölçünü dəyişə bilir. Beləcə ruhani cəmiyyət qurmaq mümkündür.
Mən Ocaq Yükümlüsü Soylu qardaşımızın, Abil dostumuzun fikirlərindən Azərbaycanın durumu barədə geniş bilgini dinlədim, təkrar toxunmaq istəmirəm. Ancaq bir şeyi vurğulamaq istəyirəm: Həsən bəy Zərdabi ölərkən, o vaxtın mütəfəkkirlərindən biri – dəqiq kim olduğunu indi xatırlaya bilmirəm, tabutunun başında belə deyir: “Ey müqəddəs ruh! Gedirsən o dünyaya, əvvəl bizdən salam deyərsən, sonra yapışarsan yaxalarından, deyərsən: a kişilər, bu nə vətəndir siz bizə yadigar qoyub gedibsiniz?” İndi bugünkü nəsilə fikir verək. Biz bu durumun içində yaşadıq, dözdük. Gələcək nəsil bizə necə baxacaq? Məsələn, Tərtər hadisələrini mən çox böyük ürək yanğısı ilə xatırlayıram. Bəzən gözümü yumanda o hadisələr sanki mənim üstümdən keçir. Adamın tükləri biz-biz olur. Ancaq biz bir millət olaraq buna biganə yanaşdıq, dözdük. Gələcək nəsillər bizi necə qiymətləndirəcək? Bu aydın məsələdir. Ancaq üzümüzü ağ edən Mütləqə İnam dünyabaxışı bizim zamanımızda yarandı. Asif Ata hadisəsinin bizim zamanımızda baş verməsi gələcək qarşısında üzümüzü ağ edəcək. Mən bununla qürur duyuram. Mütləqə İnam dünyabaxışı… Bu təlim İnsanlığın qurtuluşu üçün böyük ümid qaynağıdır, gərək yaşadaq. İnsan İnsanlığa çatdıqca həyat da dəyişir, millət də.
Atamız Var olsun!

İlqar Tağı:Mən də Asif Atanı hörmətlə anıram, 90 illiyi mübarək olsun deyirəm.
Mən bu yaxınlarda Özbəkistana səfərə getmişdim. Getdik, şəhərləri gəzdik: Daşkənd, Səmərqənd, Buxara. Elə bil nağıllar dünyasına düşdüm. Elə bil orada özümü daha çox türk hiss etdim. Asif Atanın tezisləri var, mən o tezisləri orada gördüm; musiqisində gördüm. Müasir dövrdədir Özbəkistan, eyni zamanda millilik qorunur. Arxitekturasında var, yaşayışında var. Ən müasir otellərdə qaldıq, şəhəri gəzdik. Şəhərdə yeni tikili görməzsən. Guya bizdə modern tikililər var, halbuki bizdə ölkədə xaos yaradırlar, xüsusən Bakıda. Bu xaos insanların mənəviyyatına da təsir edir. Elə bil bir dəlilik var, ölkə dəlixanaya çevrilir.
Özbəkistanın musiqisində, mətbəxində, məişətində, insanlarında isə sanki qapılar açıqdır. Qapı həmişə açıq olur, bağlamırlar. Mən bunu yazmışdım, dostlar görmüşdü. Nə deməkdir qapının açıq olması? Güvənlik var, sosial birlik var, sosiallaşma var. İnsanlar bir-birinə inanır. Evin sahibi evdə olmayanda da qapı sadəcə örtülür, bəzən kilidlənmir. Təsəvvür edin, bu nə deməkdir. Möhtəşəm bir haldır. Bizdə kəndlərdə olub belə hal. Bizdə isə bunlar sanki düşünülmüş şəkildə insanları “manqurt” psixologiyasına salmaq, bir siyasətə çevirmək kimi görünür. Mən bir dəfə bir yazı tərcümə eləmişdim: “siçovul texnologiyası” deyilirdi. Siçovullar üzərində çoxdan eksperiment aparıblar. Siçovullar da sosial varlıqdır: bir-biri ilə xəbərləşir, yem tapanda bir-birinə xəbər verir. Qarışqalarda da var, başqa canlılarda da var, insanda da var əslində. İnsan sosiallaşır, əxlaq sosiallaşma ilə formalaşır, qanunlar da bununla formalaşır. Bunu idarə etmək üçün də tanımaq lazımdır.
