Gerçəklik nöqsanlını kamil kimi qələmə verir.
Gerçəklik keçicini sonsuz kimi qələmə verir.
Gerçəklik ölümlünü ölümsüz kimi qələmə verir.
Gerçəklik insanı aldadır.
İnsan gerçəkliklə döyüşür.
İnsan gerçəkliyin yalanını rədd edir.
İnsan gerçəkliyin tələbini eşitmir, onun məntiqinə inanmır. İnsan gerçəkliyə deyir ki, sənin həqiqət kimi təqdim etdiyin həqiqət deyil, ülviyyət kimi təqdim etdiyin ülviyyət deyil, zirvə kimi təqdim etdiyin zirvə deyil; sən mənim üçün azsan. Mən sənin həqiqətindən, ülviyyətindən, zirvəndən daha yüksək həqiqət, ülviyyət və zirvə yarada bilərəm.
Mən sənə bənzəmək üçün yox, səni təkrar etmək üçün yox, səndən yüksəyə qalxmaq, səndən yaxşısını yaratmaq üçün dünyaya gəlmişəm.
Çünki mən ruhani xilqətəm və mənim mahiyyətimdə Mütləq yaşayır. Mən sənin daxilində yaşasam da, səndən yüksəkdə yaşayıram. Sənin nöqsanlı kamilliyin mənim üçün azdır və mən əsil sonsuzluq yaradıram; səndən fərqli, səndən uca yaşayıram.
İnsan öz həyatıyla gerçəkliyə deyir ki, mən sənin normaların əsasında ömür sürmürəm, sənin təsdiq etdiyin nisbi kamillik, nisbi xeyir, nisbi saflıq mənim üçün azdır. Mən Mütləq mənada xeyirli, saf, qüdrətli ömür sürmək üçün dünyaya gəlmişəm. Bunu məndən ruhani mahiyyətim tələb edir. Nisbi məziyyətlərlə kifayətlənsəydim, öz mahiyyətimin əksinə çıxardım. Mahiyyətimə bərabər yaşamaq üçün mən səndən yüksəkdə yaşamalıyam.
İnsan öz həyatıyla gerçəkliyə deyir ki, mən səndə tam özüm ola bilmirəm, özümü tam aşkara çıxara bilmirəm, sən isə mənim bu halımı zirvə kimi təqdim edirsən və bununla da mənim əsil mənliyimi gizlədirsən.
Sən mənə nisbi mənada yaxşı ol deyirsən, mən Mütləq mənada saf olmağa can atıram.
Sənin məntiqinə görə – mən ölümlüyəm, ona görə də özümün qeyri-kamilliyimlə barışmalıyam.
Mən həmin məntiqi rədd edirəm: Ölümlü mənim bədənimdir, ölümsüz əməllər – ölümsüzlüyümdür!
Sənin məntiqinə görə – mən əzəli mənada nöqsanlıyam, təbii şəkildə naqisəm və bu zəruriyyətlə barışmalıyam.
Mən həmin məntiqi qəbul etmirəm, Mütləq mənada kamil olmağa çalışıram.
Sənin məntiqinə görə – qüdrətim hədd tanıyır və mən bu zəruriyyətlə razılaşmalıyam.
Mən bu məntiqi inkar edirəm və qüdrətimin Mütləq səviyyəsinə çatmaq istəyirəm.
Gerçəklik insana deyir ki, məziyyətlərini, ideallarını, niyyətlərini mən yaratmışam.
İnsan gerçəkliyə deyir ki, məziyyətlərimi, ideallarımı, niyyətlərimi sən yox, ruh yaradıb və buna görə də onlar səndən artıq, böyük və kamildirlər.
Arzularımın həyata keçməsi də səndən yox, mənim Mütləqə yaxın olmağımdan asılıdır.
Mənim qələbəmi, nailiyyətimi şərait yaratmır, ona sığmayan ruhani qüdrət yaradır.
Ruh şəraitin havasına oynamır, şərait ruhun havasına oynayır.
Gerçəklik insana deyir ki, ideyaları, mənəvi imperativləri mən yaradıram, sən mənim yaratdığımın hökmüylə yaşayırsan. İnsan gerçəkliyə deyir ki, ideyaları, mənəvi imperativləri sən yaratmırsan, bu sənin xülyandır. Onları mənim ruhum, Mütləq mahiyyətim yaradır, bu səbəbdən də onlar səndən yüksəkdirlər.
Gerçəklik insana deyir ki, müqəddəsliyin, ülviliyin mənim məhsulumdur, səndə nə varsa – mənimdir, sən mənsən, bundan artıq bir şey deyilsən!
İnsan gerçəkliyə deyir ki, mənim ülviliyim – səndən yüksəyə qalxmağımdır, mənim müqəddəsliyim – səndən yüksəyə qalxmağımdır. Mənim insani özünəməxsusluğum bir də ondadır ki, mən sən deyiləm, sənin səviyyənə enəndə, səninlə kifayətlənəndə özüm olmuram.
Gerçəklik insana deyir ki, mən əsasam, birinciyəm, sən əsas deyilsən, ikincisən, mən işığam, sən mənim işığımla işıqlanırsan, ancaq bunu öz işığın sayırsan, mən sənsiz varam, sən mənsiz yoxsan.
İnsan gerçəkliyə deyir ki, insaniliyim – ruhaniliyimdədir, ruh isə səndən artıqdır, böyükdür, yüksəkdir. Bu səbəbdən də sən mənim həyatımın əsası ola bilməzsən. Ruhani mövcudluq gerçək mövcudluqdan alidir.
Gerçəklik insana deyir ki, sən Mütləqləşə, Müqəddəsləşə bilməzsən, çünki mənə bərabərsən.
İnsan gerçəkliyə deyir ki, sənə uyğunlaşmağım mənim zəifliyim, tərəddüdüm, miskinliyim, yanlışlığımdır. Qüdrətim – səndən yüksəyə qalxmağımdır.
Gerçəklik insana deyir ki, məndən kənarda tapdığın nə varsa, əfsanədir, var olan yalnız mənəm.
İnsan gerçəkliyə deyir ki, səndə olan – varlığın cüzi, natamam, adi, bəsit ifadəsidir, əsil həyat səndən yüksəkdədir. Səndən yüksək yaşamaq – Mütləq mənada yaşamaq deməkdir.
Yalnız Mütləq mənada yaşayan – insan kimi yaşayır.




