Məhəbbət Mütləq ruhani vəhdətdir.
Buna görə də o, gerçəkliyin imkanlarından üstündür.
Məhəbbət – yadlığın, düşmənçiliyin, yabançılığın ölümüdür.
Gerçəklikdə isə yadlıq, düşmənçilik, yabançılıq ölmür.
Məhəbbət – başqasında özünü tapmaq, başqasına çevrilmək, başqasında itməkdir.
Gerçəklikdə isə ruhani qovuşma nisbi səciyyə daşıyır. Məhəbbət – insanın ilahiləşdirilməsi, Mütləqləşdirilməsidir.
Sevmək – Mütləqi yerdə tapmaqdır.
Gerçəklikdə isə Mütləq özünü heç vaxt tam aşkara çıxarmır. Buna görə də sevmək – gerçəklikdən yüksək yaşamaqdır. Məhəbbət yeni məntiqi – aşiqlik məntiqini təsdiq edir. Aşiqlik məntiqi – gerçəklik məntiqinə ziddir.
Gerçəkliyin naqis saydığını məhəbbət ülvi sayır, rədd etdiyini vəsf edir.
Gerçəklikdə qəm lənətlənir – məhəbbətdə vəsf olunur, gerçəklikdə iztirab pislənir – məhəbbətdə təqdir olunur, gerçəklik – ölçülü, məhəbbət – ölçüsüz ehtirası təsdiq edir. Gerçəkliyin yaratdığı təsəvvürləri, hökmləri məhəbbət rədd edir, çünki o, Mütləqə, kamilə, sonsuza əsaslanır. Gerçəklik isə nisbiyə, keçiciyə, qeyri-kamilə arxalanır.
Məhəbbətdə adi – qeyri-adiləşir, sonsuzlaşır, əbədiləşir.
Bu baxımdan, məhəbbət gerçəkliyi Mütləqə yaxınlaşdırır, nisbinin Mütləq, keçicinin sonsuz mənasını təsdiq edir. Gerçək hadisələr məhəbbətdə öz gerçək məhdudluğundan kənara çıxırlar.
Məhəbbətdə gerçək özündən böyük görünür.
Sevilən ən adi, nöqsanlı insan – sevgidə alidir, yüksəkdir. Çünki məhəbbətdə sevilənin mövcudluğu mahiyyətinə bərabər olur, aşiqlik istedadı – fədakarcasına, qəhrəmancasına yaşamaq, əzaba, işgəncəyə tab gətirməkdir.
Məhəbbətdə gerçəkliyə sığmayan heyrət hökm sürür.
Sevgidə heyrətamiz sayılan gerçəklikdə adi sayıla bilər.
Leylilərə hamı heyrət etməz, Məcnunlar heyrət edərlər.
Məhəbbətdə heyrət – vəcd, ehtizaz səviyyəsinə qalxır.
Məhəbbətdə Mütləqə Mütləq münasibət hökm sürür.
Sevilən Mütləqləşir, bu səbəbdən də aşiqdə özünə qarşı Mütləq münasibət yaradır. Bununla da gerçəklik özündən yüksəyə qalxır.
Məhəbbət gerçəklikdə baş verir. Ancaq gerçəklik məhdudiyyətindən kənara çıxır.
Məhəbbətdə insan öz nisbiliyindən ayrılır, Mütləq məna kəsb edir. İnsan Məhəbbətdə iki mənada Mütləqləşir:
Sevilənin Aşiqin gözündə Mütləqə çevrilməsi mənasında; Aşiqlik aqibəti mənasında.
Məhəbbət insanın Mütləqləşmək çağıdır.
Ancaq nisbi məziyyətlərə malik olan, mövcudluğu mahiyyətinə bərabər olmayan insan həmin Mütləq yüksəklikdə axıra qədər qala bilmir.
Şəhvət Mütləq Heyrəti tədricən azaldır, ülvi münasibətlərə bəsitlik, bayağılıq gətirir, İnsanı gerçəkliyə və öz qarışıq təbiətinə uyğunlaşdırır.
Şəhvət Mütləqiliyi görmür – nisbiliyi görür, ruhaniliyi görmür – sonlunu görür və son nəticədə adam gözündə Mütləqi əvəz edir.
Məhəbbətin ikinci düşməni cismanilikdir.
Ruhani mahiyyət gerçəklikdə cismani biçimdə meydana çıxır. Ancaq cismani əbədi deyil, kamil deyil, Mütləq deyil. Cismanilik tədricən öz cazibədarlığını itirir, cəzbin itməsi – naqis, nöqsanlı insanın gözündə məhəbbətin Mütləqiliyini azaldır, onu adi cinsi münasibətlər səviyyəsinə endirir. İnsan məhəbbətin zirvəsində xidbinliyindən əl çəkə bilir, ancaq müqəddəsliyin azalması xudbinliyin artmasıyla nəticələnir.
Xudbinlik məhəbbəti ülvilik taxtından salır.
İnsanın daxili aləmində Xeyirlə yanaşı Şər, gözəlliklə yanaşı eybəcərlik, böyüklüklə yanaşı kiçiklik yaşayır. Məhəbbətin zirvəsində yalnız ülvi, gözəl, ali keyfiyyətlər görünür.
Məhəbbətin ülvi qüdrəti azalanda həmin naqisliklər üzə çıxır və ruhaniliyi üstələyir.
İnsanın Mütləqdən aşağı olması, Mütləqə bərabər olmaması aşkara çıxır. İnsan Mütləq səviyyəyə qalxa bilir, ancaq həmin səviyyədə dayana bilmir.
İnsan Mütləq mahiyyəti Mütləqin özündə axtarmalı olur. Mütləq eşqi adlanan müqəddəs hadisə yaranır.