Siçovullar üzərində necə eksperiment aparıblar? Siçovul ailəsindən bir dənə siçovul götürürlər. Üç gün, beş gün ac saxlayıblar. Sonra həmin siçovulun ailəsindən bir ölü siçovulu, yəni ölü birini götürüb atıblar içəri. Siçovul baxıb görür beş-altı gündür acdır. Fikirləşir, bir neçə saat tərəddüd edir. Axı tanıyır da onu, “dostu”dur, deyilmi? Sonra yeyir. İçindən keçir: “Mən ölə bilərəm, mənim üçün məsələ ölməməkdir”. İkinci dəfə eyni eksperimenti yenə edirlər, bu dəfə bir az yaralı siçovul atırlar. O da yenə fikirləşir: “Bu da öləcək, mən ancaq ölməmək barədə düşünməliyəm”, deyib yenə yeyir. Beləcə mərhələ-mərhələ onu “adət etdirirlər”. Artıq o “mənəviyyatı” sınmış siçovula çevrilir. Sonra onu götürüb sağlam ailənin içinə buraxırlar: o artıq sosial qaydanı poza bilir, yolda tələ qurur, başqasını təkləyir. Bu “texnologiyanı” cəmiyyətə tətbiq edəndə də eyni mexanizm işləyir. Adam görür kimsə yıxılıb, uzanıb, içindən keçir ki, “cibini yağmalayım”. Sonra bunu belə-belə normaya çevirirlər. Deputat çıxıb deyir: “Mən hər təzə evlənənə açar verəcəm”, adam da deyir. “Bu yalan danışır, ancaq yenə seçəcəm”. Beləcə “sınmışların tarixi” strukturlaşır, böyük çoxluq avaraların əlində qalır. Yetkin cəmiyyət onlara sərf eləmir. Asif Ata kimi, Rafiq Tağı kimi dəyərlər də onlara sərf eləmir. Çünkü belə dəyərlər strukturu formalaşdıran adamları oyadır, dərinləşdirir. “Vətənində peyğəmbər olmur” deyimi də bu cür yaranır, böyük olanı öz yerində boğurlar. Halbuki Asif Ata Hindistandan olsaydı, cild-cild kitabları oxunardı. Necə ki bizim cəmiyyəti yad ideologiyalarla zəhərləyirlər, ərəb ideologiyası, şiəlik, sünnülük, o biri təriqətlər bilmirsən nədir. Boşluq yaradırlar.  Bu boşluq həm dövlət üçün, həm xalq üçün zəiflik yaradır. İstənilən vaxt onu dağıtmaq olur, çünkü bənd zəif olur. Güclü bənd isə onlara sərf eləmir. Güclü bənd olsa xalq ayılar, içindən ayılar, içində ayılması atom bombası kimi şeydir. Bunlara sərf eləmir. Buna görə də mən məsələyə konstruktiv yanaşmağın tərəfdarıyam. Mən nə düşünürəm? Ocaqçılığı təkmilləşdirmək lazımdır. Biz sosial şəbəkələrin tüğyan elədiyi dövrdə yaşayırıq, bunu görürsünüz. Deməli, nə etməliyik? Konstruktiv olmaq lazımdır. Təkcə şikayət eləmək olmur. Şikayətçi olmaqla nə dəyişir? Mən fikirləşirəm ki, sosial şəbəkələrdə aktiv olmaq lazımdır. Adi TikTok-da belə. Mən TikTok-dayam, orada gitara çalıram, Rafiqin yazılarını paylaşıram. Milli musiqimizi orada təbliğ edirəm. Qıraqdan anlayan da anlayır, dinləyir. Mənim töhfəm orada milliliyi yaşatmaqdır. Biz Asif Atanı yaşatmalıyıq: qısa roliklər, kontentlər paylaşılmalıdır. Kütləvi şəkildə bu insanlara çatdırılmalıdır. İnsan bir növ kütləyə düşəndə kütlə uşaq kimi olur, plastilin kimidir, toxundunmu, forma alır. Bizim elə milli dəyərlərimiz var ki, Asif Atanın postulatları, Mütləqə İnamın məzmunu insanın içində imkan oyadır. Mən Özbəkistanda olanda Əmir Teymur adı dillərdən düşmürdü, bələdçim yeddi gün Uluqbəydən, filosoflardan danışdı. Bizdə niyə Babəkin heykəli yoxdur, dəyərlərimiz haqqında danışılmır? Niyə? Çünkü milli hökumət deyil, idarə edənlər milli düşünmür. Qanlarında milliyyət yoxdur, korrupsiya baş alıb gedir. Bizim hərəkətimiz nədən ibarət olmalıdır? Qısa roliklər TikTok səviyyəsində də, Facebook səviyyəsində də. Bütün platformalarda aktiv olmaq, yaymaq, sərgilər təşkil etmək. Mən məsələn ayın 1-7-si sərgidə Rafiqin kitablarını təqdim edəcəm. Orada bir araya gəlib Asif Atanın kitablarını təbliğ edə bilərəm. Ucuz qiymətlərlə, endirimlərlə. Ayda müəyyən qədər reklam pulu verib kitabları təbliğ edə bilərik. Bu, “kilid” kimi xırda görünən, ancaq ardıcıl olarsa təsirli addımlardır. Məsələn, “Mütləqə İnam” kitabı. Kim onun qapağını açıb oxuyur? Ən azı bir bukletlər səviyyəsində insanların həyatına girməlidir: bir rolik, bir sitat, bir izah, bir misal. Dövlət nə edir? Aktiv “keşikçilər” televiziyaya çıxır, “yalancı filosoflar” çıxır, adına da filosof deyirlər. Şükranlıq təbliğ edirlər: korrupsiya baş alıb gedir, şükran olursan. Yox. Aktivlik lazımdır. Cəmiyyəti diriltmək lazımdır. Bu da necə olur? Dəyərlərimizi həqiqi mənada dəyərləndirməklə. Sağ olun, təşəkkür edirəm.

Oruc (Rzayev) bəy: Soylu bəy, təşəkkür edirəm məni dəvət etdiyiniz üçün. Mən Asif Atanın qohumu olsam da onu sizin hesabınıza tanıdım. Mən burda hamısından razıyam. Ancaq bir sistem məsələsi var. Bu gün ölkəmizin dilinin adının “türk dili” qoyulmaması var, biz bunu yedik. Biz indi hamımız “azərbaycanlıyıq” deyirik. Azərbaycanlı olmaq ayıb deyil, mən hətta Hövsanlıyam, bu məkan kimliyidir. Ancaq əvvəl-əvvəl türk olmalıyıq, sonra isə Asif Atanın dediyi kimi İnsanlaşmalıyıq, İnsanlaşdırmalıyıq. Asif Ata çox şeyi edə bilərdi, ancaq bu hökumət, bu sistem onun əlini-qolunu bağladı. Bir daha təşəkkür edirəm. Yaxşı iş görürsünüz. Asif Atanın kitablarını, əsərlərini geniş paylaşmaq üçün imkan daxilində yeni bir fond yaratmaq lazımdır. Əlinizdən gəlirsə, o fonda yığmaq olar. Bilirəm ki, bugünkü millətin halında fond yaratmaq çətindir. Orada fond deyən kimi oğurluqlar başa düşülür. Ancaq təmiz də işləmək olar. Mən bunu demək istəyirəm. Sizə çox sağ olun deyirəm. Gördüyünüz işlərə görə minnətdaram. 

Kamran (Güllər) bəy: Mənim iki sualım var, açıq danışacam. Mənə maraqlı olan bir sual var: biz nə istəyirik? 5-6 adam çıxış elədi, ancaq “biz bu gün buraya niyə yığışmışıq, nə istəyirik” sualını tam tapa bilmirik. Biz xalqlaşma istəyirik, millətləşmə istəyirik. Xalqlaşma istəyiriksə sosializm, müxtəlif “izmlər” bizə müəyyən şeylər açır, ancaq siyasət boş şeyə dönür. Millətləşmək istəyiriksə, 300 ildir üzərimizdə basqı var. Əlimizdə olan mövcud imkanlardan nə qədər istifadə eləmə bacarığındayıq? Bunu həll edə bilirikmi? Həll etmək üçün çaba göstərə bilirikmi? Bu suallar məni maraqlandırır. Siz əvvəl dediniz ki, millətləşmə, türkləşmə, həqiqətən kifayət qədər problemlərimiz var. Mənim ağrım budur: mən türk dövlətində yaşayıram, ancaq özüm özümə milli kimliyimi deməyə çəkinirəm. Bu mənim üçün çox ağırdır, ağrılıdır. Mən mübarizə görmüş adamam, ancaq uğur, demək olar, sıfırdır. Gənclik bunu hiss edib açmalıdır. Bu gün türklük tək Türkiyədə, Azərbaycanda deyil, bunu bilirik. Mən Borçalı əsilliyəm, Borçalıda türklərə qarşı yetərincə basqı var. Xüsusən son dönəmdə yenə hadisələr təkrarlanır, 89-90-cı illərin ideoloji ab-havası da kənara qoyulmur. Əgər biz özümüzü cəmiyyətə sırımaq istəyiriksə, cəmiyyətin dəstəyini almaq istəyiriksə, xırda qələbələrdən başlamalıyıq. Xırda qələbələri bölgələrdə, ocaqlarda, millətin yanında olmaqla əldə etməliyik. Borçalı birliyində də, Borçalı cəmiyyətində də bunu demişəm. Ümumi sözlərin heç kimə faydası yoxdur.  Yığışdıq, yedik, içdik, dağıldıq – heç nəyə nail olmadıqsa,  bu olmur. Borçalıda kitabxanalar bağlananda nə əziyyətlə kitablar yığıb göndərmişik.  Ən azından kitabxanalarımız bağlanmamalıdır. Qoy bəhanə eləməsinlər, hər kitabxanada 300-500 kitab olsun, bağlanmasın. Bu “xırda” görünən işlər çox vacibdir, daha məqbuldur, daha realdır.
Abil bəy deyir, heykəllər haqqında. Bir dəfə də sosial şəbəkədə Nərimanovun heykəli haqqında danışığımız olmuşdu. Mən bununla razılaşmıram. Keçən dəfə Nəsib bəylə Bütöv Azərbaycan Birliyi ilə sözləşdim, belə açıqca deyə bilərəm, bilirsiniz necədir. Tarixə, hər kəs bizim gözümüzlə baxmaq məcburiyyətində deyil. Bir də hər zamanın öz tarixi həqiqəti var. Ermənilər Qaregindən məharətlə istifadə edir, Mikoyandan da məharətlə istifadə elədi. Bugün hər ikisini öz qəhrəmanı hesab edir və hər ikisinin müsbət tərəfini özünə çəkir. Biz bir zaman kəsimində filankəsi lənətlədik, digər zaman kəsimində başqasını. Biz belə şeylərlə heç bir yerə vara bilmərik. Bu da bir acı tərəfimiz, acı həqiqətimizdir. Yəni istədiyimiz, bu həyatda biz nə istəyirik ki, onu başa düşmürük. Mən deyirəm ki, həqiqətən, kiçik də olsa, bəzi uğurlar əldə eləmək lazımdır. Bölgələr üzrə uğurlar əldə etmək lazımdır. Bilirsiniz, necədir, Soylu bəy. Biz bir insanın daha çox ilahiləşdirilməsinin üstündə çaba göstəririk, nəinki onun ideologiyasının həyata keçməsi uğrunda. Məhəmməd Peyğəmbər 6-7-ci əsrin ortalarında  vəhşi ərəb çöllərində ağıllı bir adam idi, hardansa bir kitab əldə etdi. Bu kitab ilə vəhşi ərəbi əhilləşdirməyə çalışdı. Hansı ki, bu gün dünyanın mədəniyyət mərkəzi deyə bildiyimiz Avropanın özündə, 19-cu əsrə kimi, nəinki mədəniyyət, yeni qaydalar belə həyatda yox idi. Xırda detallarına varmaq istəmirəm. Ancaq bu adam 13 əsrdir təsir edir. Bundan qalıb bu şeyləri həyata keçirməyə vəhşi ərəb aşılayıb. Bunun nəyi pisdir? Biz niyə bunu lənətləməliyik? Bir qisim insanlar ateist adından dini söyür, bir qisim ifrat din adından ateisti söyür və hər ikisinin düyməsi bir mərkəzdən basılır. Sözü nəyə gətirirəm? Bir insanın ideologiyasını yox, onun özünü biz ilahiləşdirməyə çalışırıq. Gəlin Asif Atanın gözəl fikirlərini, millətləşmə fikirlərini həyata keçirmək üçün əlimizdən gələni edək. Həqiqətən, bu qardaş, çox gözəl vurğuladı. Millətləşmədə çox dərin problemlərimiz var. Ciddi problemlər olur da, sosial şəbəkələrdən istifadə edib hələ. Ən azından fərd kimi. Siz bilirsiniz ki, təkbaşına alınmır. Hə, əgər bizə nəzarət edən, bizi oxuyan üç-beş adam varsa, biz yəhudi planı deyilən bir şey var, şüuraltına işləmək, şüuraltına toxum atmaq. Ən azından bir-iki yazımızdan kimdəsə, bugün atdığımız toxumlar sonra çox güclənib inkişaf edə biləcəksə, bu özü uğurdur. Yəni, yığıldıq, dağıldıq, bizim işimiz pirdir deyə bir şey yoxdur. Təşəkkür edirəm hər birinizə, sizlərə uğurlar arzu edirəm. Gerçəkdən, Asif Atanın çox böyük fikirləri var, mən tam məlumatlı deyiləm. Yəni sizin yaydığınız materiallar qədər məlumatlıyam o insan haqqında. Həqiqətən də, çoxsaylı yanaşmam var onun fikirlərinə, fəlsəfəsinə. Uğurlar arzulayıram.

