Asif Atanın BDU-da yaratdığı “Etik-estetik tərbiyə klubu” çoxsaylı gəncliyin sevərək dinlədiyi bir yığıncağa çevrilmişdi. Bu yığıncaqlarda öncədən qoyulmuş mövzular ətrafında söhbətlər və diskussiyalar aparılırdı.

İlk vaxtlar bu yığıncaqlara Ziya Bünyadovdan başlamış tanınmış alimlər və yazıçılar qatılardı, sonradan klubun ətrafında vəziyyət gərginləşdikcə bu adamların çoxu yığıncaqlara gəlmədilər. Burada tələbələr qarşısında daimi çıxış eləyənlərin sırasında ən çox Xudu Məmmədovu, Mirəli Seyidovu, Lətif Kərimovu, Əkrəm Cəfəri, Elməddin Əlibəyzadəni xatırlayıram. Bir dəfə o vaxt bütün mətbu orqanlarda yazılarının çapına yasaq qoyulmuş Firudin Şuşinskinin çox hay-küylü bir çıxışı olmuşdu. Saat beşdə başlayan bu yığıncaqlar gecə saat on birə, bəzən bir az da sonraya kimi davam edərdi və həmişə də deyilən sözlərin və verilən sualların çoxluğundan yarımçıq qalardı. Bəzən bir mövzunu sonrakı yığıncaqda davam edərdilər. Mövzular əasasən etik,estetik, insani, milli problemlər üzərində qurulardı. 1979-cu ildən başlayaraq universitet rəhbərliyi bu yığıncaqların keçirilməsinə maneələr yaratmağa başladı, yəqin ki, tapşırıq yuxarıdan gəlmişdi. Öncə Tariyel Əhmədov adında bir professorun alternativ klubunu yaratdılar, bu da kömək eləməyəndə yığıncağın keçirilmə vaxtını məhdudlaşdırmağa başladılar, saat 9-dan sonra universitetin mühafizəçiləri gəlib yığıncağı qurtarmağı tələb eləyir, yaxud yığıncaq keçirilən günlərdə texniki problemlər yaradır, həmən vaxta zalda başqa tədbir salır, bir sözlə bacardıqları bütün üsullarla əngəl yaradırdılar. 1980-ci ildə isə rektor bu klubun keçirilməsini qadağan etmişdi. Elə həmin 1980-ci ildə Asif Ata “Respublika Bilik cəmiyyəti”nin zalında yığıncaq keçirib klubun buraxıldığını, onun yerində “Ocaq” adlı mənəvi-ruhani dəyərləri təbliğ edəcək bir qurumun yarandığını elan etdi. Bu yığıncaqda Ocağın məramnaməsi oxundu, onun “məşəlçilər” adlanan fəal üzvləri elan olundu. “Bilik cəmiyyəti”ndə Ocağın bir neçə yığıncağı keçiriləndən sonra, yanılmıramsa, 1981-ci ildə orada da yığıncaqların keçirilməsinə yasaq qoydular (Mən artıq BDU-nu qurtarıb rayonda işləyirdim deyə, dostların vasitəsi ilə bu yığıncaqlardan xəbər tutub onlara qatılırdım). Daha sonra eşitdiyimə görə, Bakı və Bakı ətrafının müxtəlif məktəblərində, müəsissələrində Asif Ata iləgörüşlər keçirilməyə başlanmışdı. 1982-ci ildən başlayaraq Asif Ata öz əsərlərini gizli şəkildə yaymağa başladı və bu əsərlərdə onun yaratdığı yeni təlimin başlıca müddəaları əks olunmuşdu. Mənim üçün bir tələbə yoldaşım bu əlyazmaların üzünü köçürür və mən Bakıya gəlib onları götütürdüm.
1982-ci ildə Asif Ata ilə ilk dəfə görüşdüm. Qısa çəkən görüş BDU-da o vaxt Asif Atanın işlədiyi Etika və estetika kafedrasında oldu, kafedrada heç kim olmadığından dərs arası 10 dəqiqəlik tənəffüsdə Asif Ata mənə özünün görmək istədiyi işlərdən danışdı, danışıq uzun çəkmədi və Asif Ata açıq mətnlə danışmırdı, dediklərinin məğzi belə idi: yurdumuza bütün istiqamətlərdən çirkab axıdılır, milli varlığımızı məhv etməyə çalışırlar, ruhumuzu öldürürlər, özümüzə yadlaşdırırlar ki, sonra yoxa çıxarsınlar. Biz buna qarşı dayanmalıyıq, xalqa bunu anlatmalıyıq. Sonra öz ideyalarını əsərlərinin əlyazmalarından öyrənməyi tövsiyə edib ayrıldı. 1983-cü ildə Asif Atanı universitetdəki işindən çıxardılar, BDU-nun partiya yığıncağında ittiham edib partiyadan çıxarmaq məsələsini qoydular. KQB-yə çağırıb sorğu-suala çəkdilər. Ailəsini dağıtdıqları üçün evini tərk edib təsadüfi yerlərdə gecələməyə başladı. Heç bir yerdə iş verməyib çörəklə sınağa çəkdilər və bütün bu kimi represiyalarla üzləşməli oldu. Neçə dəfə Bakıda yaşayan qardaşına, başqa qohumlarına zəng vurub onun öldüyünü, morqda olduğunu deyir, özünü addımbaşı izləyirdilər. O günlərdə mən bir neçə dəfə Asif Atanın müvəqqəti yaşadığı mənzillərdə onunla görüşüb söhbət etmişdim. Heç bir qorxusu və sıxıntısı yox idi. Bütün bu təzyiqlərə qarşı olduqca soyuqqanlı idi. Ən başlıcası dayanmadan işləyir və yeni-yeni kitablarını yazırdı. Bundan sonra baş verən hadisələr daha çox özümün Ocaqdakı fəaliyyətimlə bağlı olduğu üçün, onların sizin üçün maraqlı olmayacağını düşünüb, bu qısa xatirələrimi burada bitirirəm. Məqsədim sizə Asif Ata haqqında qısa bir məlumat vermək idi, onun kimliyinə və görmək istədiyi işlərə işıq salmaq idi. Asif Atanın təlimini öyrənmək istəyənlər isə onun yolunun davamçısı olan Soylu Atalı ilə əlaqə saxlayıb istədikləri bilikləri öyrənə bilərlər.




