Xəbərlər

Qutsal “Ruhani İdrak Günü” törəni

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı 25 Çiçək Ayı, 47-ci ildə (aprel,2025) Ruhani İdrak Günü mərasimini gerçəkləşdirdi. Mərasim quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Qutsal Gün`ümüzə başlayırıq. Ocaqda ölənlərimizin adını anırıq, onları həmişə Ocaqda bilirik: Sabahlı, Bağban, Amaltay bizimlədir.
Qutsal “Ruhani İdrak mərasimi” haqqında bir neçə söz deyim. Bu sözün birinci anlamı Ocağımızın tələbləri ilə bağlıdır. Biz Asif Atanın Ocağına üz tutanda hər birimiz and içirik. Amal andı içirik, öz üzərimizə öhdəlik götürürük – “ömrüm sənindir Ata, onu götür, istədiyin kimi sərf elə. Andıma xilaf çıxsam özümü ölmüş bilərəm” deyirik. Bu andı Asif Ata özü yazıb, ancaq biz ona könüllü olaraq, öz içimizdən gələn istəklə, tələblə and içirik. Birinci sözüm bununla bağlıdır ki, nəyə görə Asif Ata belə bir gələnək yaratdı, niyə And, niyə Nişanə, niyə Rica?! Niyə Ocağa gəlirsən deyə rica yazırsan?! – Çünkü biz elə bir dönəmdə yaşayırıq ki, bu dönəmdə insanların içində başı-ayağı bilinməyən bir nizamsızlıq var. Bunun adına demokratiya deyirlər. Bilirsiniz ki, Asif Ata heç vaxt demokratiyanı qəbul etməyib. Mən də demokratiyaya qarşı həmişə davamlı şəkildə yazı yazmışam, mətbuatda çıxış etmişəm. Bizim yaxın dostlarımızdan bəziləri Ocaqdan qıraqda demokratiya təbliğatı aparır. Ancaq bu adamlar demokratiyanın nə olduğunun, nəyi təbliğ elədiyinin fərqinə varmır. Baxın, Asif Ata bizim qarşımızda məsələ qoyur, bizə yazdırır: “Ömrüm sənindir Ata, onu götür, istədiyin kimi sərf elə”. Demokratik anlayışla yanaşsan Asif Ata burada mənəmlik edir. Bizim qarşımızda şərt qoyurki, Ocağın tələblərindən fərqli davranmamalısan. Həm buna özünü yaratmaq üçün vərdiş etməlisən, həm də bunu yaşatmalısan, yürütməlisən. Məsələn, Asif Atanın görüşlərinin birində (yanılmıramsa Yadullanın uşağı idi, ya da Elxanın uşağı idi) uşağı ora gətirmişdilər. Uşaq ağlayıb səs salırdı. Ata üzünü turşudub dedi, mənə mane olursunuz. O vaxtlar o görüşə qatılan bir nəfər, bu yaxınlarda, feysbukda onu Asif Ataya irad kimi yazır ki, Asif Ata diktatordur. Baxın, demokratik məsələlərlə yanaşsaq, onda Ocaq adlı bir məsələni qatlayıb qırağa qoymalısan. Demokratiya hər kəsin içində anarxiya yaradır. Hünərin var orada bir tələb qoy ki, “sən insan olmalısan, sən millət olmalısan, sən dövlət olmalısan. İnsan, millət, dövlət olmaq üçün bunların şərtləri var, özəllikləri var. Bu özəlliklər sənin qarşına tələb kimi qoyulur. O tələbləri yerinə yetirirsən olursan, yetirmirsənsə olmursan”. Yerinə yetirmək üçün o tələblər qarşına qoyulanda demokratiya deyir, bu tələb diktatorluqdur. Sənə diktator damğası vurur,  səni olmağa, eləməyə qoymur. Eyni halı mən də yaşamışam. Yadınıza gəlirsə, bir dostumuz tədbirlərimizin birinə Keşlədə yaşayan bir aktrisa qızı çağırmışdı. Qızın şüuru bir az yerində deyildi. Mənim qarşımda oturmuşdu. Gözümü yorur, əlini qaldırır, dodağının altında nələrsə deyir, söz istəyirdi. Anlamır ki, bura sənin üçün konfrans deyil, kitab təqdimatı deyil, necə gəldi davranasan. İstənilən adama söz veririk, dinləyirik. Ancaq bazar yaratmaq olmaz. Axırda mən dedim, siz mənə mane olursunuz. Sonradan onu çağıran yoldaş dedi ki, Soylu bəy burada diktator kimi davranır.
Baxın, biz Ocaq olaraq nələri öyrənməliyik, nələri yaşatmalıyıq, necə olmalıyıq, –  bu suallara biz cavab verməliyik. Özü də şablon cavab yox, geniş, konseptual, içimizdən. Bu gün Ruhani İdrak mərasimidir. Ruhani idrak, – özünü necə gəldi, şablon şəkildə sırımaq deyil, özünü ağıllı göstərmək, mən də varam demək deyil. Ruhani idrak – qarşına olduqca böyük sorumluluq qoyan bir məsələdir. Səndən davranış tələb edir, səndən doğru, düzgün danışmaq tələb edir, səndən sorumluluq, diqqət, tabeçilik tələb edir. Əgər bu dediklərim yoxdursa, özbaşınalıq var. Özbaşınalıq olan yerdə Ocaq yoxdur. Ruhani idrak özünə hakim olmaq deməkdir.
Bütün bunların fonunda bir məsələni də sizə xatırlatmaq istəyirəm. Asif Ata mərasim keçirəndə tələb qoyurdu. Deyirdi, mərasimə beş dəqiqə qalmış gəlib çatmaq mərasimə gecikmək deməkdir. Niyə deyirdi bilirsinizmi?! Ocaqda İnamnur adı almış bir xanım vardı. Onun varlığında ən böyük işi “türk abesi”ni işləmək olub. Biz onu göz bəbəyi kimi qoruyuruq. Özü bəlkə də abeni unudub. Ancaq biz onu yaşadırıq. Hər bir insanın nə kimi yaxşı keyfiyyətləri varsa, biz onun yiyəsiyik. Özü yiyəsi olmaya bilər, ancaq biz yiyəsiyik.
O xanım hər dəfə törənə gecikirdi. Mən ona önərdim ki, sən Ocaqdan çıx. Ondan sonra mənə kin bəslədi. Mənim yerlimdir, onun Ocağa gəlməsindən öncə də münasibətimiz olub, Ocağa da mən gətirmişəm. Bütün mərasimlərin hamısına gecikirdi. Neftçilərdə qalırdı, biz Keşlədə mərasim keçirirdik. Keşlə ilə Neftçilərin arası 15 dəqiqədir. Həmişə deyirdim, mərasimə gələndə evdən 40 dəqiqə tez çıx, Ocaqçılarla söhbət elə. Eləmirdi, hər dəfə bəhanələr deyirdi. Özü xətrini istədiyim biri idi, yaxşı adamdı, bu toplumda çoxlarından üstündü. Ancaq bunlar Ocağın qarşısında daşıdığın sorumluluğu kompensasiya eləmir. Dönə-dönə gəlib qapının arxasında dayanıb ağlayırdı. Ona görə dedim Ocaqdan çıx. Özünün saya bir durumunu düzəldə bilməyən adam Ocaqda yol gedə bilməz axı… Mən bunların hamısını ruhani idrakın zəruri tələbi hesab edib sizə deyirəm. Ata bizə deyirdi, mərasimə gecikən gəlməsin. Gəlib mane olmasın, gedişi pozmasın. Bu nə deməkdir, bu nəyin tələbidir, nəyin özülüdür, bilirsinizmi?! – Xalq olmağın. Asif Ata deyirdi, dəqiqliyi almanların ixtiyarına verməyin, türklər onlardan dəqiq olub, özünüzdə bərpa edin. Bütün bunların hamısı bizim ruhən, mənən yetişməyimiz üçün, hansı məqsədə qulluq eləməyimizi aydınlaşdırmaq gedişləridir, bunları özümüzə demək gedişləridir. Məsələn, qardaşımız deyir, mən Nişanəni gətirməmişəm. Mən sizi çox sevirəm, bunu başqa cür qəbul etməyin. Ancaq əgər evdə çörək yoxdursa, onu almaq gərəkdirsə, onu heç kim unutmaz. Bəs Nişanəni niyə unuduruq?! – Tələb böyükdür: hər şeyi unut, Ocağı yox. Bax, Ocaq onda var olacaq, xalq onda yaranacaq. Xalqa siz ölçü verirsiniz. Ölçü anarxiya səviyyəsində, necə gəldi verilmir. Ölçü idealdır, o idealı xalqa verirsən ki, hər şeyi bu etalonla tutuşdur. Onda sən xalq olacaqsan. Yox əgər ölçü yoxdursa, elə anarxiya olacaq, xalq yaranmayacaq.
Biz heç bir vaxt çox olmayacağıq. Çünkü bu tələbləri hamı ödəyə bilmir. Ancaq biz sayımızı çoxaltmaq xətrinə bu tələblərimizdən vaz keçməli deyilik. Ocağın nizamını, ləyaqətini qorumaq tələbimizdən qırağa dura bilmərik. Ata deyirdi, hamınız Ocaqdan getsəniz də, Ata tək qalsa da, Ocaq yaşayacaq. Niyə deyirdi, – çünkü nizam-intizam, tələb, özünə güzəştsizlik, Ocağın ləyaqətinə qarşı güzəştsizlik Asif Atanın varlığına hakim olmuşdu.
Ocağa, say baxımından, nə qədər adam gəlib-gedib, qalmayıblar. Ya qalmayıblar, ya da biz qoymamışıq qalmağa. Mən Göylünü necə sevirəm, bunu bilirsiniz. Ocağın ən ağır işlərinin altına girmişdi, necə böyük işlər gördü. Ancaq mən Ocağın enməməsi üçün Göylüyə güzəşt eləyə bilmədim. Gerçəkdən Göylünün Ocaqda enişinə dönə-dönə ağladım.
Bu həqiqətləri bilməliyik, yaşatmalıyıq. O zaman biz İnsanlığın gələcəyinin ruhani modelini vermiş oluruq. Bununla insanın ölməzlik həqiqətini, əbədilik həqiqətini təsdiq eləmiş oluruq. Bizim üçün ruhani idrak mərasiminin əsas tələblərindən biri budur.