Soylu Atalı:Təşəkkür edirəm, Kamran bəy. Mən adətən bu cür tədbirlərin son mərhələsində yekunlaşdırıcı söz deyirəm. Əslində mən nəzərdə tutmuşam ki, bunları sonda deyim. Bu cür tədbirlərimizdə sizin kimi insanların olması çox vacibdir. Tənqidi yanaşma gözəl şeydir, tənqidə dözmək ondan gözəl şeydir. Tənqidsiz inkişaf da yoxdur. İnkişafın avanqardıdır, lokomotividir tənqid. İnsan özünü orada görməyi bacarmalıdır, sözsüz. Hətta, mən bunu dəfələrlə demişəm, ola bilər ki, hər hansı bir hadisəni kimsə tənqid edir. Bəlli olar ki, o hadisəni dərindən bilmir, ancaq o gördüyü, izlədiyi məsələlərlə bağlı tənqidi yanaşır, ona da sayğı ilə yanaşmaq gərəkdir. Çünkü hər bir qıraqdan baxışın özündə bir doğru tapmaq gərəkdir ki, faydalana biləsən. Bu baxımdan bizim toplantılara vaxt tapıb, imkan tapıb qatılmağınızı çox istərdim. Orada bu yönlə daha geniş müzakirələr aparmaq, daha yaxşı bir-birimizi anlamaq, ciddi addımlar atmaq olar. İndi mən bu söhbəti davam etmədən istəyirəm başqalarına söz verək, sonda ümumiləşdirici söz deyərəm.

Şakir bəy: Sizlərə təşəkkür edirəm. Asif Ataya inanmışam, həmişə də ona səcdə edirəm. Çox gözəl fikirlərdir, çox gözəl işlər görürsünüz. Xalq üçün, millət üçün önəmli, gözəl işlər görürsünüz. Uğurlar arzulayıram.

Göytəkin Atalı (Ataya səcdə edib Bayrağı öpür – N.A.):İnsan ömrünü hansı təməllər üzərində qurmalıdır ki, ömür heçliyin uçurumda deyil, göylərin ucalığında olsun. Həyatın dəyəri nədədir? – Həyatı dəyərli, dünyanı mənalı edən insandır. Onun əməlləridir. Ancaq o öz yaşamı ilə həyata dəyər qata, dünyanı mənalandıra bilirmi? Zaman-zaman insanı cılız gördülər, aciz qıldılar, qul saydılar. İnsanı dünyanın halını dəyişdirəcək qədər güclü, qüdrətli saymadılar. Zoru, tamahı, ağalığı, hərisliyi ən böyük güc hesab etdilər. Zordan, ağalıqdan Allah düzəldib, mənəviyyatın işığını söndürdülər. İnsan həqiqətdən uzaqlaşdı. Ömrü yalanın, ədalətsizliyin qaranlığında heç oldu. Sonucda insanı dünyanın bugünkü qaranlığının yaradıcısına çevirdilər. Ata İnamı bu qaranlığı aydınladan işıq olaraq yarandı.
Zaman-zaman insanı qıraq təsirlərlə idarə etməyə çalışdılar. İnsana “yer inamı” sundular, inamı tələblərinə uymağa çağırdılar – zorla. İnsana doğru tələblər adı altında yalana, xurafata baş əydirdilər – zorla. Qanunlar yazıldı, insana yaramadı. İnsan üzərində qanun basqısı yaradıldı – zorla. Din, inanc, qanun Allah insanı kiçiltdikcə kiçiltdi. İnsan müqəddəsliyə qovuşmaqdansa zorun və köləliyin alətinə çevrildi. Ata İnamı insanı zor hakimliyindən qurtaran güc olaraq yarandı.
Azadlıq nədir? Onun uğrunda necə mübarizə etmək gərəkdir? İnsana “azadlıq” gətirən yad ideologiyalar sunuldu. Yadlığa boyun əyməklə azadlıq vəd etdilər. Sonucda insanın hərcayi istəkləri qabardı, önə keçdi. Azadlıq axtarıldı əxlaqsızlıq qaranlığında. Azadlıq insani keyfiyyətləri, əxlaqı, mənəviyyatı heçə sayıb istədiyi həyatı yaşamaq deyil. Azadlıq hərcayilikdən qurtulub, insani davranışları ömürdə var edəndə başlayır. Ata inamı azadlığı insan ömründə var etmək üçün yarandı.
İnsan həyatdan ədalət, mərhəmət istəyir. Ömürdə ədaləti, mərhəməti var etmədikcə, bu istəkdə şübhə və ümidsizlik yaşayır. Ömürlər ədalətə yadlaşdıqca, hər cür əyrilik, pozğunluq toplumun ölçüsünə çevrilir. İnsan özü isə toplumun bu halını yaşadan fərd olaraq ömrünü başa vurur. Həqiqət hardadır? Get-gedə pozulan, əxlaqını, mənəviyyatını itirən toplumdamı? Bir-birini amansızlıqla öldürən insanlar arasındamı? Ağalığın, hərisliyin fəlakətlər törətdiyi dünyadamı? Bəs niyə insan həqiqəti özündən qıraqda axtarır? – Ata inamı həqiqəti insan ömründə var etmək üçün yarandı.
İnsanların bir-birinə qarşı qəzəbi, nifrəti, kini onların cismani ölümünə qədərdir. Ölüm qarşısında bütün bunlar boş və mənasızmış kimi susur. Əslində, fiziki ölüm gerçəkləşənə qədər ruhunun öldüyünü görə, düşünə bilmir. İnsanın mənəvi ölümü də özündə ölümün cansızlığını və soyuqluğunu daşıyır. Bu soyuqluq insanlar arasında bitib-tükənməyən pisliklərin, şərin səbəbi olaraq üzə çıxır. Ölümün öldürə bilmədiyi yaxşılıq, xeyirxahlıq, ədalət insanların varlığında ən böyük ümid, təsəlli olaraq qalır. Bu ümid yaşam səbəbinə, nikbinlik qaynağına çevrilir. İnsanlar arasında hərcayilik, ədalətsizlik, yadlıq, yalan qaranlığı artdıqca, insani əməllərin işığına ehtiyac yaranır. Yurdumuzun böyüklüyü qədimliyindən başlayır. Qədimdən bu yana ən böyük dəyərlər bu xalqın içində yaranıb. Dəyərlərə yiyə çıxmamağın sonucudur ki, Azərbaycan bugün dəyərləri ilə deyil, yadlığa boyun əydiyi qədər tanınır. İnsani dəyərlər yaşadıldıqca xalq, millət var olur. Bu, gələcəyə uzanan ən uğurlu yola çevrilir. Dünyanın qaranlığı insanın mənəvi dünyasının işığı ilə aydınlanacaq. Asif Ata bu işığı yaradır və bəşəriyyətə sunur.
