İnsan cismən ən məhdud, kiçik məkana sığır. Ancaq fikrən, ruhən ən geniş, ən böyük məkana sığmır.
Buna görə də o, məkandan yalnız cismani mənada asılı olur. İnsan ömrü boyu bir evdə, bir şəhərdə, bir yerdə yaşaya bilər. Ancaq düşüncəsiylə, arzusuyla, duyğularıyla həmin evə, həmin şəhərə, həmin yerə sığmaz. Buna görə də o, həmin evdən, şəhərdən, yerdən yalnız cismani mənada asılı olur. İnsan yaxında mövcud olur, ən çox yaxınlıqda ünsiyyət yaradır, ancaq yaxınlığa sığmır, ruhani ucalığa can atır. Buna görə də o, yaxınlıqdan yalnız nisbi mənada asılı olur. İnsan məhdudda, kiçikdə geniş və böyük mahiyyət kəşf edir, evində, torpağında, şəhərində, qeyri-adi, müqəddəs, sonsuz, əbədi məna tapır. Bu səbəbdən də o, gördüyündən yalnız nisbi mənada asılı olur, görünəndən daha çox görür. İnsan müəyyən bir ölkədə yaşayır, ancaq həmin ölkədə dünyanın rəmzi mənasını tapır, buna görə də o, ölkənin vətəndaşı olduğu dərəcədə dünyanın vətəndaşı olur, öz ölkəsini sevdiyi dərəcədə dünyanı sevir. Həyat insana məkan daxilində yaşamaq imkanı verir. Ancaq insan bu imkanla kifayətlənmir, məkandan yüksək yaşayır.
Bu o deməkdir ki, onun duyğuları məkana pərçimlənən duyğular olmur, ondan böyük, ali duyğular olur.
O, yalnız məkan çərçivəsinə sığanı sevmir, dünyanı, bəşəri, təbiəti sevir.
Bu o deməkdir ki, o, özünün məkanla vəhdətini məhdud keyfiyyət sayır, ondan daha böyük vəhdət arayır və tapır. Dünyayla vəhdət ucalığına çatır.
Bu o deməkdir ki, onun sevinci, kədəri, məhəbbəti, nifrəti məkan həddi tanımır.
Bu o deməkdir ki, insan dünyanı gəzməsə də, tanıyır, çünki onu ruhunda gəzdirir.
Bu o deməkdir ki, insan məkanın məntiqini qəbul etmir.
Məkana uyğun olan həqiqət yoxdur.
Məkana uyğun olan ədalət yoxdur.
Məkana uyğun olan gözəllik yoxdur.
Məkana uyğun olan mənəvi kamillik yoxdur.
Məkana uyğun olan ülvilik yoxdur.
Məkana uyğun olan əsil insani ləyaqət yoxdur.
Məkana uyğun olan əsil insani niyyət yoxdur.
Mənəviyyatın ilkin, əzəli məqsədi – məkan məntiqindən yüksəyə qalxmaqdır.
Məkan insana deyir ki, sənin dünyan mənəm, sənin mövcudluğun mənimlə başlayır və qurtarır.
İnsan məkana deyir ki, mənim dünyam sən deyilsən, o səndən hədsiz dərəcədə genişdir, böyükdür, ucadır, sən mənim cismimin dünyasısan, ruhumun dünyası deyilsən!
Məkan insana deyir ki, sən mənə xidmət etməlisən!
İnsan məkana deyir ki, mən sənə yox, sonsuza, kamilə, əbədiyə xidmət üçün həyata gəlmişəm.
Məkan insana deyir ki, sənin qeyri-kamilliyin, naqisliyin səni mənim ixtiyarıma verir.
İnsan məkana deyir ki, sənin ixtiyarında olan cismimdir, ruhum sənin ixtiyarında deyil, o, məni daim kamilləşməyə, naqisliyimdən ayrılmağa sövq edir və sənin hökmünü rədd edir.
Məkan insana deyir ki, sənin bəxtiyarlığın, qələbələrin, özünütəsdiqin məkan daxilində yaranır.
İnsan məkana deyir ki, mənim bəxtiyarlığımın, qələbələrimin, özümü təsdiqimin mənası məkandan artıqdır, onlar məkanda baş verirlər, ancaq məkandan böyükdürlər.
Məkan insana deyir ki, insani məziyyətlərin səddini təyin etmişəm, nə qədər çalışsan da, onları aşa bilməyəcəksən.
İnsan məkana deyir ki, mən həmin sədləri aşıram, çünki mahiyyətimdə Mütləqilik var.
Məkan insana deyir ki, sən bədənindən aralana bilməzsən, bədən isə məndə yaşayır, mənimkidir.
İnsan məkana deyir ki, bədənim ruhumdan aşağıdır, o, məni ifadə eləmir, bu səbəbdən də mən səndə olsam da, səninki deyiləm.
Məkan insana deyir ki, Vətən müqəddəsliyində mənimlə bir olursan.
İnsan məkana deyir ki, Vətən müqəddəsliyində mən səni məhdud mövcudluğundan ayırıram, sənə sonsuzluq, kamillik, əbədilik bəxş edirəm, səni özündən yüksəyə qaldırıram.
Məkandan yüksəkdə yaşayan zəka – sonsuzu, kamili, əbədini kəşf edir.
Məkandan yüksəkdə yaşayan mənəviyyat – sonsuz, əbədi kamilliyə can atır.
Məkandan yüksəkdə yaşayan hissiyyat – müqəddəs duyğular doğurur.
Məkandan yüksəkdə yaşayan iradə – sonsuz, əbədi, kamil Amala xidmət edir.
Məkandan yüksəkdə yaşamaq – ruhani yüksəklikdə yaşamaq deməkdir.