 İndi ikinci sözümü deyim. Mən bəzi qeydlər aparmışam, yeni bir yazı üzərində düşünürəm. Mənə elə gəlir, bu yazını istədiyim kimi yaza bilsəm, özüm üçün inqilabi çevriliş ola bilər. Əsas motiv nədir?! – Bu gün dünyada baş verənləri hamınız izləyirsiniz. Bunlar ümumi demokratiyanın anarxiyasıdır, xalqları oyuna gətirir. Xalqları oyuna gətirdiyinə görə İnsanlıq özü zədə götürür. Burada məsələ bizim üçün – türk millətinin yarana bilməsi, ya da sıradan çıxması üzərində fokslanır. Türk milləti necə yarana bilər, niyə sıradan çıxır, – bu suallara biz ruhaniyyat açısından cavab verməliyik. Niyə ruhaniyyat açısından, indi o qonunun üzərinə gəlirəm. Mən Atatürkü sevirəm. Atatürk olmasaydı bu gün Quzeydə Azərbaycan Respublikası da olmayacaqdı, nəinki Türkiyə. Sevr andlaşmasına görə Türkiyə balaca bir yer olacaqdı, Türkiyənin Güney Anadolusunda, eləcə də, Orta Anadoludan üzü doğuya doğru erməni, kürd dövlətləri yaranacaqdı. Erməni dövləti o biçimdə qalmayacaqdı, Quzey Azərbaycanı da içinə alacaqdı. Hədəf o idi. Bu hədəflər pozulduğuna görə Quzey Azərbaycanın bir parçasını verdilər erməniyə. Mən tarixi geniş danışıb sizin vaxtınızı almaq istəmirəm. Əsaslandırmaq istəyirəm ki, Atatürk bu oyunları pozdu. Ona görə Atatürkü sevirəm. Ancaq nə yazıqlar ki, Türkiyə bu günədək Atatürkdən qırağa çıxa bilmir. Atatürk siyasi xadimdir. Siyasi xadim kimi zorən iki xarakter yerinə yetirir. Bir türkçülük prinsipi üzərində oluşmuş xarakter, bir də siyasi manevr edən xarakter. Manevr etməlidir, dünya var, çevrə var, güclər var, içəridə problemlər var. İçəridəki duruma görə bir xarakter sərgiləməlisən, çöldəki duruma görə bir xarakter sərgiləməlisən. Dəyişkən manevrlər üzərində fokuslanmalısan. Bu isə xalq üçün, xalqın formalaşması üçün ölçü ola bilməz. Bu, dövlətin qorunması üçün ölçüdür, xalqın formalaşması üçün yox.

Kamalizm sistemi var. Bu sistemdə Türkiyə dövlətinin özül siyasi prinsipləri öz əksini tapıb, ordu dövləti, tək yönətimi Millət Məclisinin yönətimi ilə əvəz eləmək kimi tələb var, – bunlar Tükiyəni dış güclərin basqısından qorumaq üçün sanballı bir sistemdir. Dövləti qorumaq sistemidir. Yenə deyirəm, Kamalizm sistemində dövlət sevgisinə çağırışlar var. Ancaq bunlar sadəcə nəzəri çağırışlardır. Bu, konseptual baza deyil. Xalqın formalaşması üçün bunlar yetərsizdir. Bu gün Ərdoğan dış güclərin dəstəyi, tələbi ilə Atatürkün siyasi sistemini işlək durumdan uzaqlaşdıra bildi. Bütünlüklə Ərdoğanizm sistemi işləyir. Özünü aldatmaqla deyil axı. Nəyə görə Ərdoğanizm işləyir, Atatürkçülük işləmədi?! Əgər Türkiyənin, xəlqi dəyər baxımdan, ölçüsü Asif Ata olsaydı, Türkiyədə Atatürkü qırağa qoya bilməyəcəkdilər. Demək istədiyim odur ki, bütövlükdə türk ulusu üçün siyasi baxımdan Atatürk sistemi, xəlqi baxımdan Asif Atanın dəyər sistemi olmalıdır. Bundan qıraqda türklüyün gələcəyini düşünmək alınmayacaq. Bu baxımdan mən deyirəm, biz bu gün Atatürk sistemini xəlqi baxımdan türk ulusuna ölçü kimi verə bilmərik. (Siyasi sistem Xəlqi sistemi əvəz edə bilməz). Eyni halda, bir şeyi gözə almaq gərəkdir, dünya getdikcə dəyişir, siyasi baxımdan da dəyər dəyişir, düzən dəyişir. Bu dəyişikliklərə uyğun şəkildə sən öz qoruyucu prinsiplərini qurmalısan. Konservativ yanaşmalı deyilsən. Köhnəlik üzərində dayanıb da sən gələcəyə addım götürə bilməzsən. O sıradan, mən sizə demişəm, indi də deyirəm:bu gün Tanrıçılığa dayanıb İslama qarşı duranlar yanılırlar. Tanrıçılığa qayıdış alınmayacaq. Bəşər tarixində belə bir şey olmayıb ki, hansısa köhnə dəyərlərə qayıdasan, onun üzərində yenidən özünü bərpa edib xalq olasan. Mümkün deyil. Köhnəlik köhnədə qalır. Köhnəliyin içərisində sənə gərək olan hansısa dəyərlər varsa o dəyərləri yeniliyin mayasına qatırsan. Köhnəlik üzərində inkişaf olmur, o dayanır. İnkişaf odur ki, daim qabağa getməlisən. Bu gün sənin inkişaf tendensiyanın əsasını nə təşkil edə bilər – Asif Atanın dəyər, ideya sistemi. Mən bu məsələnin üzərində işləyirəm. Burda dediyim nədir, – baxın, Turan ideyasını atıblar ortaya. Bu gün səhər izlədim, Qurbanqulu Berdiməhəmmədovu qarşılayırlar, mədəniyyət örnəklərindən bir şeylər göstərirlər. Onu sazla qarşılayırlar. Sonra başlayırlar ona nəyisə izah etməyə. Bütünlüklə rus dilində. Sən milli mədəniyyətini nümayiş elətdirirsən, ancaq rus dilində danışırsan. Bu adam Turan qura bilərmi?! Turan məsələsinin ayrı özəllikləri var. Milləti millət kimi formalaşdıran birinci koşul dildir. Sən rus dilində danışırsan, öz dilini bilmirsən. Azərbaycan dövlətinin strukturlarında türk dilini bilənlər yoxdur. Respublikanın baş baxanı erməni budaq cümləsi ilə danışır, türk dilini bilmir. Bu insanlardan sən Turan qurmaq umursan. Bunlar Turan qurmaq üçün gəlməyib, gətirilməyib. İkincisi, bunlar istəsələr də Turan qura bilməzlər, çox çətin bir məsələdir. Sən bir uşaq doğasan verəsən yad bir millətin qadınının əlinə ki, bunu tərbiyə elə. Türk ruhunda tərbiyə elə. Türk ruhunda necə tərbiyə eləsin?!  Onun öz dili var, öz dilində danışacaq. Öz düşündüklərini ona aşılayacaq. O ayrı cür düşünür, türk kimi düşünmür…
Hələ də bu insanlara çatmır, belələrinə ümid bəsləyirlər. Ümid bəsləməklə olmaz. Bəzi adamlar yazırlar ki, elmi hesablamalara görə yaxın yüz-yüz əlli ildən sonra heç bir din olmayacaq. Dinə ehtiyac da olmayacaq. Yəni din olmayacaq, bu öz yerində. Ancaq bunlar inanc məsələsini deyirlər. İnanc olmayacaqsa onda bəşəriyyət nə deməkdir?! İnanc olmayacaqsa sən mənimlə bu stolun arxasında necə oturacaqsan. Baxın görün nələri ortaya gətirirlər. Bunların hamısı insanı ümumi icmaya çevirməyə hesablanır. Fərdiyyətin rolunu ortadan qaldırmağa çalışırlar. Mənim bayaq dediyim yazının içərisində özəl bir xətt tutan nədir, – şəxsiyyətlə xalq. Bir neçə söz bununla bağlı sizə deyim. Biz həmişə kimləri qəhrəmanlaşdırırıq?! Deyirik Babək qəhrəmandır, nəyə görə qəhrəmandır? Nə görürük, xalqın yolunda qoyduğu ömrü, cəfanı. Ancaq o ərdir, atadır, məişəti var, evi var, qayğıları var. Biz bunların heç birini görmürük. Bu onun ailəsinə, özünə gərəkdir, xalqa gərək deyil. Xalqa gərək olan nədir, xalqın yolunda çəkdiyi cəfa. Düzdür, sənin məişətin, evin, ailən fərdi həyatın xalqın dəyərlərinə, əxlaqi gələnəklərinə zidd olmamalıdır. Zidd olarsa sən onsuz da xalq üçün çalışmazsan. Biz ona görə də onu qəhrəmanlaşdırırıq. Hər kəsin yükünü bir adam üzərinə götürür, onu inkişaf etdirir. Sonra hər kəsə paylamalı olur. Hər kəsi bu sorumluluğun çətirinin altına yığmalı olur. Onunla nə yaranır, – xalq. Biz ona qəhrəman deyirik. Bax, o qəhrəman birdir. Xalqın içində qəhrəman on nəfər də olanda yenə birdir, yüz nəfər də olanda. Onlar təklərdir. Xalqı oluşduran onlardır. Xalqın bütün keyfiyyətlərini onlar öz ömürlərinə yığırlar. O keyfiyyətlərlə yükləndiyinə görə xalqı sorunlardan qurtarırlar. O keyfiyyətləri xalqa ölçü, örnək olaraq verirlər. Xalq o ölçü ilə, o örnəklə toparlanıb özünü qurmalı olur, gələcəyinə addım götürür. Şəxsiyyət – Xalqın qurulmasında rol almaqdır. İndi isə şəxsiyyətin rolunu sıfıra endirirlər. Toplumsal düzeydə görünmək istəyənlər çalışırlar şəxsiyyəti sındırsınlar. Hərə özünə görə bir ağadır. Dış Güclər, onların ideologiyaları (demokratiya həşiri) kütləni şəxsiyyətə qarşı qoya bildi.
Hər kəsin şəxsiyyət olmaq haqqı var, imkanı var. Heç kim o haqqa, o imkana qarşı deyil. Ancaq olmursan. Olanı da görmürsən, eşitmirsən. Turan qurulur deyə həşir salırlar. Turanı şəxsiyyətlər qura bilər, onun-bunun buyruğunda durub öz ölkəsinə ağalıq eləyənlər deyil. Türklərin ayrı-ayrı dövlətlərinin başında olanlar xalqla dış güclərin arasında dururlar. Onlar özlərinə bir dəfə də sual vermirlər ki, görüm xalq məndən nə istəyir, dış güclər nə. Hansını eşitməliyəm?! – Dış gücləri eşidir, qarşılığında qarantiya alır, – hakimiyyətinin ömrünü uzadır, gəlirlərinin ömrünü uzadır, ağalığının, eqoizminin, mənəmliyinin ömrünü uzadır. Xalqın üzərində hər cür sayıqlamalarının ömrünü uzadır. Bu ağaları kütlənin içində savunan “qabaqcıllar” var. Onlar bizə ağıl öyrədirlər: – yox, siz bilmirsiniz, siyasət belə olur,dışarıdan basqılar var, filan. Dışarıdan basqı həmişə olacaq. Sən dışarının basqısına qarşı necə dayanırsan?! – Xalqı uçurursan, deyirsən, dışarıdan basqı var. Xaricdən basqı ona görə var ki, sənin arxanda xalq yoxdur, xalqı uçurmusan. Xalqı uçurma, xalq sənin dayağın olsun. Onda dışarıdan basqı işləməyəcək. Ancaq işləyir, çünkü Dışarı sənə verdiyi vədlərin qarşılığında xalqı uçurmaq tələbi qoyur sənin qarşına. Qarşına xalqını küçümsəmək tələbi qoyur. Mən gəlib sənin içində sənin xalqına ağalıq edəcəm deyir. Sənin böyüyün mən olum, sən də xalqın böyüyü ol. Sənin vasitənlə mən sənin xalqının böyüyü olum, ağası olum. Bunların hamısını dərk etmək yolu şəxsiyyət olmaqdan keçir. Şəxsiyyət – özünü dərkin əsasında yaranır. Özünü dərkin əsasında isə ruhani idrak durur. Atanın “ruhani idrak” mərasiminin canı budur. Bizə aşıladığı, öyrətdiyi həqiqətlər budur. Yerdə qalan çabaların çoxu papağı günə yandırmaqdır. Millətçi sayılanların davranışlarına baxın, – xalqa acıqlanırlar, kütlədən çox şeylər umurlar. Kütlə özündən ayrılıb, daha doğrusu, xəlqi mahiyyətindən ayrılıb. Sən bu kütləni böyütmək üçün çalışmalısan. Xalq eləmək üçün, dəyər yaratmaq üçün, dəyərini ona qaytarmaq üçün çalışmalı olduğun halda, onu söyürsən, acıqlanırsan ona. Ona Məhəmmədin elədiyini eləyirsən. Məhəmmədin səhabələri gəlib mənim xalqımın içində sevgi yaratmadı, inam yaratmadı. Acıqlandı, üstünə qılınc çəkdi. Qılınclaya qılınclaya onu müsəlman elədi. Min ildir sənin xalqın acıqla, qılıncla müsəlman olub, əyilib. Min ildir özünə qayıda bilmir. Ona görə xalqa acıqlanmaq yox, yeri gələndə yalvarmaq gərəkdir ki, “daşı ətəyindən töksün”. Asif Atanın işi odur. Ayrı-ayrı ərkləri öz yerində, bəzən ərk də edə bilərik, öz balamıza ərk edib sərt davranan kimi xalqımıza da sərt davrana bilərik. Ancaq xalqı küçümsəmək, sən sürüsən, axmaqsan, osan, busan, mən yaxşıyam demək yekəbaşlıq olar. Çünkü bu xalq səninkidir. Sən xalqa üstdən aşağı baxsan, aşağıladığın kütləyə gərək deyilsən. Səni dışlayacaq, qəbul etməyəcək.
Ölçü itib. Asif Ata ona görə Ocaq yaratdı. Ona görə dedi düşündük, daşındıq, Ocaqlaşma yolu tutduq. Bütün bu aşamaların hamısını Asif Ata görüb, bəzi məqamları sınaqdan keçirib, o qənaətə gəlib ki, Ocaqlaşma yolu gərəkdir. Ocaqlaşma yolundan başqa yol xalqı yaratmır. Xalq ruhani oluşum deməkdir, xalq fiziki, bioloji oluşum deyil. Bioloji olan kütlədir, say-soy artırandır. Azərbaycanda çox tanıdıqlarımız var, millətçi sayılırlar. Əslində onlar din adı altında ruhaniyyata hücum edirlər. Din ruhaniyyat deyil axı. Dində ruhaniyyat ölüb. Ruhaniyyat səninlə mənim sevgimdir, doğmalığımdır, münasibətimdir, ananın balaya qarşı özündən keçməsidir, dostun müqəddəs sədaqətidir, yalansızlıqdır, dürüstlükdür, – xalq olmaqdır. İmkanda olan gözəllikləri aşkarlayıb davranışa, münasibətlərə gətirməkdir. Sən buna hücum edirsən. Ruh İnsanlığın ifadəsidir. İnsanlıq ruh vasitəsi ilə ifadə olunur, bədən vasitəsi ilə ifadə olunmur. Sən bu hücumlarınla kütlə yaradırsan, biologiya yaradırsan, xalq yaratmırsan. Ateizmi bayraq edirsən, ateizm davamlı, ardıcıl maddiyyatçılıqdır. Davamlı, ardıcıl mövcudluğu ölçüyə çevirməkdir. Davamlı, ardıcıl həyat uğrunda mübarizədir. Həyat uğrunda mübarizə məişət uğrunda mübarizədir. Dolanışıq üçün qamarlamaqdır, tamahdır, tamah uğrunda mübarizədir, nəfs uğrunda mübarizədir. Həyat uğrunda mübarizə həqiqət uğrunda mübarizə ilə əvəz olunmalıdır. Həqiqət uğrunda mübarizə isə xalq uğrunda mübarizədir, gələcək uğrunda mübarizədir, müqəddəs ölçülər uğrunda mübarizədir. Ona görə biz Atanın tələblərinin ardınca gedirik. Bunu da öz ömrümüzə çevirməyə, davranışlarımıza gətirməyə çalışırıq. Bilirik ki, gec-tez İnsanlığın mənliyində, varlığında bu oturuşacaq. Ayrı yolu yoxdur.
Atamız var olsun!