Atamız Var olsun!

Soylu Atalı:Bir daha təşəkkür edirəm, sayğılarımı bildirirəm gəldiyiniz üçün, düşüncələrinizi bizimlə bölüşdüyünüz üçün. Var olun. Biz burada, söz yox, Ocaq və başqaları ayrılığı yaratmırıq. Tərsinə, burada Ocaqla, yəni Ocağın içi ilə başqalarının doğmalığını görürük. Bu doğmalıq olduqca gərəklidir. Həm də insanlarımızın düşüncələri bizim üçün ayrıca bir önəm daşıyır. İnsanlarımız harada olursa olsun, hər yerdə nə düşündüyünü, necə düşündüyünü bilmək bizə hava-su kimi gərəkdir.
 Mən indi burada bəzi məqamlara həm aydınlıq gətirmək, həm də ümumi düşüncəmi bildirmək istəyirəm. Razıyam ki, şəxsiyyəti uydurmaq gərək deyil. Bəzən olur ki, insanlarımız sevgisindən şəxsiyyəti öyür. Burada da şəxsiyyətin bir fərd olaraq təriflənməsində onun kimliyi, yəni düşüncə kimliyi açılmır. Düşüncə kimliyi açılmayanda isə müxtəlif anlaşılmazlıqlar yaranır. Mən şəxsən özümün düşündüyüm məsələləri demək istəyirəm. Öncələr, Asif Atanın ölümünə qədər, məndə də kortəbii öygüçülük vardı. Çünkü düşüncələrim dərinə işləmirdi. Özüm də əzbərçi olmuşam.
Asif Atanı tanımağım 90-cı il yanvar olaylarından on gün sonraya düşür. Bizim institutun yataqxanasında görüşü vardı. Mən ilk dəfə görürdüm Asif Atanı. Afişada şəklini görüb ağız əymişdim, bu da hansısa müftəxorlardan biridir deyə. Şəkil mənə bunu dedi. Ya da mənim şüurumun çatışmazlığı mənə bunu dedi.
Zalda 150-dən çox tələbə var idi. Asif Ata səhnədə danışırdı, bəstə boylu bir adam idi. Mən dediklərinin çoxunu anlamadım. Halbuki Azərbaycandan danışırdı. Sadəcə olaraq, öyrəşdiyim şeylərdən fərqli idi. Ona görə də bir çox sözlər mənə yad gəlirdi. Tələbələr yan-yörəmdə suallar verməyə başladılar. Elə dərin suallar verirdilər ki, heyranlıqla onun-bunun üzünə baxırdım. Necə gözəl suallar verirdilər, mən isə sual verə bilmirdim.
Ancaq o dövrdə Asif Atanın oraya gəlişinə Dövlət Təhlükəsizlik Komitəsi yasaq qoymuşdu. 20 Yanvardan sonrakı ikinci həftə idi, ona görə. Həm də Asif Ata kimi heç kim insanı oyada bilmirdi. Bir sözlə, görüş baş tutdu. Mane ola bilmədilər. Sonra o qədər tələbənin içərisində Asif Atanı axtaran tək mən oldum. Evinin telefon nömrəsini vermişdi. Demişdi, görüşdən sonra da mənimlə bağlantı qura bilərsiniz.
Sonrakı günlər zəng edib getdim. Məni onun görüşünə aparan bir az da şöhrətsevərlik idi. Mənim atam, anam da o cür yanaşmışdı başlanğıcda, mənim oğlum böyük insanlarla oturub-durur deyə. Getdim Asif Atanın evinə. Öpüşdük, görüşdük. Dedi ki, eşidirəm səni. Mən də başladım, Borçalı belə, vətən elə. Məsələn, Borçalıdan, kəndlərimizin adının dəyişməsindən danışdım, onda bizim kəndin adı dəyişmişdi. O da dinlədi. Sonra gördü ki, mənim sözüm qurtarıb. Dedi, aydındır, oğul. İndi qulaq as. Ata gözünü yumub başladı… Mən bunu “İnam Sorağında” kitabımda yazmışam. Ata, elə bil ki, min adamın qarşısında danışırdı. Vəcdli heyrətamiz dərəcədə bir coşğu vardı. Yanaqlar qızarır, tər puçurları gəlirdi, əsib-coşurdu. Mən təəccüb qalmışdım ki, bu adam tək mənə danışırdı bunları. Kitabda yazmışam ki, mən oradan sakitcə durub getsəydim, yenə danışardı. O, mənim üçün Azərbaycanın mənəvi-ruhani bir xəritəsini cızdı. Ancaq bununla belə, yenə çaş-baş idim. Sözünü qurtaran kimi çıxdım. Nərdivanla enirdim, inanın, elə bir havada gedirdim. Mən hara düşmüşəm, bu kimdir, düzmü deyir, – kəsdirə bilmirdim. Eləcə getdim. Ancaq içimə nəsə düşmüşdü, qığılcım salmışdı. Gün keçdi, bir də zəng eləyib gəldim. Beş gün keçdi, bir də, bir də, bir də. Belə, belə Onun həqiqətlərini dinlədikcə, mənə çox şeylər aydınlaşmağa başladı.
Asif Atanın ölümündən sonra isə mən onu daha çox anlamağa başladım. Həm oxuyurdum, həm də ardıcıl səfərlərim olurdu, görüşlər keçirirdim. 50 rayonda görüşlər keçirmişəm, çox saylı kəndlərdə olmuşam. O kəndlərdə, o rayonlarda bizim işimiz heç də asan olmayıb. Baxın, yağış yağa-yağa parkda ağacların altında, çörək arası bir şeylər yeyib o biri görüşə gedirdik. Üzüm tüklü, qırxmağa yer yox, imkan yox. Mingəçevir televiziyasına üzü tüklü müsahibə verdim-filan. Nurtəkinlə Göylü yanımda idilər. Onları göndərirdim ki, gedin, siz də məktəbdə görüş keçirin. Bakıdan təkrar ədəbiyyatlar göndərirdilər, gedib avtobusdan götürürdük, yenə görüşlərimizi davam edirdik. İnanın, elə vaxt olub, heç qayıtmağa pulumuz olmayıb. Avtobus şoferinə demişəm ki, bəs üç nəfərik, pulumuz bu qədərdi, apararsanmı, – onun da yazığı gəlib hə deyirdi.
Nəyə görə mən bunları deyirəm?! – Asif Atanın işi, Kamran bəyin dediyi kimi, əməli işdir. Sözdə məhdudlaşan, sözlə sınırlanan iş deyil. Halbuki, söz böyük məsələdir. Mənə görə ən böyük xəyanət sözə xəyanətdir. Sözə xəyanət edirlər. Sözə xəyanət olandan sonra hər şeyə xəyanət başlayır. Ancaq söz əməli olanda, əməllə olanda artıq bitir, oturur.
İndi mən sizə başqa bir məqamı deyim. Baxın, tarixdə böyük şəxsiyyətlər olub. Biz onları bu gün sevgi ilə, sayğı ilə anırıq, öyrənirik. Məsələn, 2500 il bundan qabaq Hindistanda Budda olub. Budda dəyərli bir şəxsiyyət olub. Dəyərli ideyaları var. Biz onu oxuyuruq, bəhrələnirik. Olsun Sokrat, olsun Platon, olsun Konfutsi, olsun bir başqası, fərqi yoxdur. Yəni, hansı xalqın olmasından asılı olmayaraq. Hər hansı bir xalqın dəyəri təkcə özününkü olmur, həm də bəşərin olur. Çünkü insanlıq bir millətdə məhdudlaşmır. Yəni, o, ümumbəşəri bir məzmun daşıyır. Ona görə də onların hər biri həm də bizimdir.
Bəzən bizə deyirlər, məsələn, Asif Atada filan bir məsələ var, o tarixdə filankəsdə də var. Filan şey var, onda da var. Bilirsiniz, ola bilər ki, var. Ancaq bu “var” nədir?! Məsələn, deyək ki, bizim hər hansı birimiz deyirik: “palaza bürün, ellə sürün”. Ancaq bu, bizim heç birimizin sözü deyil. Ancaq bunu hər birimiz deyirik də. Eləcə də, deyək ki, Asif Atanın hansısa bir sözü qədimdə deyildiyi kimidir. Həqiqət həqiqətdir. Onu başqa cür deməli deyilsən ki. Bu, əslində, minilliklərin o tayı ilə bugünümüzü bağlayan bir körpüdür. Həqiqət körpüsüdür, gözəllik körpüsüdür. Ancaq məsələ burasındadır ki, Asif Ata bir Sistem, bir İnam, bir Dünyagörüşü yaradıb. Bu, heç bir qədimliyin təkrarı deyil. Onlarla bəlli anlamda doğmalaşan, ancaq özünəxaslıqlarla ortaya çıxan bir dəyər sistemidir. Mən demirəm ki, Asif Ata var olsun, qalanlar yox olsun. Elə bir çağırış ola bilməz. Mən deyirəm, bu gün biz Azərbaycan Türk toplumu olaraq, Budda ilə millət ola bilmirik. Mən Asif Ata ilə millət ola bilərəm. Bu xalq Asif Atada özünü qurmaq üçün dünyagörüşünü yaradıb, sistemini yaradıb, ruhaniyyatını yaradıb, mənəviyyat məktəbini yaradıb, mənəviyyat ölçüsünü yaradıb, adlarını çəkib-çəkmədiyimiz bütün qurallarını yaradıb ki, sən bunlarla millət ola bilərsən.
Götürək Məhəmmədi. Məhəmməd ərəblər üçün elədi, doğrudur. Dağınıq, yox olmuş bir toplum idi. Ancaq mən 1400 ildə Məhəmməd ilə millət ola bilmədim. Məni millət eləmir, eləyə bilmir. Nəyə görə eləyə bilmir? Çünkü ərəb psixologiyasından, şüurundan onun baxışı qırağa çıxmır, çıxa bilmədi. Mən araşdırıb öyrəndiyim üçün bunu deyirəm, bəşərləşə bilmədi. Qardaş, sənin millətin atasını-anasını aparıb torpağa onun dilində qoyur. Nəyi bəşəridir?! Onun ərəb mədəniyyəti, ərəb dili mənim yurduma, millətimə hakim olur. Bəs mənimki?!…Niyə mən anamı ərəbin dilində torpağa qoymalıyam?! Mənim beşiyimin başında o dildə layla çalınmayıb axı. Türk dilində layla çalınıb. Hanı bunun gözəlliyi?!
Ən başlıcası, Məhəmməd mənə dedi, sən qulsan. Sən dünyaları kəşf edən, göylərə ucalan qüdrət deyilsən, qulsan. Asif Ata deyir, sən qüdrətsən. Asif Ata demir, mən hər şeyəm, sən heç nəsən. Deyir, mən çiynimi sənin ayağın üçün hazırlamışam ki, sən öz mahiyyətinə yüksələsən, öz insani kimliyini dərk edəsən, qüdrətli olasan, onda sən millət yaradacaqsan, millət olacaqsan. Əgər bunu eləmirsənsə, sürüləşmə Asif Ataya gərək deyil. O, ömrünü sürü qalmağımıza görə qurban vermədi, buna görə ailəsini dağıtmadı.
Bugünümüzə baxaq. Bizim balalarımız nə durumdadır?! Kimə ötürürsən gələcəyini, vətənini, millətini, dövlətini?!… Asif Ata ona görə dedi: “Düşündük, daşındıq, Ocaqlaşma yolu tutduq”. O dedi, ölkəmizdə başlıca problemlərdən biri dindir. Tarixi bir balaca səhifələyin. Görün bizim millətin başına nə oyunlar açıblar, nə fəlakətlər gətiriblər bizə din gətirənlər. Bizim millətin başına gətirdikləri fəlakətləri biləndən sonra biz dinə qiymət verə bilirik. Zarafat deyil. Bu bir namus məsələsidir. Dünən, sırağa gün Xocalıda ermənilər qadınlarımıza, qızlarımıza təcavüz edirdi. Bunu düşünəndə hamımızın başımıza hava gəlir. Özünü uçurumlardan atanlar körpəsi ilə bir yerdə. Bunu biz fəlakətlə qarşılayırıq. Ancaq 7-ci, 9-cu yüzildə hər birimizin namusuna təcavüz ediblər. Unutmuşuq bunu. Bunu ərəblər edirdi, tarixdir bu. Mənə bu cür gətirdi dinini. Mənə bəşəri dəyər kimi gəlmədi. Yalvarmadı Məhəmməd, onun davamçıları. Qılıncı çəkdi, dedi, sənin ya başını kəsərəm, ya namusunu qoy mənim qarşıma. Elə gələcəm…
Məhəmməd öz çağında, 22 ildə, 610-cu ildən 632-ci ilə qədər, 79 müharibə aparıb. Onun davamında aparılan müharibələrin ən qanlısı Kuteybənin başçılığı altında Orta Asiyada aparılan müharibə idi. Gurcan olayları-filan. Mən burada sizə tarixi faktları danışmaq istəmirəm. Buna vaxtımız yoxdu. Mən demək istəyirəm ki, bunlar mənim ölkəmə fəlakət gətirdilər. Adım dəyişdi, soyadım dəyişdi, şüurum dəyişdi, dilim dəyişdi, poeziyam dəyişdi, hər şeyim dəyişdi. Asif Ata deyir, bu, mənim yurdumdan getməlidir. Necə getməlidir? – Asif Ata siyasi xadim deyil, siyasi yolla bu iş alınan deyil. Atatürk o boyda Türkiyə qurdu. Onun durumuna baxın bu gün. Atatürk dövlət qurdu, Xalq qura bilmədi. Çünkü Atatürk siyasi xadim idi. Mən hər şeyi Atatürkdən ala bilmərəm. Asif Ata ona görə deyir, “Düşündük, daşındıq,Ocaqlaşma yolu tutduq”.
Bu gün Tanrıçılıqdan yapışır insanlarımız. Tanrıçılıq Allahçılıqdan üstündür. Ancaq azdır, yetərsizdir, öyrənmişəm mən bunu. Tanrıçılıq 7-ci yüzildə qaldı. Xalqın həyatında çağdaşlaşa-çağdaşlaşa inkişaf eləyib çağımıza gəlib çıxmadı. Yenidən biz onu xalqın həyatına tətbiq eləmək üçün yeni ideyalar, prinsiplər hazırlamalıyıq. Mən bunu dəfələrlə vurğu eləmişəm, əgər Tanrıçılıq yetərli olsaydı, Asif Ata Mütləqə İnam adlı yeni dünyabaxışı yaratmayacaqdı, elə Tanrıçılığa çağıracaqdı xalqı. Azdır, mümkün deyil. Tarixdə qalanı, öləni diriltmək olmur. Ondan bəhrələnmək olur. Onun gözəlliklərini yeni dünyabaxışın, yeni dəyərin mayasına, cövhərinə qatmaq olur. Ancaq ayrıca özünü dirildib ayaqda tutmaq olmur. İndi deyirlər, bugün texnologiya belə getdi, elə gəldi, peyğəmbərlik dönəmi deyil. Tam tərsinə, əsil peyğəmbərlik dönəmidir. Peyğəmbər o deyil, göyə qalxsın, getsin Allahla söhbət eləsin. Peyğəmbər o deyil ki, əllaməçiliklər açsın, nə bilim, desin ki, Allah ismi-əzəm oxudu, dünya yarandı. Peyğəmbərlik yeni ruhaniyyat sistemi yaratmaqdır, fəlsəfi mənada. Yeni İnam yaratmaqdır. Yəni yalansız bir şey ortaya gətirməkdir. Xalqa yön verməkdir, millətə öz kimliyini dərk etdirməkdir, öyrətməkdir, yalvara-yalvara. Bugün biz, gerçəkdən yalvarırıq millətə, Özün ol deyə.
Bilirsiniz, Sovet dönəmində, Stalinlə bağlı şəxsiyyətə pərəstiş deyə bir ideya vardı. İndi bizimkilər də Şəxsiyyətlərimizə münasibətimizi bu ad altına salıb qınamalı deyillər. Şəxsiyyətə pərəstiş məsələsini ən çox qamçılayan, mahiyyətini açan Asif Ataydı.
