Sən, insan, özün olmaq üçün, özünə çatmaq üçün özündən yüksəyə qalxmalısan. Çünki necə varsansa, azsan, mahiyyətdən aşağısan, məhdudsan və özündən uzaqsan. Sənin gerçək mövcudluğun Mütləq mövcudluğundan hədsiz dərəcədə aşağıdır. Gerçək mövcudluğunda nöqsanlı və sonlusan. Buna görə də özünlə kifayətlənə, özündə dayana bilməzsən.
Sənin daxili dünyanda yırtıcılıq və vəhşilik yaşayır. Bu ehtirasla özünə çata bilməzsən. Həmin antiruhani ehtirası qəlbindən silməsən, özün olmazsan. Özün olmaq üçün özündən böyük olmalı, özündəki yırtıcılığı öldürməlisən.
Sənin daxilində şəhvanilik murdarlığı var. Onu qəlbindən silməsən, özünə çatmazsan. Mənəviyyatında həsəd yaşayır; onu da qəlbindən silməsən, özünə çata bilməzsən. Həyatında hərcayilik və şöhrətsevərlik qadası var. Onu daxilindən qovmasan, özünə çata bilməzsən. Ömründə gerçəkliyə pərçimlənmə zəifliyi var və bu zəifliyi dəf etmədən özünə çatmaq mümkün deyil.
Qorxuya baş əyirsən, buna görə də özündən uzaqsan. Qorxu tabeliyindən azad olmadan özünə çata bilməzsən. Daxilində xudbinlik çirkinliyi gəzdirirsən; xudbinliyi öldürməsən, özünə çata bilməzsən. Fatehlik və hakimlik cəzbinə uyursan, bu cəzbdən ayrılmasan, yenə özünə çatmazsan.
Səndə cəlladlıq və qəddarlıq ehtirası böyükdür. Onu məhv etməsən, özünə çata bilməzsən. Zora əyilirsən, zordan sarsılırsan; bu qəbahəti daxilindən silmədən özünə çatmaq mümkün deyil.
Keçiciyə, ölümlüyə və nöqsanlıya aludəsən, sonsuza, əbədiyə və kamilə isə biganəsən. Əzəli naşılığından ayrılmasan, özünə çata bilməzsən. Maddiyyatı ruhanilikdən üstün tutmuş, özünü unutmuş və özünə yad olmusan. Özünə çatmaq üçün maddiyyat xurafatından ayrılmalısan.
Məhəbbətli olmusan, amma məhəbbətə çatmamısan. Ədalətli olmusan, lakin ədalətə çatmamısan. Ülviyyətli olmusan, amma ülviyyətə çatmamısan. Həqiqətli olmusan, lakin həqiqətə çatmamısan. İdeallı olmusan, amma ideala çatmamısan. Böyük olmusan, lakin böyüklüyə çatmamısan.
Özündən aşağı yaşamısan. Müqəddəsliyi bəsitlik çirkabına bulamısan və tam müqəddəs olmamısan. Eybəcərliyin gözəllik biçiminə, şərin xeyir biçiminə uymusan. Mütləq müdrikliyə yüksəlmədən özünə çata bilməzsən. Mütləq dözüm, mütləq mətanət və mütləq inam səviyyəsinə qalxmamısan; bunsuz özünə çatmaq mümkün deyil.
Bir sözlə, indiyə qədər nisbi yaşamısan, deməli, həqiqi mənada yaşamamısan. İnsan kimi yaşamaq üçün özünü inkar etməli, rədd etməli və yenidən yaratmalısan. Özünü təsdiq etmək üçün özündən imtina etməlisən.





