Ədalət – Mütləq haqq tələbidir.
Gerçəklik Mütləq Haqq səviyyəsinə qalxmır.
Bu cəhətdən Ədalət gerçəklikdən üstündür.
Ədalət – Xeyirin tam, əbədi təntənəsini tələb edir.
Gerçəklik isə Xeyirlə Şərin döyüşüdür.
Bu cəhətdən o, gerçəkliyə ziddir, onunla barışmır.
Ədalət həyatda özünü bütöv şəkildə təsdiq edə bilmir.
Bu cəhətdən Ədalət gerçəkliyə ziddir, onunla barışmır.
Ədalət ruhani məziyyətlərin yüksək qiymətləndirilməsini tələb edir.
Bu səbəbdən də Ədalət gerçəkliyə ziddir, onunla barışmır.
Ədalət əlamətə yox – mahiyyətə, zahirə yox – batinə, keçiciyə yox – əbədiyə, sonluya yox – sonsuza arxalanır. Gerçəklikdə isə əlamət mahiyyəti, zahir batini üstələyir. Buna görə də Ədalət gerçəkliyə yaddır, onunla barışmır. Ədalət nisbi ola bilməz. Gerçəklikdə isə hər şey nisbidir.
Ədalət keçici ola bilməz – gerçəklikdə isə hər şey keçicidir. Ədalət ölümlü ola bilməz – gerçəklikdə isə hər şey ölümlüdür. Bu səbəbdən də Ədalət real gerçəkliyi rədd edir, yeni gerçəklik tələb edir.
Ədaləti gerçəklik yox, insanın ruhani, sonsuz, əbədi mahiyyəti yaradır. Ədalət gerçəkliyin imkanlarından hədsiz dərəcədə artıqdır, bu səbəbdən də o, gerçəkliyi özündən kənara çıxarır, özündən böyük, özündən üstün edir.
Ədalət həm də özünün gerçəklikdə Ədalətlilik biçimində təzahüründən artıqdır.
Ədalətlilik – gerçəkliyə uyğunlaşır, nisbi, keçici, qeyri-kamil səciyyə daşıyır.
Ədalətlilik ədalətdən hədsiz dərəcədə fərqlidir. Gerçəklikdə ədalətli sayılmaq əslində ədalətin ülvi mənasından aşağı olmaq deməkdir.
Ədalətlilik gerçəkliyin məhdud imkanlarıyla barışır, onların səviyyəsinə enir. Gerçəkliyin ədalətli saydığı cəmiyyət – əslində nöqsanlı, natam, qeyri-mükəmməl cəmiyyətdir. Burada cəmiyyətə Mütləq tələblə yanaşılmır, ona görə də ədalət təsdiq olunmur. “Ədalətli hökm” deyəndə – gerçəkliyin, cəmiyyətin məhdud imkanlarına, naqisliyinə, qeyri-Mütləqiliyinə uyğun olan hadisə nəzərdə tutulur.
“Ədalətli qiymət” deyəndə yenə də nisbi mənada haqlı qiymətdən söhbət gedir.
Ədalət – insana xalis ruh kimi münasibət bəsləyir, onu bu nöqteyi-nəzərdən qiymətləndirir.
Buna görə də onun insana tələbi Mütləq səciyyə daşıyır. İnsan isə gerçəklikdə cismani, nisbi, keçici şəkildə mövcud olur. Bu səbəbdən də o, ədalətin tələbinə tam cavab verə bilmir, ən ədalətli fəaliyyətində, düşüncəsində, duyğusunda belə, ədalət yüksəkliyinə qalxa bilmir.
Ədalət gerçəkliyə gerçəkliyin mövcudluğu baxımından yox, onun özündən böyük mənası baxımından yanaşır.
Gerçəklik isə öz mənasından, mahiyyətindən uzaqdır. Buna görə də o, ədalətin Mütləq tələbinə cavab verə bilmir, ədalətli hadisələrin heç birində ədalət səviyyəsinə ucala bilmir. Ədalət cəmiyyətə cəmiyyətin ruhani məqsədi nöqteyi-nəzərindən yanaşır. Cəmiyyət isə öz ruhani məqsədindən ayrılıb. Buna görə də Mütləq tələbə cavab verə bilmir, öz ədalətli əməllərində, nailiyyətlərində heç vaxt ədalətə çata bilmir. Ədalətin tam qələbəsi üçün gerçəkliyin mövcudluğu mahiyyətinə bərabər olmalıdır.
Bu isə yalnız gerçəkliyin əbədi inkişafında yarana bilər. Ədalət həmin inkişafa təkan verən Mütləq qüdrətdir. Bəşər tarixində ən fəlakətli hallar ədalətin boş biçim səviyyəsinə endirilməsi və yalana, uydurmaya çevrilməsidir.
Ədalət – şüara çevrilir, şüar həyata keçmir, ancaq həyatda qalır və ədalətsizliyi pərdələyir.
Şüar əzbərlənir, boş biçimə çevrilmiş məzmun olur, ədalətin ülvi mənası itir.
Şüarlaşan ədalət ədaləti ruhanilik taxtından salır. Ədalət mahiyyətdən, biçim məzmundan ayrılır.
Tarixdə ədalət həm də ədalətsiz, qəddar, eybəcər hadisələrə, fəaliyyətlərə bəraət qazandıran vasitə rolu oynamışdır.
Çeşid-çeşid qəbahətlər ədalət müqəddəsliyinə arxalana bilmişlər. Ədalət uğrunda döyüş əslində mənfəət uğrunda döyüşə çevrilmiş, ədalət bayrağı altında əsarət təsdiq olunmuşdur.
Gerçəklikdə ədalət özünə heç vaxt bənzəməmişdir.
Çünki ədalət – Mütləq hadisədir. Ona görə də gerçəklikdən artıqdır.
Gerçəklikdə ədalət özünə bərabər olmur, ədalət gerçəkliyi özünə bərabər etmək istəyir və buna görə də onu özündən aliyə ucaldır.