Mən Azərbaycan insanlarımızı qınamıram, bizim Asif Ataya münasibətimiz uşaqsayağı görünə bilər. Ancaq fərqi bilmək gərəkdi. Stalin canavar idi, hökmdar idi, ona yaltaqlıq var idi. Asif Atanın nəyinə yaltaqlanım mən, heç nəyi yox idi. İndi də yoxdur. Bizim əlimizdə olanlar, canımızda olanlar, yanımızda olanlardan başqa heç nəyi yoxdur. Baxın, o münasibət nədən yarandı?! – Biz doğrudan da, çağırış edirik ki, bizim xalq olaraq mənəviyyatımızın atası Məhəmməd deyil, İsa deyil, Budda deyil, o deyil, bu deyil, Asif Atadır. Bizim ayrı-ayrı dönəmlərdə mənəviyyatımıza atalıq edən Babək olub, Nəsimi olub, Nəimi olub, bizə yön verib, halbuki heç birini yaşatmadıq. Ona görə də xalq kimi formalaşmadıq. Bugün gənclərimiz nə qədər proqramlar öyrənirlər, ingilis dili-filan, olsun, texnologiyaya qarşı deyilik. Ancaq bu insanların yönü, yöntəmi, canı, ruhu texnologiyadır. Çağırırsan, eşitmir, deyir nəyimə gərək vaxt itirim, onun əvəzinə bir dənə proqram öyrənərəm. Proqramı sən nə üçün öyrənirsən, proqramla xalqmı yaradırsan?! – Proqramı öyrənirsən ki, daha çox pul qazanasan, daha çox kapitalistləşəsən, yarış meydanlarına girəsən. Hər kəs sadəcə özünü düşünür. Bu milli yoxluğa yuvarlanmadır. Böyük məsələlərdə bir araya gəlməyimiz, çəkici bir yerə vurmağımız gərəkdir. Oyun oynamaq olmaz. Böyük milli məsələlər nədir? Dünənimizdə dəyərlərimiz, şəxsiyyətlərimiz var, bunları tanımaq, bilmək, qədrini bilmək yeniliyin mayasına qatmaq gərəkdir. Bu günümüz sıfrın üzərindədir. Bu gündən açılmaq, çıxmaq, qurtulmaq, sabahını düşüncəylə, mənəviyyatla, xalqın sənə verdiyi, xalqından gələn üstün keyfiyyətlərlə yaratmaq gərəkdir. Hürufilərimiz deyirdilər, həqq mənəm, həqq məndədir. Allah mənəm deyir. Tanrı anlamı deyək adına. Dünyanın özündə dünyadan böyük bir qüdrət. Onun İnsanlıq adlı bir məzmunu var. O insandadır. İnsanlıq səndədir, sən həmin mənanı, Mütləqi daşıyırsan özündə. Asif Atabu açıdan insana qiymət verir. Deyir, “İnsan daxilində Mütləq gəzdirən, şəraitdən, zamandan, mühitdən üstün olan, Mütləqliyə meyil edən və Mütləqləşməyə qadir olan ruhani varlıqdır”. Heç bir tarixdə belə bir qiyməti insana heç kim verilməyib. İnsanı əyri ağac elan ediblər, ictimai heyvan adlandırıblar, insanın düzəlməsini axirətə qalmış sayıblar. Yəni, insana yüksək mahiyyəti üzrə qiymət verilmir. Asif Ata bizi mahiyyətimizə uyğun yaşamağa çağırır.

Kamran bəy: O imkansızdır. Fiziki cəhətdən imkansızdır. Çünkü fiziki baxımdan hər insanın beşindən biri ruh adamı olur.

Soylu Atalı: Asif Atanın çağırışında belə bir şey yoxdur ki, məmə deyəndən pəpə yeyənə hamı kamil şəxsiyyət olacaq. Belə bir şey mümkün deyil. Baxın, burada 20-25 adam oturmuşuq. Biz nədən bilirik kimin imkanı hara qədərdir, bilə də bilmərik. Kimin beynində, tibbi dillə deməli olsaq, neyronlar sistemində nə qədər imkanlar aşkarlanır, nə qədər qapalıdır, bilmirik. İnsanlar nə vaxt yetkinləşir, nə vaxt kamilləşir, – o beyndəki passiv sistemlərin hansısa bir hissəsi işə düşəndə. İnsanın beynində 32 milyard neyron var, bunlardan cəmi 5 milyardı aktivdir, 27 milyardı passivdir. Passiv sistemlərin hansısa bir hissəsi aktivləşirsə, el arasında deyirlər, filankəsə vergi verilib. Yəni insan özüylə uğraşarsa ruhani imkanları aşkarlana bilər.
Bir misal deyim, mən bunu öncə də yazmışam. Bu gün biz Kapitalizm quruluşunda yaşayırıq. 7 milyard bəşər övladının içərisində, qoy 1 milyonu kapitalist olsun. 1 milyon 7 milyardın az bir faizidir. Ancaq bütün bəşəriyyət kapitalizm quruluşunda yaşayır. Bax, o imkanı olan insanlar ki, imkanlarını aşkarlayacaqlar, onlar mənəviyyat ölçüsü yaradacaqlar, mənəviyyat məktəbi yaradacaqlar, birgəyaşayış nizamı üçün ölçü verəcəklər. Biz kapitalizm quruluşunda yox, insani quruluşda yaşaya biləcəyik. Ədalət olacaq, heç olmasa indikindən qat-qat yüksək, mərifət, mərhəmət olacaq, indikindən qat-qat yüksək. Ölçü olacaq.
Hər kəs qınayır ki, gənclər, uşaqlar tərbiyə görmürlər. Ailə öz övladına tərbiyə vermir. Ailə nə etsin, televizor, telefon verir tərbiyəni. Çünkü üstünlüyü bunlar təşkil edirlər. Mənəviyyat ölçüsü yoxdur. Mənəviyyat məktəbi yoxdur, düşüncə yoxdur. Olarsa, onda övlad-valideyn arasında bəlli bir ruhani bağ yarana bilər. Demirəm ki, birdən-birə bu kütləvi xarakter alacaq, ancaq aşama-aşama dəyişikliklər gedər, toplum xalqa bənziəər. Bütün çabalar ona görədir. Əgər biz desək ki, bunlar mümkün deyil, onda mübarizələr nə üçündür?! Onda gərək bütün ədalətsizliklərlə barışaq. Barışmırıq, çünkü ölçünün dəyişməsinə inanırıq. Bu ölçünü kim yaradır, – özüylə uğraşan İnsan.
Mən burada, bu tədbirdə sizi çox yormaq istəmirəm. İstərdim gələsiniz Ocaq toplantılarına, daha dərin məsələlərə daim aydınlıq gətirək bir yerdə.
Bir daha xoş gəldiniz, var olun!

Törəndən sonra çay süfrəsində söhbətlər davam etdi. Qatılanlara ayrı-ayrı kitablar, başqa hədiyyələr sunuldu.

Səsdən yazıya çevirdi: Nurtəkin Atalı.
Köçəri Ayı, 47-ci il. Atakənd.
(fevral, 2026. Bakı).

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir