Xeyir – hadisə deyil, mahiyyətdir, sonlu deyil, sonsuzdur, ölümlü deyil, ölümsüzdür.
Xeyir – ruhun özüdür.
Buna görə də o, gerçəklikdən artıqdır, böyükdür, alidir.
Xeyirin məqsədi – nisbini mütləqləşdirmək, sonlunu sonsuzlaşdırmaq, qeyri-kamili kamilləşdirmək, ölümlünü ölümsüzləşdirməkdir.
Xeyir əslində yeni gerçəklik yaradır.
Xeyir – Mütləq mənanın Mütləq şəkildə təsdiqidir.
Gözəllik – xeyir səviyyəsinə qalxmır, xeyir gerçəklik səviyyəsinə enmir, ancaq gerçəkliyi bir vəziyyətdə qalmağa qoymur, onu özündən kənara çıxarır.
Xeyir – gerçəklikdən üstün olan xalis ruhanilikdir.
Xeyir – gerçəklikdə aşkara çıxan xeyirlidən hədsiz dərəcədə artıqdır. O, özünü həyatın əbədi gedişatında tam büruzə verir.
Xeyir – Mütləq ədalət tələbidir, gerçəklikdə isə olsa-olsa nisbi ədalət mövcud olur.
Xeyir – Mütləq İnsansevərlik tələbidir. Gerçəklikdə isə olsa-olsa nisbi insansevərlik mövcud olur.
Xeyir – Mütləq Mənəvi kamillik tələbidir. Gerçəklikdə isə olsa-olsa nisbi mənəvi kamillik mövcud olur.
Xeyir – Mütləq məhəbbət tələbidir. Gerçəklikdə isə olsa-olsa nisbi məhəbbət mövcud olur.
Xeyir – Mütləq həqiqət tələbidir. Gerçəklikdə isə olsa-olsa nisbi həqiqət təsdiq olunur.
Xeyir – Mütləq ruhanilik tələbidir. Gerçəklikdə isə olsa-olsa nisbi ruhanilik tələb olunur.
Bu səbəbdən də Xeyir – gerçəklikdə özünü tapmır, tam özü ola bilmir, ancaq gerçəkliyi də əvvəlki vəziyyətində qalmağa qoymur, onu özündən yüksəyə qaldırır.
Xeyir – Mütləq ruhanilikdirsə, Şər – Mütləq naqislikdir.
Ancaq Şər gerçəkliyə sığır, çünki Şəri yaradan gerçəklik özüdür, daha doğrusu gerçəkliyə xas olan naqislik, nöqsan, nisbilik, sonluluq, ölümlülük, cismanilik.
Şər nisbidə, sonluda, ölümlüdə olan naqisliyin Mütləq səviyyəsidir.
Gerçəklik Şərin düşməni deyil, Şərin düşməni Xeyirdir.
Xeyir gerçəklikdən üstün olduğundan Şərlə barışmır.
Xeyir – Mütləqin nisbi şəkildə, sonsuzun sonlu şəkildə, kamilin qeyri-kamil şəkildə təzahürünə ziddir.
O, Mütləqin Mütləq şəkildə, sonsuzun sonsuz şəkildə, əbədinin əbədi şəkildə təzahürünü istəyir.
Gerçəklik Mütləqin tələbinə cavab vermir.
Bu cəhətdən Xeyir haradasa gerçəkliyin ziddinə olan bir qüvvədir. Xeyir gerçəkliyin özünə bənzəməməsini, özündən yerdən-göyə qədər fərqli olmasını diləyir.
Şərlə döyüş əslində gerçəkliyin kökündən dəyişilməsi uğrunda döyüşdür.
Şər – ədalətə, məhəbbətə, həqiqətə düşməndir, ancaq gerçəkliyə düşmən deyil.
Gerçəklik Şəri rədd etmir, bəzən hətta ona arxalanır, o, Şəri özünə yabançı saymır. Çünki özü yırtıcılıqdan, məkrdən, fitnədən, xudbinlikdən, kin-küdurətdən, haqsızlıqdan, yalandan xali deyil.
Şəri yaşadan elə gerçəkliyin özüdür.
Gerçəklik ən çox Xeyirə qarşı vuruşur, Xeyiri təqib edir, Xeyirə lənətlər yağdırır. Bu səbəbdən də Xeyirin doğma gerçəkliyi, demək olar ki, olmur. Bu səbəbdən də Xeyir gerçəkliyə qarşı vuruşmalı olur. Bu səbəbdən də Xeyirin vuruşması qurban tələb edir və həmin qurban böyük olur. Bu səbəbdən də Xeyir məğlub olan, öldürülən, yandırılan, yer üzündən silinən kimi görünür, ancaq heç vaxt məğlub olmur, yer üzündən silinmir.
Bu səbəbdən də Şər təqib olunmur, yandırılmır, gerçəkliyə sığınır, ancaq xeyirlə döyüşdə həmişə geri çəkilir, ölmür, itmir, lakin gerçəkliyə tam hakim ola bilmir.
Gerçəkliyin taleyi gerçəkliyin öz əlində yox, Xeyirin əlində olur.
Gerçəklikdə Xeyir mənfəət səviyyəsinə enir, həmin səviyyədə ruhani ülviyyəti itir.
Mənfəətdə şəxsiyyət özünü başqasına qarşı qoyur, özüylə başqası arasında təzad yaradır.
Həmin təzad həyatda insaniliyin təsdiqinə mane olur. Bu cəhətdən də mənfəət son nəticədə Şərə xidmət edir.
Xeyirlə mənfəət arasındakı fərq – ruhaniliklə cismaniliyin arasındakı fərqə bərabərdir.
Mənfəət insaniliyi təsdiq etmir, ayrı-ayrı fərdlərin, silklərin, siniflərin yadlığını, düşmənçiliyini təsdiq edir.
Mənfəətdə – insanın qeyri-Mütləq, qeyri-kamil, keçici cəhətləri təzahür edir.
Mənfəət rəqabət yaradır, rəqabətdə insanilik itir.
Mənfəət insanı maddiyyata, zəmanəyə, mühitə bağlayır və onu ruhani mahiyyətdən ayırır. Mənfəət xeyir sayılırsa da, Xeyirdən uzaqdır.
Mənfəətdə xeyirxahlıq yoxdur.
Mənfəət gerçəkliyin törətdiyi son dərəcə nisbi, qeyri-kamil, qeyri-ruhani hadisədir.
O, gerçəkliyə sığır, gerçəkliklə barışır, gerçəkliyi ifadə edir.
Xeyir həyatda özünü ən çox təmənnasızlıq və fədakarlıq şəklində büruzə verir.
Təmənnasızlıq – Xeyirin mütləq mənasının təsdiqidir.
Təmənnasızlıq – Xeyirin özünə xidmət edir, çünki dünyada Xeyirdən yüksək, böyük, ali heç nə tanımır.
Onun üçün Xeyir hər şeydir: səadətdir, nəşədir, ülvi nemətdir.
Təmənnasızlıq – Xeyiri ömrün mənasına çevirir. Onun üçün Xeyir yolunda çəkilən əzab sevincdir, Xeyir uğrunda ölmək – şərəfdir.
Xeyirin özündən böyük mükafatı yoxdur.
Xeyirin hökmü gerçəkliyin hökmündən artıqdır.
Bu səbəbdən də gerçəklik təmənnasızlığa yaddır, onunla döyüşür, onu təqib edir. Bu səbəbdən də gerçəklikdə təmənnasızlıq qeyri-adi, nadir hal kimi təzahür edir. Gerçəklik – həyata, insana, dünyaya təmənnalı münasibət yaradır. Buna görə də təmənnasızlıq gerçəkliyin məntiqini rədd edir, öz məntiqini təsdiq edir və gerçəkliyi özündən yüksəyə qalxmağa vadar edir.
Fədakarlıq da gerçəklikdən üstündür.
Gerçəklik insanı dünyadan faydalanmağa, özünü mühafizə etməyə, qorumağa çağırır.
Fədakarlıq isə – həyatın verdiyi nemətlərdən, hətta ömürdən belə imtina etməyi tələb edir.
Gerçəklik insanı nəşəyə bağlayır.
Fədakarlıq həyatda əzaba, cəfaya qatlaşmağı tələb edir.
Gerçəklik fərdi mənfəətə pərçimləyir, fədakarlıq onu mənfəətdən ayırır. Bir sözlə, fədakarlıq – gerçəkliyin verdiyi imkanları ötüb keçmək, gerçəklikdən yüksək yaşamaqdır. Həm fədakarlıq, həm də təmənnasızlıq insanın gerçəklikdən Xeyirə ucalmasıdır.