 İnamlı Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): İdrak Günü münasibətilə Ocaq bacı-qardaşlarımı qutlayıram. Hamınıza müqəddəs yolumuzda uğurlar arzulayıram. Amalda inamı mən necə başa düşürəm? – Dünyanı tanımalıyıq, həyatı tanımalıyıq, insanı tanımalıyıq. Bu tanımada biz həmin ruhani xətti görməliyik. (Bu düşüncələr hamısı özümə aiddir). Ruhani xətti görməliyik. Ruhani xətt deyəndə nəyi başa düşürəm?! – Birincisi dünya Məna üstə qurulub. Bunu başa düşürəm. İkincisi də insan ikili varlıqdır. Bunun ikinci varlığı müəyyən qədər kölgədə qalır. Əsas isə Mənanı dərk etməkdir. İnsana gələndə isə insan tamam yeni bir mövzu kimi, yeni bir hal kimi ortaya çıxır. Çünkü insanın dünyadan, həyatdan fərqli olaraq dünya və həyata müdaxilə etmək, dünya və həyata təsir göstərmək imkanı, gücü var.
İnsan ikili varlıq olduğu üçün həyatı başqa cür təsəvvür etmək mümkün deyil. Məna gerçəklikdə üzə çıxmalıdır. Hərdən mən fikirləşirəm ki, Mütləqin hardasa səhvi varmı. Çox ziyanverici heyvanlar var. Bunun yaranmasının səbəbi nə ola bilər? İnsanlar üçün müxtəlif cür qurulub, həm fiziki baxımdan, həm mənəvi baxımdan. Ancaq sonradan elə düşündüm ki, kim necə qurulubsa, kim özünə necə baxırsa, kim həyata necə baxırsa fərqi yoxdur, onun öz varlığında Məna nişanələri üzə çıxır. O heç bir varlıqda üzə çıxa bilməz. Bu bənzərsizlikdə onun özünün də varlığı həyat üçün, dünya üçün, Mənanın gerçəkləşməsi üçün vacib bir haldır. İnamdan sonra idrak gəlir. Bu artıq düşüncə ilə təsdiq olunur. İnsanın heyvandan fərqi düşüncə tərzinin olmasıdır. Duyğulanmanın olması insanı heyvandan ayırır. İdrak həm amallaşmada, həm İnsanlaşmağımızda bizə kömək olur. Özümüz özümüzün qarşısında sübut kimi qoyuruq ki, bax bu inamın təsdiqidir. Bayaq qardaşımız çox gözəl, əhatəli bir yanaşma etdi. Düşünürsən ki, bu idrakla həyatın təsdiqini tapırıq, dünyanın təsdiqini tapırıq, cəmiyyət arasına idrakla çıxırıq, özümüz özümüzə təlqini idrakla edirik. İdrakın gücü çox böyükdür İnamın təsdiqində. Özünüdərkdə idrakın rolu öndə gəlir. Mənə dədə-babadan o qədər təlqin olub ki, elə bil din qana hopub. Özü-özünə inam kimi hopub daxilə. Ancaq artıq neçə ilin Ocaqçısında bu qalmayıb. Artıq Ocaqçı bilir ki, daxildəki din insanı aldadır, yanlış yola aparıb çıxarır. Bir halda ki, əgər insan Mənaya çatmırsa, insan maddiyyatçılığı yaşadacaqsa, öz məişətini əsas sayacaqsa bunlar artıq dinin təlqinində də aradan qalxmır. Cəmiyyətdə də qalxmır, insanda da qalxmır.
…İnsan, millət və bəşər. Millət içində fərd necədirsə, bəşər içində də millət o ölçüdədir. Bir neçə gün bundan öncə iki nəfərlə bu istiqamətdə çox geniş söhbətimiz oldu. Millətin bugünkü durumu nədir, qardaşımız geniş izah verdi. Millətlərin bir-birinin içinə girməsi, Azərbaycanda indiki durum, insanlarımızın gedib başqa millətlərin içində xoşbəxtlik axtarması. Söhbət bu yöndə oldu. Mən amal baxımından öz düşüncələrimin izahını verdim. Bəlkə də mənim verdiyim izah elmi şəkil aldı, mən onlara onların səviyyəsinə uyğun olaraq öz düşüncəmi tam olaraq çatdıra bilmədim.
İdrakla bağlı qonuda çox gözəl suallar qoyulub, onunla bağlı kiçik bir yazım var. İstəyirəm o yazını sizə oxuyam.

