Xəbərlər

Asif Ata. Gözəllik

Gözəllik nisbi biçimdə aşkara çıxır.
Ancaq Mütləqə xidmət edir.
Gözəllik cismani biçimdə aşkara çıxır.
Ancaq ruhaniyə xidmət edir.
Gözəllik sonlu biçimdə aşkara çıxır.
Ancaq sonsuzluğa xidmət edir.
Gözəllik ölümlü biçimdə aşkara çıxır.
Ancaq ölümsüzlüyə xidmət edir.
Gözəllik qeyri-kamil biçimdə aşkara çıxır.
Ancaq kamilliyə xidmət edir.
Gözəllik – rəmzdir, nişandır.
Onun təmsil elədiyi üzə çıxandan artıqdır, böyükdür, alidir.
Cismani cazibədarlıq vasitəsilə gözəllik – ruhani məna təsdiq edir.
Gözəlliyin bizdə yaratdığı duyğu, düşüncə cismani cazibə­darlıqla məhdudlaşmır, ondan kənara çıxır, onun üzərində yüksəlir. Gözəl üzdəki məlahət əslində nişan rolunu oynayır.
O, özündən hədsiz dərəcədə böyük olan mahiyyətdən nişan verir. Cismanilik gözəllikdə – ruhani zəriflikdən, məsumluq­dan, qüdsiyyətdən, ucalıqdan xəbər verir. Burada ruhani – cismanilikdə, sonsuz – sonluda, əbədi – ölümlüdə təzahür edir. Bu səbəbdən də gözəllik həmişə görünəndən artıq söyləyir. Sevimli üz əslində təkcə cismani kamilliyə malik olan üz deyil, bundan daha qiymətli mənanı təcəssüm etdirən üzdür.
Sevimli üz – doğmalıqdan, saflıqdan, coşğun və ülvi duyğulardan nişan verən gözəllikdir.
Gözəl bədən – cismani bədən səviyyəsindən kənara çıxır, ülvi məzmun kəsb edir.
Əl, dodaq, saç – gözəllikdə rəmzi məna daşıyır.
Gözəl olmaq əslində cismanilik üzərində yüksəlmək deməkdir.
Gözəlliyin mənası özündən yüksəkdir.
Gözəllik – cismani olduğundan nisbidir.
Gözəllik ruhaninin təcəssümü olduğu üçün Mütləqin təzahürüdür.
Cismanilik – ruhaniliyin üzə çıxan, zahirdə görünən tərəfidir.
Gözəllik sonsuza, əbədiyə, kamilə xidmət edir, ancaq onları sonlu, ölümlü, qeyri-kamil biçimdə təmsil edir. Bu səbəbdən də ruhanilik cismaniliyə sığmır. Gözəllik onu tam ifadə etmir, onu nişan verir.
Mahiyyət nişandan artıqdır.
Ancaq mahiyyət – nişan şəklində təzahür edir.
Gözəlliyin sirli cəzbi və həm də məhdudluğu bundadır.
Gözəllik həmişə özündən böyüyü təsdiq edir.
Təbiətdə insan təbiətdən artığını, yüksəyini görür.
Çayda – çaydan böyük, dağda – dağdan böyük, gecədə – gecədən böyük, çiçəkdə – çiçəkdən böyük məna var.
Gecə – sirlər dünyasının təcəssümü, dağ – vüqar və müdrik­lik rəmzi, çiçək – təmizlik və təravət nişanı kimi dərk olunur. Gözəllikdə heç vaxt hadisə yalnız maddi varlıq kimi meydana çıxmır, mənəvi varlıq kimi meydana çıxır.
Gözəllik – cismanidə həkk olunmuş ruhanilikdir.
Gözəllik özündən böyük mənaya aparandır, həmin mənanı nişan verən, təmsil edəndir. Gözəllik hadisələr biçimində aşkara çıxır, bu səbəbdən də o, nisbidir.
Ancaq həmin hadisələr Mütləq mənanı təsdiq edirlər.
Gözəl insan – nisbidir, lakin o, özündə Mütləqi yaşadır.
Gözəl qadın – sonludur, keçicidir, ölümlüdür, lakin həmin gözəllikdə qadınlığın əbədi mənası həkk olunur.
Həmin sonlu, keçici gözəllik əslində sonsuz, əbədi keyfiy­yəti təmsil eləyir.
Gözəlliyin Əzəli məqsədi həmin ölümsüzlükdən, sonsuz­luqdan, kamillikdən xəbər vermək, nişan verməkdir. Gözəlliyin dərəcəsi nişanın səviyyəsilə bağlıdır.
Ruhaniliyi ən yaxşı təmsil eləyən, onu ən yaxşı nişan verən ən gözəldir!
Gözəl iş, əməl – ölümlüdür, keçicidir, ancaq onların nişan verdikləri mahiyyət əbədidir!
Gözəl əməl – ülvi amaldan xəbər verir, gözəl iş – əbədi qüdrətdən xəbər verir.
Yaradıcı – ölümlüdür, yaradıcılıq – ölümsüzdür!
Gənc – ölümlüdür, gənclik – ölümsüzdür!
Hadisələr biçimində aşkara çıxdığı üçün gözəllik qeyri-kamildir. Lakin həmin hadisələrin təsdiq etdiyi mahiyyət kamildir.
Gerçəklikdə nöqsansız gözəllik yoxdur, lakin qeyri-kamil gözəllik – kamil mənaya xidmət göstərir.
Təbii gözəlliklərdə nöqsan tapmaq olar. Ancaq bu nöqsanlı gözəlliklərin mənası nöqsansızdır, onun bizdə oyatdığı duyğular kamildir.
İnsanın yaratdığı gözəlliklərdə nöqsan tapmaq olar.
Ancaq həmin nöqsanlı gözəlliklər nöqsansız, Mütləq məna­lara aparar.
Ən sevimli şəxsdə belə, nöqsan tapmaq mümkündür.
Ancaq nöqsanlı şəxs nöqsansız mahiyyəti təmsil edir.
Bu səbəbdən də məhəbbətdə gözəlliyin nöqsanı görünmür.
Sevən sevilənə aşiq gözüylə baxdığından nöqsanın arxa­sında dayanmış mahiyyətin özünü görür.
Bu cəhətdən, aşiqanə baxış adi baxışdan fərqlənən müdrik baxışdır. Gözəllikdə ruh cismani təzahürün zirvəsinə qalxır. Bu zirvədə cismani təzahürün məhdudluğu da aşkara çıxır, sonlunun sonsuzdan, nisbinin Mütləqdən, gözəlliyin xeyirdən fərqi görünür. Aydın olur ki, mahiyyəti nişan verən gözəllik onu tam ifadə edə bilmir, cismanilik ruha yaxınlaşmağa cəhd göstərirsə də, ona bərabər ola bilmir.
Qəşənglikdə gözəlliyin ülvi məziyyəti itir. Bir çox hallarda cismaniylə ruhani arasında yadlıq yaranır.
Cismanilik Mütləqi ifadə etməkdə çətinlik çəkir.
Ruhanilik gözəlliyin mövcudluğuna gərginlik gətirir.
Gözəllik ruhaniliyin təzyiqindən sarsılır.
Gözəllik biçim cazibədarlığı səviyyəsinə enir.
Ruhun cismaniliklə ahəngdarlığı pozulur.
Ruh gözəlliyə sığmır.
O, özünə ruhani ifadə biçimi axtarır.
Həmin biçimi o, xeyirdə tapır.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir