Mütləqə İnam Ocağının Ruhani Başçısı - Atası Asif Ata
Xəbərlər

Asif Ata. Özündən Yüksək Yaşamaq

Sən, insan, özün olmaq üşün, özünə çatmaq üçün özündən yüksəyə qalxmalısan!
Çünki necə varsansa – azsan, mahiyyətdən aşağısan, məhdudsan, özündən uzaqsan.
Çünki sənin gerçək mövcudluğun sənin Mütləq mövcud­luğundan hədsiz dərəcədə aşağıdır. Çünki sən öz gerçək mövcudluğunda nöqsanlısan, sonlusan. Bu səbəbdən də özünlə kifayətlənə, özündə dayana, qala bilməzsən. Sənin daxili dünyanda yırtıcılıq, vəhşilik yaşayır. Bu ehtirasla sən özünə çata bilməzsən. Həmin antiruhani ehtirası qəlbindən silməsən – özün olmazsan!
Özün olmaq üçün – özündən böyük olmalısan!
Özündəki yırtıcılığı öldürməlisən.
Sənin daxilində şəhva­nilik murdarlığı var! Onu qəlbindən silməsən – özünə çatmaz­san.
Sənin mənəviyyatında həsəd yaşayır. Onu qəlbindən silməsən – özünə çatmazsan!
Sənin həyatında hərcayilik, şöhrətsevərlik qadası var. Onu daxilindən qovmasan – özünə çata bilməzsən!
Sənin ömründə gerçəkliyə pərçimlənmə zəifliyi var. Həmin zəifliyi dəf etmədən özünə çatmazsan!
Qorxuya baş əyənsən, ona görə də özündən uzaqsan.
Qorxu tabeliyindən azad olmadan özünə çata bilməzsən!
Daxilində xudbinlik çirkinliyi gəzdirirsən.
Xudbinliyi öldürməsən, özünə çata bilməzsən!
Fatehlik, hakimlik cəzbinə uyansan, məst olansan!
Bu cəzbdən ayrılmasan, özünə çatmazsan!
Səndə cəlladlıq, qəddarlıq ehtirası böyükdür. Onu məhv etməsən, özünə çata bilməzsən!
Sən zora əyilənsən, zordan sarsılansan! Bu qəbahəti daxilin­dən silmədən – özünə çata bilməzsən!
Keçiciyə, ölümlüyə, nöqsanlıya aludəsən sonsuza, əbədiyə, kamilə biganəsən.
Əzəli naşılığından ayrılmasan – özünə çata bilməzsən!
Maddiyyatı ruhanilikdən üstün tutmusan, özünü unutmusan, özünə yad olmusan!
Özünə çatmaq üçün maddiyyat xurafatından ayrılmalısan!
Məhəbbətli olmusan – məhəbbətə çatmamısan.
Ədalətli olmusan – ədalətə çatmamısan.
Ülviyyətli olmusan – ülviyyətə çatmamısan.
Həqiqətli olmusan – həqiqətə çatmamısan.
İdeallı olmusan – ideala çatmamısan.
Böyük olmusan – böyüklüyə çatmamısan.
Özündən aşağı yaşamısan!
Müqəddəsliyi bəsitlik çirkabına bulamısan, tam müqəddəs olmamısan. Özünə çatmamısan.
Eybəcərliyin Gözəllik biçiminə, Şərin Xeyir biçiminə uymusan. Mütləq Müdrikliyə yüksəlmədən, özünə çata bilməz­sən! Mütləq dözüm, Mütləq mətanət, Mütləq İnam səviyyəsinə qalxmamısan. Bunsuz sən özünə çatmazsan! Bir sözlə, indiyə qədər sən nisbi yaşamısan, deməli, yaşamamısan. İnsan kimi yaşamaq üçün özünü inkar etməlisən, rədd etməlisən və yenidən yaratmalısan! Özünü təsdiq etmək üçün özündən imtina etməlisən!

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir