Xəbərlər

Asif Ata. Həqiqət

Yalnız Mütləq olan həqiqidir.
Gerçəklik isə nisbi həqiqətlərə tapınır.
Bu səbəbdən də Həqiqət gerçəklikdən artıqdır.
Yalnız sonsuz olan həqiqidir.
Gerçəklik isə sonlu hadisələrdən ibarətdir.
Bu səbəbdən də Həqiqət gerçəklikdən artıqdır.
Yalnız əbədi olan həqiqidir.
Gerçəklik isə ölümlü hadisələr məcmusudur.
Bu səbəbdən də Həqiqət gerçəklikdən artıqdır.
Yalnız kamil olan həqiqidir.
Gerçəklik isə qeyri-kamil hadisələrlə doludur.
Bu səbəbdən də Həqiqət gerçəklikdən artıqdır.
Gerçəklik yarımhəqiqətə və həqiqətsizliyə arxalanır.
Bu səbəbdən də həqiqət haradasa gerçəkliyə ziddir, gerçək­li­yin əksinədir, gerçəkliyə qarşıdır. Gerçəklik həqiqətin tələ­binə cavab vermir. Həqiqət çox hallarda gerçəkliyi rədd edir.
Həqiqət – həyat, dünya və insan haqqında mütləq mənada düzgün təsəvvür, bilik və hökmdür.
Həqiqət – dünyanın, həyatın, insanın özünə sığmaması, özündən kənara çıxması haqqında Mütləq düzgün təsəvvür , bilik və hökmdür.
Həqiqət insanın, dünyanın, həyatın özündən böyük mahiy­yəti haqqında Mütləq düzgün təsəvvür, bilik və hökmdür.
Həqiqət – həm də insanın özüylədöyüşü, özündən yüksəyə qalxması haqqında olan Mütləq təsəvvür, bilik və hökmdür.
Həqiqət gerçəklikdən böyükdür və ruha bərabərdir; bu səbəbdən də o, insanın mahiyyətindən kənarda deyil, mahiy­yətin özündədir, daha doğrusu, mahiyyətin digər şəkildə ifadəsidir.
Həqiqət – insanın taleyində, daxili dünyasında, mövcud­luğunda təzahür edir.
Həqiqət – həm dünyaya Mütləq baxışdır, həm də Mütləqin dərkidir. Mütləq baxışla Mütləqin dərki arasında qırılmaz vəhdət var. Dünyaya Mütləqin gözüylə baxmaq, onu Mütləqin tələbləri əsasında qiymətləndirmək – dünyayla Mütləqin münasibətlərini dərk etmək deməkdir.
Həqiqət dünyaya uyğunlaşmır, dünyayla barışmır, onu Mütləq mənada düzgün şərh edir, qiymətləndirir.
Bununla da o, Mütləqi təsdiq edir.
Həm də gerçəkliyin Mütləqdən aşağı olmasını göstərir. Həqi­qə­tin mütləq tələbinə cavab vermək – Mütləq olmaqdır. Ger­çək­lik Mütləqin tələbinə cavab vermir, ona görə də o, Mütləq deyil!
Mütləq deyil, ancaq Mütləqə can atandır, öz nisbiliyindən yüksəyə qalxmağa çalışandır.
Həqiqət gerçəkliyin bu cəhdinə təkan verir, onu özüylə barışmağa, özündə dayanıb qalmağa qoymur.
Həqiqət gerçək gözəlliyə deyir ki, sən nisbisən, nöqsanlısan, ölümlüsən, Mütləqdən aşağısan, buna görə də özünlə barışma, özündə qalma, özünlə razılaşma, Mütləqə yaxınlaş!
Həqiqət gerçək mənəviyyata deyir ki, sən nöqsanlısan, nisbisən, özünlə kifayətlənmə, özündən yüksəyə qalx, Mütləqə oxşa, özündə dayanma.
Həqiqət gerçək həqiqətə deyir ki, sən naqissən, nisbisən, həyata pərçimlənmisən, biliyin natamdır, özündən ucaya qalx, Mütləq vəhdətə nail ol!
Həqiqət gerçək ədalətə deyir ki, sən qeyri-kamilsən, azsan, zəifsən, özünü bəyənmə, özünlə qürrələnmə, özünün Mütləq yanında cılızlığını, məhdudluğunu dərk et, Mütləqə bənzəməyə çalış!
Həqiqət gerçək azadlığa deyir ki, yalanla qarışıqsan, çox vəd edib, az verənsən, Mütləqdən uzaqsan, ona yaxınlaş!
Həqiqət gerçək böyüklüyə deyir ki, əsil böyük deyilsən, natam, təxmini böyüksən, çünki Mütləqə bənzəmirsən, özün­dən yüksəyə qalx!
Həqiqət gerçək qüdrətə deyir ki, zəifsən, keçicisən, ölüm­lü­sən, özünə yapışıb qalma, özündən böyük ol!
Həqiqət gerçək müdrikliyə deyir ki, naşısan, bəsitsən, nisbisən, Mütləqə ucal!
Həqiqət gerçək səadətə deyir ki, səadətin nə olduğunu bilmirsən, Mütləqi gör, onun səadətinə çat, onunla bərabərləş!
Həqiqət gerçək tərəqqiyə deyir ki, nisbidə dayanma, Mütləqə çat, onda özünü taparsan!
Həqiqət gerçəkliyi sarsıdır, onu özüylə məhdudlaşmağa qoymur. Yalan gerçəkliyi qoruyur, təsdiq edir, vəsf edir, onu özüylə barışdırır, gerçəkliyin Mütləqdən sonsuz fərqini gizlə­dir, Mütləqin tələbindən qorxur və onu nəzərə almır, nisbini Mütləq kimi, sonlunu sonsuz kimi, ölümlünü əbədi kimi təqdim edir. Yalan – yarımhəqiqət və həqiqətsizlik eybəcərliyi yaradır, gerçəkliyin özü haqqındakı xülyanı təsdiq edir. Yalan həyatı bir səviyyədə saxlamağa çalışır, onun Mütləqə tərəf yerişini ləngidir.
Həqiqət ruhun gerçəklik üzərində qələbəsidirsə, yalan – gerçəkliyin özünü ruhun tələbindən gizləməsidir. Həqiqət yalanın düşmənidir, çünki yalan gerçəkliklə barışır. Həqiqət yalanı məhv edə bilmir, çünki gerçəklik Mütləqə bərabər ola bilmir. Ancaq həqiqət yalanı daim məğlub edir.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir