Ailə cismani əlaqələrin ruhani əlaqələrə yüksəlməsidir.
Ailədə insan cismanini ruhaniləşdirir, sonlunu sonsuzlaşdırır, ölümlünü ölümsüzləşdirir.
Ailə məhəbbət əsasında yaranır.
Məhəbbət cismani ehtirasın ruhani münasibətə çevrilməsidir.
Ailədə cinsi duyğu ruhani məqsədlərə xidmət edir.
Ailə kişilik, qadınlıq və övladlıq ülviyyəti yaradır.
Kişiliyin ruhani mahiyyəti üç şəkildə aşkara çıxır: evin atası, övrətin yaxın dostu və övladın valideyni şəklində.
Kişilik ilk növbədə evin atası deməkdir.
Burada nisbi, cinsi, cismani – Mütləq, müqəddəs, ruhani rol oynayır. Ata ailəyə Mütləqin gözüylə baxır, Mütləqin tələbiylə yanaşır, həm də ailədə Mütləqin təzahürünü görür.
Atanın məqsədi ailənin müqəddəs mənasını təsdiq etməkdir. Bu nöqteyi-nəzərdən ailəyə ata xidməti Mütləqə xidmətə bərabərdir. Atanın məntiqində ailə bütöv bir varlıq kimi Mütləqin təzahürüdür və buna görə də Müqəddəsdir.
Bu o deməkdir ki, ailənin həyatı, müqəddəratı, taleyi Mütləq mənaya malikdir.
Bu o deməkdir ki, ailənin dağılması fəlakətdir, onun qarşısını almaq – müqəddəs borcdur.
Bu o deməkdir ki, ailədə ülvi, mənəvi vəhdət yaranıb və həmin vəhdəti hifz etmək Mütləq vəzifədir.
Bu o deməkdir ki, etibar, vəfa Mütləqin təzahürləridir və onların məhvi – Mütləq mənada süqutdur. Ailənin sarsılması, öz müqəddəsliyini itirməsi – mütləq günahdır. Ona görə də namus, qeyrət – müqəddəs duyğulardır. Ailə başçısı öz ehtiraslarını ailənin müqəddəs mahiyyətinə tabe etməlidir. O, ailənin Mütləq mahiyyətinə tapınmalıdır.
Qeyrətin böyüklüyü elə bundadır.
Ailə iki şəxsin ruhani əlaqəsidir.
Ailəyə xəyanət etmək təkcə bir şəxsə xəyanət eləmək deyil, Mütləqə xəyanət eləməkdir.
Çünki ailənin Mahiyyəti onun təcəssümündən artıqdır. Ona görə də qeyrətin hökmü – Mütləqin hökmüdür.
Ailədə qadınlıq – qadın məziyyətlərinin yeni, ruhani pilləyə qalxmasıdır. Burada cazibədarlıq, məlahət, mənəvi zəriflik ailənin Mütləq mahiyyətinə xidmət edir.
Ailə qadının analıq ülviyyətini, müqəddəsliyini təsdiq edir. Analıqda qadın Mütləqə yaxınlaşır. Analıqda qadınlıq Mütləq mövcudluğun təzahürü səviyyəsinə yüksəlir.
Ana övladını Mütləq mənada sevir, anayla bala arasında Mütləq mənəvi vəhdət yaranır.
Qaygı Mütləqliyi, nəvaziş Mütləqliyi, sevinc Mütləqliyi, fədakarlıq Mütləqliyi, kədər Mütləqliyi – Analığın Mütləqlik çalarları sonsuzdur.
Qadınlıq – Analıqda Mütləqləşir.
Qadına xas olan keyfiyyətlər analıqda zirvə səviyyəsinə qalxır.
Analığın qüdrəti məhəbbətdədir.
Məhəbbətdə insan öz nisbiliyindən, keçiciliyindən ayrılır, fitnə ölür, soyuqluq, biganəlik ölür, Mütləq heyrət, Mütləq həsrət, Mütləq daxili vəhdət təsdiq olunur.
Ailə həm də övladlıq ülviyyəti yaradır.
Valideyn övlad vasitəsiylə özünün ölməzliyini, kamilliyini, rühaniliyini təsdiq edir.
Bu nöqteyi-nəzərdən, valideyn sevinci təmənnasız, ali və müdrik sevincdir.
Həmin sevinc – sonsuz fədakarlıq, cəfakeşlik yaradır. Həmin sevinc artdıqca onun gətirdiyi iztirab da artır: sevinc iztirab odunda bərkiyir.
Övladlıq həm də övladın ailə müqəddəsliyinə pənah gətirməsidir. Övlad ailə müqəddəsliyinin həm yetirməsi, məhsulu, həm də onu yaşadan qüdrətdir.
Övlad ailə müqəddəsliyindən törəyir, öz daxili aləmində, həyatında, taleyində həmin müqəddəsliyi gəzdirir, həm də onu sabaha aparır.
Bu, övlad borcu adlanan müqəddəs hadisə yaradır. Mahiyyətində müqəddəslik gəzdirən, ailəyə, valideynə bağlanan övlad həm də müqəddəsliyin sabahkı taleyini ağır yük kimi çiyninə götürür. Müqəddəslikdən yaranan övlad valideynlərinə ülvi münasibət bəsləyir. Bu baxımdan, övladlıq valideynliyin Mütləq mənasını təsdiq edir. Övladlıq vasitəsiylə ailə müqəddəsliyi əbədiləşir.
Lakin insana xas olan naqislik, nisbiyə, keçiciyə, bəsitliyə meyil ailənin ruhani mahiyyətinin tam aşkara çıxmasına mane olur. Yəni ailənin ruhani mahiyyətilə gerçək ifadəsi arasında ziddiyyət yaranır.
Ram olunmayan, aşıb-daşan, cilovsuz duyğular müqəddəslik səddini aşır, xəyanət və yalan qəbahəti peyda olur, kişiliyin atalıq, qadınlığın analıq səviyyəsi aşağı düşür, eqoizm, maddi sərvət əsarəti qüdsiyyəti öldürür, valideynlik nüfuzu, övladlıq borcu sarsılır, ailənin ahəngi pozulur, şəhvətpərəstlik ülviyyəti üstələyir.
Heç bir vəziyyətdə, heç bir biçimdə özünə bərabər olmayan, özünə çatmayan insan ailənin ruhani mahiyyətinə tam bərabər ola bilmir.
Kişiylə qadın, valideynlə övlad arasında yadlaşma baş verir, ailəyə qarşı biganəlik, nifrət, üsyan yaranır. İnsanın daxili aləmində cismanilik və ruhanilik, xudbinlik və mənəvi vəhdət döyüşür.
Ata zülmü, qadın əsarəti, övlad zilləti ailənin müqəddəs mənasına qəddar müstəbidlik gətirir. Ailənin ləğvi, məhvi təhlükəsi yaranır.
Ancaq ailə ruhani mahiyyətə malik olduğu üçün daim yaşayır və yaşayacaq, yüksələcək, kamilləşəcək. Çünki insan Mütləqsiz yaşaya bilməz.
Çünki ailə əbədi və əvəzsiz ruhani tələbatdır.