Gerçəklikdə nisbi hadisələr mövcuddur.
Müqəddəslik onların Mütləq mənasını təsdiq edir.
Gerçəklikdə qeyri-kamil hadisələr mövcuddur.
Müqəddəslik onların kamil mənasını təsdiq edir.
Gerçəklikdə cismani hadisələr mövcuddur.
Müqəddəslik onların ruhani mənasını təsdiq edir.Gerçəklikdə keçici hadisələr mövcuddur.
Müqəddəslik onların əbədi mənasını təsdiq edir.
Gerçəklikdə ölümlü hadisələr mövcuddur.
Müqəddəslik onların əbədi mənasını təsdiq edir.
Torpaq – maddi, nisbi varlıqdır.
Müqəddəslik onun ruhani, Mütləq mənasını ifadə edir.
İşıq – maddi, nisbi, sonlu varlıqdır.
Müqəddəslik onun ruhani, Mütləq mənasını ifadə edir.
Od – maddi, nisbi, keçici varlıqdır.
Müqəddəslik onun ruhani, Mütləq mənasını ifadə edir.
Günəş – maddi varlıqdır.
Müqəddəslik onun ruhani, Mütləq mənasını ifadə edir.
İnsan – gerçəklikdə nisbi, keçici, ölümlü, qeyri-kamil biçimdə təzahür edir.
Müqəddəslik onun Mütləq, ruhani, sonsuz, əbədi mənasını təsdiq edir.
Körpə – cismani, nisbi, sonlu, ölümlü varlıqdır.
Müqəddəslik onun Mütləq, ruhani, sonsuz, əbədi mənasını təsdiq edir.
Ana – cismani, nisbi, sonlu, ölümlü varlıqdır.
Müqəddəslik onun ruhani, Mütləq, sonsuz, əbədi mənasını ifadə edir.
Ata – cismani, nisbi, ölümlü varlıqdır.
Müqəddəslik onun ruhani, Mütləq, sonsuz, əbədi mənasını ifadə edir.
Əmək – sonlu, nisbi hadisədir, Amal səviyyəsində o, sonsuz, Mütləq mənanı ifadə edir.
Dostluq – müqəddəsdir, çünki gerçəkliyə, sonluya, ölümə, qeyri-kamilə, nisbiyə sığmayan ülvi mənadır.
Qeyrət – müqəddəsdir, çünki gerçəkliyə sığmayan ülvi mənadır.
Müqəddəslik – gerçəklikdə gerçəkliyin görmədiyini görmək, duymadığını duymaq, anlamadığını anlamaqdır.
Gerçəklik insana baxır, müqəddəslik onu tanıyır.
Gerçəklik insanda insandan artıq heç nə görmür.
Müqəddəslik insanda insandan böyük, ali, yüksək, Mütləq məna görür.
Gerçəklik təbiətdə təbiətdən artıq heç nə görmür.
Müqəddəslik təbiətdə Mütləqin təzahürünü görür.
Gerçəklik mənəvi kamilliyə meyili görür, ancaq onun Mütləq ülviyyətini görmür. Müqəddəslik kamillikdə Mütləqin təzahürünü görür.
Gerçəklik dünyaya baxır, müqəddəslik dünyada Mütləqi tapır. Müqəddəslik dünyaya böyük qiymət verir, bununla da dünyanı özündən yüksəyə qaldırır.
Müqəddəsləşən dünya təzədən tapılan dünya olur.
Dünyaya müqəddəs münasibət müqəddəs şəxsiyyət yaradır.
Müqəddəs şəxsiyyət gerçəkliyə Mütləqin gözüylə baxır.
Onun üçün adi təbiət, adi varlıq yoxdur, onların qeyri-adi, müqəddəs mənası var.
Müqəddəsin daxili aləmi, mənəviyyatı, idrakı həmin mütləq mənaya uyğundur.
Müqəddəsin daxili aləmi müqəddəsdir, bu səbəbdən də o, Müqəddəsliyi dərk edir.
Müqəddəsliyi dərk etmək – müqəddəs mövcudluq tələb edir.
Müqəddəs mövcudluq – mənəviyyatın ülvi mənaya bərabər olmasıdır.
Müqəddəsliyi müqəddəslər dərk edirlər.
Özünü müqəddəsləşdirən – dünyanı müqəddəsləşdirir.
İnsanın mahiyyəti Mütləq, gerçəkliyi nisbidir.
Deməli, mahiyyət səviyyəsində yaşamaq lazımdır.
Müqəddəslər – mahiyyət səviyyəsində yaşayırlar.
Ən yüksək müqəddəslik – Mütləqin özüdür.
Həmin müqəddəslik hadisələrdə təzahür edən müqəddəslikdən əsaslı surətdə fərqlənir.
Müqəddəs hadisələr Mütləqlə nisbətdə müqəddəs sayılır, Mütləqə bənzədilir, Mütləq isə özünə nisbətdə müqəddəsdir, yalnız özünə bənzəyəndir.
Hadisələrin müqəddəslik meyarı Mütləqdir, Mütləqin meyarı isə özüdür.
Hadisələr öz işığını Mütləqdən alırlar, Mütləq isə öz işığıyla işıqlanır.
Hadisələrin hər biri Mütləqin bir keyfiyyətini aşkara çıxarır, yalnız Mütləq – müqəddəsliyin bütöv təsdiqidir. Hadisələr özlərini Mütləqdə tapırlarsa, Mütləq özünü özündə tapır.
Hadisələr Müqəddəslikdə özlərindən böyük mənaya yüksəlirlərsə, Mütləqin mənası özünə bərabər olur. Hadisələrin mövcudluğu mahiyyətindən aşağıdırsa, Mütləqin mahiyyəti mövcudluğuna bərabərdir.
Mütləq – hadisələrdə təzahür edir, ancaq hadisələrdən artıqdır. Mütləq – müqəddəsliyin özüdür, hadisələr müqəddəsliyin təzahürüdür. Bəşər hadisələrin müqəddəs mahiyyətini təsdiq etməklə Mütləqə yaxınlaşır.
Ancaq bəşər mövcudluğunda nisbi, naqis, keçici cəhətlər Mütləq, ruhani, sonsuz keyfiyyətlərlə daim döyüşür. Gerçəklikdə Müqəddəslik bəsitləşir, bayağılaşır, eybəcərləşir, öz əksinə çevrilir.
Bəşər çox hallarda ali məqsədləri maddi mənfəətə qurban vermiş, ruhaniliyin ülvi ləyaqətini tapdamışdır.
Mütləq – nisbiləşmiş, ruhanilik – maddiləşmiş, insan – heyvaniləşmişdir.
Xidmət əvəzinə zillət, böyüklük əvəzinə qəddarlıq, fədakarlıq əvəzinə şöhrətpərəstlik təsdiq olunmuş, Amal müqəddəsliyi yalan çirkabında boğulmuşdur, müqəddəs niyyətlər əksər hallarda bəsit nəticələr yaratmışlar. Bəşər həm də yalançı müqəddəsliklərə tapınmışdır. Müqəddəsləşən hakimlik, qılınc, var-dövlət səlahiyyəti, maddiyyata səcdə, gurultu, parıltı zəhmi, yırtıcılıq, hərcayilik ehtirası, zora pərəstiş, cənnət vədləri, oyun cəzbi, imperiyalar əzəməti – yalançı müqəddəsliklərin çeşidləri sonsuzdur.
Əsil müqəddəslərini, fədakarlarını bəşər çox vaxt anlamayıb, onları iztirablara, işgəncələrə düçar edib.
Çünki bəşər özü heç vaxt müqəddəslik yüksəkliklərinə qalxmayıb. Tarixdə ruhani şəxslər olub, lakin ruhani bəşər olmayıb. Ruhanilik – ruhani bəşərdə təzahür edəndə özünü gerçəklikdə tam təsdiq edəcək.