Ürəyinizdə Günəş olsun, sevimli yurddaşlarım!
 İnsan işıqdır – qaranlıqları yaran!
 Bəşər tarixində bu günə kimi insanın tapındığı inamlar nisbi inamlar olub. Bu inamlarda insanın təbiəti, kimliyi bitkin, tam şəkildə açılmamış, ruhani imkanları düşüncədən uzaq tutulmuş, başlanğıcdan məhdudlandırılmışdır. Bütün hallarda insan ya fövqəltəbii qüvvələrdən, ya da ictimai münasibətlərdən asılı duruma salınmışdır. Bununla da İnsan öz Mənasından ayrılmış, özünü itirmiş, Mənanı təsdiq etməli olan fitri imkanlarını Mənanın təkzibinə yönəltmişdir. Bu Qüdrətli Varlıq zəlil günə salınmışdır. İnsanın duyğuları, düşüncələri, əməlləri yanlış istiqamətlərə yönləndirilmişdir. İnsan özünüdərkin başlanğıcından yalanlar burulğanında yaşamağa alışmışdır. Özü öz yaratdıqlarının qurbanı olmuş, quluna çevrilmişdir.
 İctimai münasibətlərin ağırlığından ağrılı-acılı duruma düşdükdə isə yanlış olaraq xilası özündə deyil, özündən qıraqda axtarmışdır. Bu səbəbdən də insan şərdən ayrıla bilməmiş, Asif Atanın təbirincə desək, bir dairədə ilişmiş, ondan qırağa çıxa bilməmişdir. Tarixi  prosesdə az-çox nail olduğu ruhani-mənəvi inkişafa isə insan, Mənadan gələn daxili xislətinin tələbiylə təbii şəkildə çata bilmişdir – dünya kimi, həyat kimi.
 Kimdir insan, İnsanın dünya ilə, həyat ilə oxşar,fərqli cəhətləri nədir? – Bu suallara cavabı insan öncə öz inamında tapır.
 Asif Atanın təbirincə, dünyada, həyatda, insanda insanı duyğulandıran, düşündürən, böyüdən, ucaldan, yüksəldən, ülviləşdirən, gözəlləşdirən, xeyirləşdirən, Mənaya  yönəldən nə varsa – İNAM odur. İnsanı kiçildən, əskildən, alçaldan, kölələşdirən, şərləşdirən, özündən, öz Mənasından ayıran nə varsa küfrdür. Həqiqi İnam insanı Mütləq Məna qənaətinə gətirir, insanda dünyagörüş yaradır, ideal yaradır, əxlaq yaradır, iradə yaradır. İnsan dünyada, həyatda, insanda Məna görür, Məna axtarır, Mənaya qovuşmağa can atır. Mənanı duyğularında görür, düşüncəsiylə təsdiqləyir, əmələ çevirir, Mənalı yaşayır.
Toplum insanın üstünlüyünü pulda, rütbədə, mənsəbdə, təmtəraqlı həyat tərzində, zorda, zahiri görünüşdə görür. Mütləqə üz tutan insan üstünlüyü ləyaqətin, mənəviyyatın təsdiqində, saflıqda, doğruluqda, həqiqət aşiqliyində, doğmalıqda, mərhəmətdə, qayğıda, sadəliyə, gözəlliyə vurğunluqda görür. Həyatını da o cür qurur, o cür yaşayır. İnsanın bu halı özünüdərk adlanır.
 İnam gələcəyə yönəlir, sabaha üz tutur. İnsan bu gün dünənindən, sabah  bu günündən üstün olmaq imkanına inanır. İnsan inanır ki, o, sabah bu günün şərindən azad ola bilər, olmalıdır. İnsan inanır ki, o, sabah bu günündən daha xeyirxah, daha ədalətli ola bilər, olmalıdır. İnsan inanır ki, o, sabah qarşılıqlı hörmətə, bərabərliyə, doğruluğa, halallığa əsaslanan təbəqəsiz, rəqabətsiz, münaqişəsiz cəmiyyət yarada bilər, yaratmalıdır. Sabaha çatmaq insanın Məna, İnsanlıq qarşısında borcudur. Çünkü insanın ruhani halı, özünü yaratmaq, daxili dünyasını zənginləşdirmək imkanları Mənadan gəlir. “İnsan kimdir” sualının həqiqi cavabını insan, Mütləqlə təmasında, həyatını Mütləqlə (Mütləq, Məna, Mahiyyət sinonim sözlərdir) tutuşdurmaqda görə bilər.
 Mütləqə İnam təlimi varlıq haqqında aydın təsəvvür yaradır. Dünyada, həyatda,insanda baş verən bütün dəyişmələrin bitkin, tam, yalansız cavabı Mütləqə İnam dünyabaxışında aydınlaşıb işığa çıxır.
Mütləqə inam qismətçilikdən, xurafatdan, uydurmadan, yalanlardan, cəfəngiyyatdan uzaqdır. Mütləqə İnam insana üz tutur, insanı alçaltmır, kiçiltmir, böyüdür, ucaldır, özünə çatdırır. Biliyə, fəlsəfəyə, ruhani idraka, duyğuya əsaslanır. Bu açıdan Mütləqə İnam insanın daxili imkanlarına, iç dünyasına əsaslanan real təlimdir. Mütləqə İnam dünyabaxışı dünya, həyat, insan haqqında həqiqi bilik verir.Mütləqə İnam təliminə görə, hər bir insan saflaşa, kamilləşə, müqəddəsləşə bilər. Ənənəvi bir ifadədə deyildiyi kimi, toxumda ağac olmaq imkanı olduğu kimi, insanda da İnsanlaşmaq imkanı var. İnsan daxili dünyasındakı bu imkanı şəri öldürmək, xeyiri becərməklə –özüylədöyüş yolu ilə gerçəkləşdirə bilər. Şəri öldürmək – insanın öz daxilində aşkarladığı şər sifətləri – ağalıq, mütilik, paxıllıq, xudbinlik, hərislik,rəqabət, şəhvətsevərlik, yalan, zor i.a qəbahətləri əməlsiz qoyması deməkdir. Xeyiri becərmək – yəni İnsanlığın təsdiqi olan dostluq, doğmalıq, kamillik, həqiqət,ədalət, ləyaqət,əxlaq, məhəbbət kimi insani keyfiyyətlərin əmələ çevrilməsi deməkdir. Mütləqə tapınan insan cəmiyyətdaxili, milli və bəşəri münasibətlərdə ruhani dəyərləri əsas tutur, bütün əlaqələrini ruhani, mənəvi münasibətlər üstündə qurur. Dünyaya, həyata insana faydası baxımından deyil, Mənanın təzahürü kimi yanaşır. Özündən kənardakı dünyada gözəllik axtarır, gözəllikləri görür. İnsan qəlbini qanadan,insan həyatını ağuya döndərən ictimai çirkinlikləri – pulçuluğu,ağalıq ehtirasını, rəqabəti, yağılığı, yamanlığı, təbəqələşməni rədd edir. İnsan dünyanın, həyatın, insanın varlığına qənim kəsilən bütün azğınlığı şər sayır və qamçılayır.
 Mən Mütləq Mənaya inanıram, İnamımda heç bir dumanlıq, qaranlıq yoxdur. Mən inanıram ki, Mütləqə İnamın qəbulu cəmiyyətin səviyyəsində çətin olsa da, doğru Yoldur, Həqiqət Yoludur.
Adam dünyanın maddi varlığına tapındığından ruhunu məhdudlaşdırmış, bu səbəbdən də dünyanın, həyatın, insanın əslinə vara bilmir. İnsan olan isə, əksinə, gerçəkliyin tələblərinə uymur, gerçəkliyə uyğunlaşmır,insanlar arasında mövcud ümumi əlaqələr, mənəvi qanunauyğunluqlar haqqında düşünür. Əsil dünya nədir, əsil həyat nədir, əsil insan kimdir suallarına cavab axtarır. Dünyanın,həyatın, insanın mayasında nə durur?! Dünyada dağıdıcı gedişlərin (zəlzələlər, vulkanlar, sunamilər və s.), həyatda cəngəllik qanunlarının (heyvanların vəhşiliyi və s.), insanda şər sifətlərin əsli varmı? Yoxsa,onlar nədən gerçəkləşir?
 Bundan əvvəl yazdığımız “dünyanın mənşəyi” mövzusunda dünyanın ikili varlıq – gerçəkliyi və daxili halı olduğunu demişdik. Dünya Məna nişanələrini daşımaqla yanaşı, maddi dəyişmələrə də məruz qalır. Maddi qanunlardan dağıdıcı qüvvələr – şər yaranır. Həyat Məna nişanələrini daşımaqla yanaşı kimyəvi dəyişmələrə məruz qalır. Bioloji tələbatlardan cəngəllik qanunları – şər yaranır. İnsan Məna nişanələrini daşımaq, ifadə etməklə yanaşı bioloji, sosial tələbatlara malikdir. Bioloji, sosial tələbatlardan cəmiyyət qanunları – şər yaranır. Dünyanın, həyatın özlərindəki şəri görmək, dəf etmək imkanı yoxdur. İnsanın isə özündəki şəri görmək, tanımaq, öldürmək, bununla da, şərdən azad olmaq imkanı vardır. Bu səbəbdən də insan Həqiqi İnama yiyələnməlidir ki, ilişib qaldığı şər dairəsindən çıxa bilsin. Dairə dedikdə,əksər insanların əsasən dolanışıqları, məişətləri ilə uğraşdığını, bacarıqlı, qabiliyyətli insanların,əsasən idarəçilərin ağalıq ehtiraslarından doğan mənfəət, mənsəb, şöhrət, şəhvət uğrunda cəngəllik didişmələri, bu xüsusda, sadə xalqın başında çatlatdıqları məkr, hiylə, zorakılıq, satqınlıq kimi hər cür riyakar oyunlar başa düşülür. Dairədə ilişib qalanlar dünyanın Mənasından xəbərsiz olurlar, İnsanlıq baxımından yazıq olurlar.
 Özüylədöyüşən insanlar ictimai həyatın qəbahətlərinə uymur, qatılmır, daxili  ləyaqətlərini qoruyub saxlayırlar. Burada incə bir məqam da var: İctimai həyatda haqqı haqsızlığın ayağına verməyən cəmiyyətlərdə insanlar nisbətən daha azad, daha xoşbəxt olurlar. Bizdə də,əgər hürufiləri öldürməsəydilər, dərk edib qəbul etsəydilər, bu gün Azərbaycan xalqı insani münasibətlərdə dünyanın ən üstün xalqı olardı. Çingiz xanlardan, Teymurlardan xalqlarına miras nə qaldı?! – Zəlillik. Dərin düşünəndə, xalqını sürü halına salanlar nifrətə layiqdirlər. Tarix ibrət olmur.Bu gün də mübariz insanlarımız təqib olunur, Vətəndən didərgin salınır, türmələrdə xəstəliyə salınıb öldürülürlər. Uşaq ağılları ilə görmürlərmi belə halın axırı yoxdur, özlərinə də, nəsillərinə də acınacaqlı tale hazırlayırlar. Özləri cəhənnnəm, milləti də zəlil günə qoyurlar.
 İnsanlıq olan yerdə bütün digər münasibətlər (iqtisadi,ictimai,siyasi) təbii şəkildə öz axarını tapır. Bu günkü maddi, texnoloji tərəqqi insanın,İnsanlığın xidmətində olardı, insana, İnsanlığa qənim kəsilməzdi.
 Mütləqə inananlar təkcə özləriylə yetərlənmir,elini, xalqını,bəşəriyyəti böyütmək, insanların mənəvi-ruhani səviyyələrini yüksəltmək üçün çalışırlar. Yalnız Mütləqə İnam əsasında insanların bir araya gəlişi Əbədi səadətin açarı ola bilər.
 Hər bir insanın daxilində Mütləqdən nəsə var. Ancaq bədbəxtlik ondadır ki, adamların böyük əksəriyyəti ömürlərinin axrına kimi özlərindəki Mütləqdən xəbərsiz olurlar. Bütün ömürlərini maddiyyat, hakimiyyət, şöhrət uğrunda çarpışmalara, döyüşlərə, xudbinliyə,dedi-qoduçuluğa, mənəmliyə həsr edirlər.Adamın fəlakəti ondadır ki, sevincini, xoşbəxtliyini, tanınıb-seçilməyini, özünütəsdiqini mənəmlikdə görür, mənəmlikdə axtarır. Cəmiyyətin səviyyəsi də aşağı olduğu üçün belə heyvərələr nüfuz sahibləri sayılır. Onlar insanın Mahiyyətindən xəbərsizdirlər, sönük,yeknəsəq bir həyat yaşayırlar. Öz bədbəxtliklərini başqalarına da, cəmiyyətə də yoluxdururlar.
 Sufilərin belə bir deyimi var: “Əgər şahlar bilsəydilər ki, biz hansı fərəhin sahibiyik, bizə müharibə elan edərdilər”. Sufilər vəcd Məqamında, daxili ehtizaz halında “hardadır dünyanın şahlarında belə bir ləzzət” – deyərmişlər. Bir dərindən düşünək: Başqalarını əzməkdən duyulan ləzzət heyvani həzzdir, əl yetirib, kömək etməkdən duyulan fərəh insani ləyaqətdir. Ya insan ol,insan olduğunu təsdiqlə,ya da heyvan olduğunu boynuna al.
İnsanlara daxili tamlıq diləməkdən böyük istək ola bilməz. Bunu mən də arzulayıram. Çünkü mən Mütləqə İnanıram!
 Atamız Var olsun!

Günev Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): İdrak günü ilə bağlı qoyulan qonulara münasibətimi bildirmək istəyirəm. Hələ heç bir xalqda idraka münasibət bizim xalqdakı qədər deyil. Bu qərara yaşadığımız dövrdə, Asif Ata Ocağında gəlməmişəm ki, bu belədir. Yaradıcılığı boyu Füzulidə, Nəsimidə, Nizaminin özündə, bir çox düşüncə sahiblərində idraka, həqiqətə münasibət bu xalqdakı qədər deyil. Bu münasibət fitri olaraq bu xalqın daxilindədir.

Soylu Atalı: Qol gücü daha çox önə keçib, nəinki başqa xalqlarda. Ona görə də türk olaraq bizdə daha çox səltənət qurmalar baş verdi. O qol-qıç söz deyib, idrak söz deməyib. Ata ona görə deyir ki, dünya türkün qolunun gücünü gördü, indi idrakının gücünü görməlidir. Asif Ata həmin idrakın gücünü ortaya çıxarır. Əhməd Yasəvi islam dini üzərində o qədər böyük variasiyalar yaradıb, rituallar yaradıb, həm də çıxışlar edib. Ancaq özünə xas olaraq idrak aşaması əslində Asif Atadan başlayır.

Günev Atalı: Bəli, mütləq şəkildə Asif Ata ilə başladı. Ancaq ona qədər bu xalq axı idraksız deyildi. Yeddi böyük mənəvi dəyər idraksız yaranmışdımı, Füzuliyə hansı tərəfdən baxırsan, başdan-ayağa eşqlə idrak qovuşur. Heç bir xalqın yaradıcılığında nə Şekspirdə, nə Hötedə, nə Hüqoda bu qədər idraka yaxın yaradıcılıqlara mən rast gəlməmişəm. Şekspirin Hamleti, Hüqonun Qaçaqları, hamısında gözəlliklərə meyil var,  Nizaminin özündə də var. “Eşqdir mehrabı uca göylərin” elə-belə yaranmır. İdraka aparan yol eşqdir. Eşqsiz idraka yetmək mümkün deyil. Yəni həqiqəti eşq vasitəsilə dərk etmək olar. Eşq ilə həqiqəti qorumaq olar, yiyə çıxmaq olar. Bəli, bu mütləq mənada Asif Ata ilə başladı başqa söhbətdir. Ən çox özgələşmişik, bu da başqa məsələdir. Xalq olaraq bütünlüklə özgələşmişik. Ən çox da ruhani mənada özgələşmişik. Ərəbləşməyimiz çox belimizi əydi, Avropalaşma qəddimizi əydi, Atanın dediyi kimi desək.  Bunu heç kim inkar eləmir. Bu xalqın bir deyimi də bəs edir. Hamısı beyinlərdən süzülüb gələn sətiraltı ifadələrdir. Baxmayaraq ki, yasaq edilib. Bəli, özümüzdən çox geri düşmüşük, həmin o idraklı halımızdan, özümlüyümüzdən geri düşdük. Bu baxımdan xalqı da küçümsəmirəm ki, bu xalq başdan-başa günahkardır. Yeri gələndə o sözü işlətmişəm ki, xalq olaraq bizim özümüzün də suçumuz böyükdür. Ərəb yaxamızdan əlini çəkdi, getdi, biz əl çəkmirik, əriyirik ki, yaxamızı verək onun əlinə. Bu baxımdan idrak məsələsi çox önəmlidir.

Soylu Atalı: İdraka yanaşma məsələsi. Ayrı-ayrı dühaların bədii yaradıcılığına dayanıb demək olmaz. Füzulidə poeziya idraksız deyil, ancaq ruhani idrak poetik idrakdan daha böyükdür. Çünkü potensiya özündən gəlsə də, başlanğıc özündən gəlmir. Yəni dediyim odur ki, başqa xalqların idrak örnəklərini öyrənmədən onları küçümsəməyimiz doğru olmaz. Hind ruhaniyyatı çox zəngindir. Bütün xalqların düşüncəsində, nəzəri idrakının formalaşmasında onların çox böyük rolu olub. İdrak sənin potensiyan kimi ola bilər, ancaq onun stimullaşdırıcısı axıra kimi özün deyilsənsə, hər şey məndən başlayır, mənim idrakım hər kəsdən üstündür demək yanlışlara aparıb çıxarar, bunu sübut eləmək gərəkdir. Məsələn, götürək sufiləri. Biz istəsək də, istəməsək də, sevsək də, sevməsək də, sufilər sevmədiyimiz dinin üzərində gəlişdilər. Yuxarıda Əhməd Yasəvinin adını çəkdim, idraksız adam deyildi axı. Ancaq ortada milli idrak sistemi varmı?! Din özündən öncəkilərdən qaynaqlandığı, bəhrələndiyi bir şeyləri sufiliyə ötürüb. Sufilik onun üzərində pardaqlanıb. Sən sufiliyi ayrıca bir idrak sistemi kimi götürə bilərsənmi, – götürə bilməzsən. Çünkü sufizmdə mistika idrakdan qabaqda durur. Sufi faktorudur Füzuli. Onda duyğu halları zəngindir. Bununla belə, Füzuli yaradıcılığına dayanıb sistemli idrak dünyalarına meydan oxumaq doğru olmaz.

Günev Atalı: Mütləq İdrakçı deyildi Füzuli.

Soylu Atalı: Söhbət Mütləqçilikdən getmir. Söhbəti ordan başladın ki, bu xalqın idrakı bütün xalqlardan üstündür.

Günev Atalı: İdraka münasibəti.

Soylu Atalı: İdraka münasibəti nə deməkdir?! Bu xalq, idrakı başqa xalqlardan yaxşı tərifləyib, yaxşı qiymətləndirir?! Belə bir müqayisə məntiqi deyil axı. Yəni mən filan şeyi səndən yaxşı dəyərləndirirəm deyə müqayisəyə girilməz. Girilərsə belə, tərsinə, bəlkə idraka ən az dəyər verən biz olmuşuq. Belə olmasaydı, son iki min ili başqa xalqlardan arxada getməzdik. Biz hamımız sübut edirik ki, biz milli yaşam gedişimizdə böyük fəlsəfə yaratmadıq, böyük səltənətlər yaratdıq. Nəsiminin, Füzulinin idrak örnəklərini belə, bir xalq olaraq, gərəyincə anlayıb dəyərləndirməmişik. Xalq olaraq, onları müsəlman saymaqdan uzağa getməmişik. Ancaq Tolstoyu, Hüqonu, Taqoru ən yüksək səviyyədə araşdırıb təqdim edirlər. Bu da bu xalqın milli idraka münasibəti.
Bu xalqın müstəqil ruhani idrak fəlsəfəsi Asif Atadan başlayır. Ona da bu xalqın münasibəti hələ ki sağlam deyil. Bir sözlə, idrak məsələsindən söz düşəndə, başqalarını öyrənmədən aşağı tutsaq, heç kim bizi ciddiyə almaz. Mən onu demək istəyirəm.

Günev Atalı: Həqiqəti ömürdə yaşamaq. İnsan bütünlüklə yaşamı boyu həqiqətə, doğruluğa, xeyirə, qutsal ömrə can atır. Özündə yetdikcə bu gözəlliklərin verdiyi fərəhin zövqi-səfasının onun hansı zirvələrə yüksəldiyini dərk edir. Belə ömürdən nə doymaq, nə də usanmaq olar.

Soylu Atalı: Əla. Nəzəriyyədən qırağa çıxmaq budur. Konkretlik. Axtarışın ordadır. Nədən irəli gəlir o? Düşünürsən, düşüncə nəticəsində əməl edirsən, iş görürsən, iş görəndə sənin ağlında yeni bir şey canlanır. Sanki kəşf edirsən, sənin içinə nə dolur? Fərəh dolur. İçinə dolan fərəh sənin canlı gerçəkliyinlə canlı ünsiyyətindir. Bağlılığındır. Nəzəriyyəni ötmək odur.

Günev Atalı: Belə ömürdən nə doymaq, nə də usanmaq olar. Dünya, həyat, insan gözümdə başqa biçimdə öz mənasına uyğun canlanır. Bu əhvalı ömrünə gətirən insan ilk növbədə özünü dərk edir. Heç bir başqa canlıya xas olmayan dərk. Bir çox dünyabaxışların yasaq etdiyi idrak. Bizi əhatə edən hadisələrin arxasında dayanan mənaya qovuşmaq yolu. Özünüdərk yetərincə olmayınca, təbiətin verdikləri ilə yetərlənir, içindəki qüsurların tələbi ilə yaşayırsan. Bu isə əslində heyvani tələblər olduğundan hər bir yöndə pozuculuq törətməklə ömrə təzadlı yaşam gətirir. Bu əzablı gərginliklə müşayiət olunur.

Soylu Atalı: Burda aydınlaşdıran səbəb nədir? Ömürdə təzad var, eləmi?  Heyvani cəhətlər var. Bu, davranışlara necə yansıyır? Sual qoyub açan kimi nəzəriyyədən gerçəkliyə gəlirsən. Məsələn, deyirsən içimdə mənə əngəl olan duyğular var. Bu əngəl olan duyğular mənim imkanlarımı məhdudlaşdırır. Bu nəzəriyyədir, gözəl izah edir. İndi konkret olaraq necə məhdudlaşdırır? Sual qoyub açırsan onu. Məsələn, əməli bir şey deyirsən. Misal çəkəndə izah edirsən. Mən özümə belə bir sual verdim. İş yerimdə söhbət edirdim. İki fərdin bir-birinə münasibətini izah edirəm. İki fərdin bir-birinə münasibəti zamanı mən tutalım ki, onu bildiyim həqiqətə çağırıram. O isə içində, ya halında  mənə dirəniş göstərir. Mən onu çağırmağımda səngidim. Səngiyirəm, ağzımı sürüyürəm. Onun əhvalının mənə göstərdiyi bir dirəniş vardı, o dirənişlə mən ona nəyisə deməkdə səngidim. O dirəniş mənə yansıdı. Mən əslində insana sözü bütöv deyə bilməyimdə qabiliyyətimi ortaya qoya bilmədim. Güvənsizlik aşkarlandı içimdə. Nədə özünü göstərir? Deyək bizə nəfs əngəl olur. Ancaq artıq detala keçirsən, necə əngəl olur. Bir davranışından örnək götürüb yazırsan, o,nəzəriyyə ilə gerçəklik arasında bağlılıq yaradır. Onu davranışlarda, gerçək olaraq göstərməkdə, yaşantıda sən izah eləmiş olursan. Daha çılpaq, daha aydın, daha səmimi. Bu nəyə gətirib çıxarır, qarşındakının şüuruna yansıyır, dəyişməyə sövq edir. Günev qardaşımız çox yaxşı məqamlara toxunduğu üçün mən çox müdaxilə elədim, üzrlü sayın, ancaq içimi tərpətdi. İdrak Günündə belə araşdırıcı polemikaları gərəkli sayıram.

Günev Atalı: Ağılla mövcudolmanı nizamlamaq olar. Varolmanın yolu özünüdərkdən keçir. Kamilləşməli, Mütləqi dərk etməli, həm özünə, həm də yörənə münasibətdə İnsanlığın tələblərini əsas götürməklə varolmanı təmin edə bilərsən. İdrakın iki yönündə – elmi idrakla təcrübi idrakda mövcudolmanı təmin etmək olar. Ruhani idrak isə doğaya, həyata, insani münasibətlərə əsaslı amil ola bilər. Ən əsası, özünü yaratma yönündə xüsusi məsələdir. Özündə insani gözəllikləri olmadan nə doğada, nə toplumda gözəlliklər aramaq alınmaz. Öncə özünü tanımalı, qüsurlarından arınmalı, ruhani yönündə özünü təsdiq etməlisən. “Niyə dünyaya gəlmişəm”, “yaşamımın mənası nədir” kimi soruları özünə verməklə idrakı daha kəsərli hala yetirməli, durmadan özündən yüksəyə can atmalısan. Yəni, qonuda qoyulan məsələyə münasibətim bu idi.

Atamız Var olsun!

Soylu Atalı: Hər kəsin toxunduğu ciddi məsələlər olur. Onun üzərində düşüncəni genişləndirib, gəlib hədəfə çıxırsan. Biz bunu ən çox nə vaxt edirdik? Qutsal Öyrənim Günü keçirirdik. Qutsal Öyrənim Günündə Atanın bir kəlamını götürürdük, başlayırdıq onun üzərində düşüncələrimizi deyirdik, var-gəl edirdik. Onda biz artıq, dediyim kimi, nəzəriyyədən konkretliyə gəlib çıxırıq (Günevin çıxışında olduğu kimi). Belə götürək. Günev bir yas yerinə çağırılanda gedir orada dinə qarşı söz deyir. Doğru edir. Cəsarətdir bu. Ancaq qohum-qardaşı Günev danışanda həyəcan içində rahatsız olurlar ki, bu saat aləmi qatıb qarışdıracaq. Günev heç kimin dədəsini söymür ki. Xalqının durumundan keçirdiyi rahatsızlığı dilə gətirir. Dediyim nədir? Bax, bu, ömürdə, yaşantıda var. İndi bunu izah eləmək gərəkdir. Bunu izah eləyəndə biz gəlib çıxırıq nəzəriyyəyə. Biz canlı yaşadığımız halda yaşantılarımızı nəzəri olaraq izah eləyirik. Bunu yaşantı olaraq izah eləmirik. Halbuki bu yaşantı olaraq var. Məsələn, mənə hansı duyğum əngəl oldu? Aça bilərəm bunu, filan duyğum mənə əngəl oldu, necə əngəl oldu, özünü necə göstərdi? Bax, bunlar artıq birbaşa yaşantıların içinə girməkdir, konkretlikdir. Asif Atanın özüylədöyüş dediyi odur. Bəzən özüylədöyüş insanda gedir. Sən özün fərqinə varmırsan ki, səndə özüylədöyüş gedir. Sənin özüylədöyüş sonucunda ömründə dəyişikliklər gedir. Münasibətində, cəsarətində, davranışında dəyişikliklər gedir. Ancaq bəzən elə bir dəyişiklik olur ki, bundan xəbərsiz olursan. Bundan xəbərsiz olanda hünərin bir biçim olaraq görsənməsi ilə başa çatır. Ancaq onu örnək olaraq səndən sonrakılara ötürmək məsələsi var. Bu isə artıq onu konkret izahlara gətirib çıxarmalıdır. Konkret izahlarla, açılımlarla sən bunları özündən sonrakılara ötürürsən. Onu da sabaha biz ən çox nəzəriyyə şəklində ötürürük. Özüylədöyüş odur, həm özünü təhlil edəsən, bütün davranışlarını, münasibətini təhlil edəsən, həm də onu yazasan. Yəni, o cür yazasan, olduğu kimi, necə yaşayırsan, elə. Onu nəzəriyyələşdirmə. Məsələn, mənə içimdə nələrsə əngəl olur. Axı nələr? Onu adbaad açmalı, yazmalısan. 

İnamlı Atalı: Bu baxışdan asılıdır, Soylu bəy. Hər halda bu çox mürəkkəb bir səhnədir insan üçün.

Məna, əvvəla, gerçəksiz mümkün deyil. Məsələn, mənim özümü ruhani yöndə göstərməyim üçün, məsələn, bir doğmalıqda, dostluqda, sadəqətdə, nədə, nədə… Mən onu özümə süni şəkildə təlqin edib, hardasa gedib ona uyğun öz daxili dünyamı qura da bilərəm illər içində. Ancaq deyək ki, bu gerçək bədən də, bəzən insanın istəklərinə çox əngəl olur. Nə insanın ona gücü çatır, nə ona, deyək ki, bir təsiri olur. Bədən insana çox əngəl olur, bəlli bir baxımda. Bədənsiz də insan hərəkət edə bilmir, mənanı üzə çıxarda bilmir. Cəmiyyətdə də elə. Bax, görürsən, cəmiyyət insana nə qədər əngəl olur. Məcburam, mən başqalarıyla münasibət quram.

Soylu Atalı: Bədən əngəl olmur, duyğu əngəl olur.

İnamlı Atalı: Duyğu mənim ürəyimdən keçir. Fərz elə ki, biri çayda boğulur, gərək mən özümü atıb, onu xilas edim. Ancaq bilirəm ki, özümü atsam, mən ondan qabaq boğularam. Üzməyi bacarmıram. Ya da  mənim fiziki gücüm çatmaz onu çıxartmağa. Ancaq ruhən məndən nə tələb olunur? Ruhən o tələb olunur ki, at özünü, bəlkə ikiniz də xilas oldunuz, bəlkə ikiniz də boğuldunuz.

Soylu Atalı: Məncə, elə yanaşmaq doğru olmaz. Bilirsən, mənə bədən əngəl olur deyəndə, kimisə fiziki olaraq, durub çaydan çıxartmaq deyil ki. Sən bu boyda ölçü yaradırsan, bəşəriyyətə yön verirsən, ancaq üzgüçülüyü bacarmamağını İnsanlığın probleminə çevirirsən. Qonu o deyil axı. Sən varlığını bədəniyin olanaqları ilə məhdudlaşdırırsan, sonra da deyirsən Mütləqə İnam doğru yoldur. Nəyi doğru yoldur, əgər bədənin məhdudluğundan asılıdırsa?! Ruhaniyyat səndən 100 kq-lıq yük qaldırmağı tələb eləmir, ədalətli olmaq, vicdanlı davranmaq tələb edir. Biri sənə deyir, ev tikmək istəyirəm. Sənə demir ki, gəl malanı götür, mənə ev tik. Deyir, rüşvət alıb əngəl olma, balalarımın başının üstünə bir dam düzəldim. Sən hər şeyi bədənlə niyə ölçürsən ki?!

İnamlı Atalı: İndi bu oldu fərd, ruh münasibəti. Cəmiyyətlə ruh arasındakı münasibət nədir? İnsanın davranışı məgər özündən asılıdır? Lap ailədən, qohumdan, bayaq dediyin kimi, rüşvət alandan, o birindən, bu birindən insana o qədər zərbələr dəyir. Bu yaşamalıdır həm də. Rüşvətsiz iş görmürlər. O yaşamalıdır, çirkabın içinə az da olsa bulaşır, az-az bulaşa-bulaşa gedir girir onun içinə. Mən başa düşürəm, bəli, bu problemlərin içindəyik, qurtuluş da Mütləqə İnamdadır.  Bu yolla bütün insanlarda dəyişiklik yaranmasa, o cəmiyyət elə get-gedə məhvə doğru gedəcək. Bir var ki, şəxsiyyətin öz idrakına münasibəti, bədəni ilə münasibəti, bir də var, şəxsiyyətin cəmiyyətlə münasibəti.

Soylu Atalı: Qardaş, bədən məsələsini niyə bu qədər bəhanəyə çevirirsən?! Bədən niyə ölçü olsun ki? Sənə kimsə ədalətsiz deyir, sən də deyirsən, mənə o qədər ədalətsiz davranırlar, mən də ədalətsiz oluram. Day onda niyə mübarizə aparırsan?! Hamı oldu gözü qıpıq, sən də ol gözü qıpıq. Bəs onda Mütləqə İnam nəyə gərəkdir?! Sən deyirsən, yaşasın şər, şəri yenmək mümkün deyil, insan onun etkisindən qurtara bilməz, çünkü bədən var. Onda ölçü kapitalizm olmalıdır ki. Hər kəs başını salamat saxlamalı, bunun üçün də maddiyyat uğrunda savaş aparmalıdır. Sənin bütün danışıqların bunu aşılayır. Cəmiyyət əngəl olur, bədən əngəl olur, nə bilim nə. Yəni ədalət boş şeydir, onun uğrunda mübarizəyə cəmiyyət, bədən əngəl olur i.a. Onda Ocağı söndür getsin. Şərə qalib gəlmək mümkün deyilsə, İnsanlığın kitabını qatla qoy qırağa.

İnamlı Atalı: Nəzəriyyə gerçəkləşə bilmirsə, məsələn Hind ruhundan danışırıq. Hind ruhu bugünkü hindi nə günə qoyub? Hind Pakistan qardaşıyla nə gündədir, nüvə silahı ilə bir-birinə xox gəlir. Vaxtilə bir yerdə olublar, parçalanıblar, indi üz-üzə durublar. Hind ruhu hind cəmiyyətində, hindli ürəyində niyə gerçəkləşmədi? İnsan azad deyilsə, o dövlət nəyə gərəkdir. Mənim dediyim odur, hansı addımlarla gedib o Mütləqə çıxmaq olar?

SoyluAtalı: Hansı addımlar olmalıdır, aydındır. Bayaqdan nə danışırq? İnsan özüylədöyüşəndə nəzəriyyə yazmır. Konkret deyir, bu duyğu içimdə mənə əngəl olur. Sən bu duyğunu analiz edirsən. Özünə yazırsan, qardaşına-bacına deyirsən. Mən keçən dəfə bir yazı oxudum sənə. Mən İnamlı qardaşımıza özüylədöyüş yazısı oxuyuram, o da təəccüblə baxır. Soylunu o qədər ideallaşdırıb ki, Soylu özü haqqında hansısa bir çatışmazlığı dilə gətirəndə çaşır. Deyirəm, qardaş, sən məni ideallaşdıra bilərsən. Ancaq mən özüm-özümü görməyə borcluyam axı. Söhbət ondan gedir. Sən içindəki qüsurları birər-birər tanımalısan, üzə çıxarmalısan.

İnamlı Atalı: Gerçək həyatın tələbləri ilə ruhun çatışmamazlıqları hansı şəkildə ayrılmalıdır, o nisbəti mən keçə bilmirəm.

Soylu Atalı: Burada yetərincə aydın bir şey var. Mən paxılam. Görməliyəm ki, paxılam. Deyək ki, qısqancam. Bunu məndən yaxşı kim görə bilər ki, mən qısqancam. Bu qısqanclığı mən özümdə görəndən sonra onu dilə gətirib deyirəm ki, nədə özünü göstərir mənim qısqanclığım. Ocaq ondan ötrüdür ki, görəsən. Ocaq sənə aydın deyir. Deyir, sən özünü görmürsənsə sənin sorunun var. Sənə aydın izah edir, insana əngəl olan duyğuları birər-birər göstərir, sənə əməli olaraq izah edir. Sən artıq bunu özündə görməli idin. Məsələn, mən deyirəm mənim paxıllıq duyğum var, filan-filan şeylərdə özünü göstərir. Sən dərhal özündə görməlisən ki, məndə də var filan şey. Axı sənə nişan verirəm, sənə anladıram bunu. Əgər sən bunu görmürsənsə görmək istəmirsənsə, deməli, Ocaq sənin gözünü aça bilməyib. Özüylədöyüşün mahiyyəti odur. Bu qədər deyirsən. Sən ürəyinin qapısını açırsan ki, bu deyilən sənin içinə girsin, sənin içini araşdırsın. Özüylə döyüş budur, görürsən ki,sənin içində səni qurd kimi gəmirən duyğular var. Sən də bunu bilirsən, etiraf etmək istəmirsən, görmək istəmirsən, demək istəmirsən. Beləcə sən yerində sayırsan.

İnamlı Atalı: Mən də düşünürəm ki, bu qədər dəyərləri olan millətdən heç bir yerdə yoxdur. Heç bir millətdə bu sayda dəyər yoxdur. Əgər bizim dəyərlərimizin mənbəyi hara-hara gedib çıxırsa, bu xalqdan mənbə kimi hansı dəyərlər çıxır? Əgər bizim dəyərlərimizi araşdıranda gedib hansısa bir mənbəyəçıxırsa, hansısa mənbəyə söykənirsə, bu xalqlar bizdə söykənəcək mənbələrdən nəyi tapacaq?

Soylu Atalı: Qardaş, bunlara düşüncələrimi bildirəcəm. Göytəkinin bəlkə sualları var. Göytəkin, sualın varmı?

Göytəkin Atalı: Sualımın biri elə açılan qonu ilə bağlı idi. Tam cavabımı görə bilmədim.

İnsan yaşamı boyu müxtəlif hadisələrlə qarşılaşır. Bu hadisələrin qarşısında ard-arda qərarlar alır. Məsələn, bəzi məsələlərdə ağılla düşünür, ağılla qərarlar alır, bəzilərində duyğularla hərəkət edir, bəzən də hər hansı birinin önə keçməsi yanlış qərarlara səbəb olur. Bu sualın əsas hissəsi mənim özümə bağlıdır. Özüm öz yaşantılarımdan bir neçə misal demək istəyirəm. Tutaq ki, mən hər hansı bir Ocaq işi ilə məşğul olanda, ya da hansısa kitabdan bir hissə oxuyanda mənim Ocaqla bağlı addım atmağa çox güclü həvəsim yaranır. Elə duyğular baş qaldırır ki, içimdə həmin anda həmin ortamı tapsam, Ocaqla bağlı çox addımlar atmaq olar. Ancaq həmin anda o ortamı tapa bilməyəndə məndə artıq çox az bir müddətdən sonra ağıl işə düşür. Başlayıram sorğulamağa sən bayaq dediyini heç düşündünmü? Ya da dediyinin nəticəsi nə ola bilər? Ya da filan hərəkətinin, filan addımının nəticəsi nə ola bilər? Sənə nələri gətirə bilərdi? Səni hansı çətinliklərə soxa bilərdi? Bu aşamadan sonra mən hardasa deyək beş nəfərin içində arzuladığım ortamı tapıram. Arzuladığım ortamda əvvəlki duyğularımı öz içimdə dirildə bilmirəm. Yəni konkret olaraq addım ata bilmirəm. Ya da ki, həmin vaxt ağıl önə keçir. Başlayır mənim içimdə bir çırpınrma yaranmağa. Yəni mən nəyi, neyləyəcəyimi bilmirəm. Ya da tərsinə deyək, hamı düşünür ki, edam cəzası yol verilməzdir, qəddarlıqdır. Mənim də içimdə elə bir hiss var. Mən də bunu yol verilməz, insanın insana işgəncəsi kimi qəbul edirəm. Mən Hüqonun “Son gün” əsərini oxuduqdan sonra bu düşüncələr içimdə daha da dərinləşir, daha da qətiləşir və mən tam qərar verirəm ki, edam cəzası, ümumiyyətlə, olmamalıdır. Bu ən pis işgəncədir. Bunun içimdə həllini tapdığını düşünürəm. Bir neçə gündən sonra mənim qarşıma bir görüntü çıxır. Mən izləyirəm hansısa həbsxanada insanlara cəza, işgəncə verən birini edama götürürlər. Onun insanlara verdiyi işgəncəni oxuyanda bir anda içimdə elə duyğular baş verir ki, mən edam cəzasına haqq verirəm, düşünürəm ki, bu cəza bu adam üçün yüngül cəzadır. Ona daha ağır cəzalar verilməlidir. Mən bir anda içimdə baş verən bu duyğulardan yenidən çaşqın vəziyyətə düşürəm. Burda da artıq duyğuları önə keçirmək məcburiyyətindəyəm. Yenidən yenə ağıl işə düşür. Bəs sən içində bu sorunu həll etmişdin, sənin içində insana qarşı birdən-birə belə bir nifrət necə yarandı? Beləcə bu iki misal üzərindən dediklərim bir çox məsələlərdə başlayır təkrarlanmağa. Mən yavaş-yavaş üzdə sakit görünən, ancaq içində çəkişmə gedən birinə çevrilirəm. İndi mən sualıma gəlirəm. İdraklı olmaq nədir? Bəlli bir hadisə qarşısında ya ağıllamı, ya duyğuylamı hərəkət etdiyini bəlirləmək, düzgün qərar verə bilməkdirmi? Yoxsa mənim yaşadığım bu hallar özüylədöyüşün bir aşamasıdırmı? Necə aşılmalıdır?

Soylu Atalı: Bir az bundan öncə biz idrak məsələsi haqqında danışdıq. Burada maraqlı bir məqam yarandı. İndi mən öncə ona qısa aydınlıq gətirim. Birincisi, türk xalqı idraksız xalqdır demədim. Yanlış nəticələr çıxarırsınız. Mən misal çəkdim, boşuna da çəkmədim. Asif Ata deyir, dünya türk xalqının qolunun gücünü gördü, idrakının gücünü görmədi. İndi idrakının gücünü görməlidir. Nə deməkdir bu? Yəni indiyə qədər idrakının gücünü görməyib deməkdir. Mən demirəm ki, bu xalq idraksız xalqdır. Mən deyirəm ki, bu xalq idrakını aşkarlamamış, işə salmamış xalqdır. Əslində türk xalqı idrakını Asif Ata ilə başlayıb aşkarlamağa. Bunu da vurğu elədim. Bunu da təsadüfi demədim. Zərdüştün adını çəkirsiniz. Zərdüşt, Budda öz dönəmi üçün böyük dəyərdir. Min illərdir yol gəlirlər. Yasin Atanın düşüncəsini deyir, “Zərdüştdən Budda külü doğdu”. Ancaq Budda külünü gördüyümüz kimi Zərdüşt külünü də görməliyik. Gəlin baxaq, Zərdüştdə ən böyük nədirsə, onu biz deyirik. Biz yazırıq ortaya çıxarırıq. Axı Zərdüştdə ruhani idrakın yönü nədir? – Mif. Ancaq Buddada ruhani idrakın yönü mif deyil. Müqayisə aparaq. Hörmüzd, Əhrimən mifdir. Buddada imtina fəlsəfəsi mif deyil. Canlı insanın özü ilə uğraşmasıdır. Yunanlarda da daha çox mifdir. Mən demirəm ki, türk təfəkkürü hind təfəkküründən böyükdür. Mən deyirəm ki, türk təfəkkürü Asif Ata ilə başlayıb. Göstərin hansı dönəmdə türk idrakını aşkarlayıb?! Gəlin götürək başqa xalqların bu günkü inkişafını, Türklə müqayisə edək. Hanı o idrakın örnəyi, o idrakın sonucu? Sən Nəsiminə sahib çıxmadın, Nəsimiyə sahib çıxmadığına görə Nəsimisi olmayan başqa xalqlardan geridəsən. Niyə yiyə çıxmadın? Ruhani idrak işləmədi. İşləsəydi, yiyə çıxacaqdın. İdrak aşkarlanıbsa, özünü göstərməlidir. Mən ona görə vurğu elədim ki, türkün ruhani idrak aşaması Asif Atadan başlayır. Dəyər baxımından biz çox şeylər vermişik (bunu mən yazmışam “Od işığı ideyası” yazımda), bu ayrı məsələdir, bunu yaşam sisteminə çevirmək, yiyə çıxmaq idrak tələb edir. Bu varmı, aşkarlanıbmı, – yox. 1500 ildi ərəbin nağılları ilə yaşayırsan, ancaq dünya idrakına meydan oxuyursan. Türk səpələnib hər yerə. Türkdən başqa bu qədər asılılıqda olan başqa bir xalq göstərin (böyük xalqlardan gedir söhbət). Yaşam baxımından ən acınacaqlı durumda olan türkdür. Sənin başında kim durur, – bəlli deyil. Bir türk dövləti göstərin, dünyaya idrak örnəyi versin. Deyə bilərsiniz, dünya türkün dəyərini danır, olsun, sən özün danma, yiyə çıx, görüm dünya necə danacaq?! Qırağı qınamaqla özünün ətalətinə haqq qazandırmaq olmaz.
Söhbət odur ki, biz ruhani idrakdan, onun önəmindən danışırıq. Xalqın qurulmasında önəmli xətt olmasından danışırıq. Biz millətimizin dəyərini görməliyik. Qədir-qiymətini bilməliyik. Ancaq gerçəkliyi də görməliyik. Gerçəkliyi görməsən, milləti qura bilməzsən. Biz bədii ədəbiyyata obrazlar vermirik. Biz poeziya örnəkləri yaratmırıq. Roman yazmırıq. Biz xalq yaradırıq. Xalq yaradanda bütün həqiqətləri çılpaqlığı ilə görməlisən. Bu məsələnin bir tərəfi. Türkün imkanda idraklı olmasını mən daha çox bilirəm, çünkü mən daha çox araşdırıram. Bu məsələnin bir tərəfi.
İndi qayıdıram Göytəkinin sualına. Sualını ümumiləşdirib deyim. Deyir, məsələn, ayrı-ayrı hallarda elə bir əhvala doluram ki, az qalıram dağı dağ üstünə qoyam. Ocaq işləri görəm-filan. Sonra ani olaraq nəsə mənə əngəl olur, üstündən bir müddət keçir, yenidən ağıl işə düşür, durumuma baxıram niyə bu belə oldu. İndi eləyə bilərəmmi onu? Əslində Asif Atanın özüylədöyüş ideası bundan ötrü gərəkdir. O məqamda ağıl işə düşür, düşünürsən ki, bunu belə eləsən hansı fəsadlar olar, hansı çətinliklərin içinə girərsən? Hansı problemlər yaşamalı olarsan? Sən burada öz sonunu düşünürsən. Əməlinin nəticəsini, səni hansı sıxıntılara soxmasını düşünürsən. Bayaq mən misal çəkdim – Günev yas yerinə gedir, özü də bilir, o gedəndə qohumları rahatsız olacaq. Heç qohumlarının rahatsızlığını vecinə almır. O bilir ki, qohumları, oğul-uşağı da yeri gələndə üzünə qayıdar, sıxıntılar yaradırsan-filan, deyər. Ancaq o deyir, yaxşı burda deməyim, orda deməyim, harda deyəcəm bəs? Qəbirdə deyəsi deyiləm ki. İnsanın əsas özüylədöyüş yönü budur. Harda deyəcəm gəldiyim həqiqəti, – içimi dağıdır, mən bunu kimə deyim? Bütün məsələ budur. Ona görə biz o məqamları ötməyi bacarmalıyıq. Mən bunu sizə izah eləmişəm, yazmışam da. Nurtəkinin evinə gəlirdilər, DTK-nın nümayəndələri, onun üstümə gedib hədələyirdilər, siz burda nə iş görürsünüz, nə edirsiniz? Nurtəkin (gənc qız uşağı) inadla dirəniş göstərir, öz həqiqətinin arxasında dururdu. Sonucda həşəmətli gələnlər rədd olub  gedirdilər. Bu işin sonucunda Nurtəkin faktı, hünəri çıxdı ortaya. Yoxsa, cəmiyyət mənə əngəl olur, bədən əngəl olur deməklə başını pəncərədən çıxartma, adını da qoy mübarizə hərəkatına qoşulmuşam. Özüylədöyüş budur da.
Mən Asif Atanı aparmışdım Borçalıya, orda görüşlərini keçirirdim. Hoydu-hoyduya götürmüşdülər məni. İş yerimdə hoydu-hoyduya götürmüşdülər – bu bizim birimiz deyildi?! İndi bu, Soylu Atalı olub bəşəriyyəti xilas edəcək?! Hər cür dedi-qodu, bu qulağımdan girdi, o biri qulağımdan çıxdı. Gəlib mənə deyirdilər, filankəslər sənin haqqında belə deyir. Deyirdim bunu niyə mənə deyirsiniz?! Mən oxuya-oxuya, özümlə döyüşə-döyüşə, yaza-yaza, elə şeyləri qulaqardına vura-vura Soylu Atalı oldum, onlar kim oldu? Məsələ bundadır, doğru bildiyin addımı atırsan, hətta bilirsən ki, bundan sənə təhdid gələcək, bundan sənə dedi-qodu gələcək, bundan sənə qınaqlar gələcək, üstünə gələcəklər, bunu bilə-bilə doğru bildiyin addımı atırsan. Bir dəfə, iki dəfə, üç dəfə, beşinci dəfə görəcəksən bütün o iradların hamısı sındı. Sənin hünərin qaldı ortada. Sənin özünütəsdiqin qaldı. Belə yaranır şəxsiyyət. Onu deyərəm üstümə gələrlər, bunu deyərəm qınayarlar, başımı yararlar, o belə deyəcək, bu belə deyəcək, – əgər bütün bunları düşünərsənsə, bəri başdan özün özünə əngəl yaradırsan, bəri başdan özün özünə sınır yaradırsan, bu sınırı aşa bilmirsən. Sınırın bu üzündə balacaların yanında qalırsan. Böyüklərin içinə girə bilmirsən. Böyüklərin yaratdığı yaranan sınırın o üzündədir, böyüklər oradadır. Sənin hədəfin böyüklərin ortamına girmək, böyüklərlə ünsiyyətə girmək, böyük işlər görməkdir. Bunu edəcəksənsə var olacaqsan, eləməyəcəksənsə, hamının biri olacaqsan. Yaxşı işlər görəcəksən (Göylünün adını elə-belə çəkmədim, Göylü dağı dağ üstünə qoydu, ancaq ömrünün üstünə müdriklik gətirə bilmədi), ancaq öz ayaqlarıyın üstündə durmaq öyrənməsən işlərin dayanacaq. Ən hünərli Ocaqçı belə öz şəxsiyyətinin üzərində əsaslı işləməsə, işi başa çatdıra bilməyəcək. Asif Ata nə deyirdi – hamınız Ocaqdan çıxıb getsəniz belə, Asif Ata tək qalsa belə, Ocaq yaşayacaq. Niyə deyirdi? Çünkü onun özü özünə əngəl yaratmırdı. Biz onun ayağından tutub hasarın bu üzündə saxlamağa çalışırdıq. O da deyirdi, mən sizi burda qoyub gedəcəm, öz yolumu davam edəcəm. Sizin yanınızda dayanmayacam. Özünüzdə güc yaradın dalımca gəlin.

Göytəkin Atalı: Sorularıma cavab aldım. Bir məqamı da qeyd etmək istəyirəm. Bəzən ağılla qərar verirsən yanılırsan, bəzən duyğularla hərəkət edirsən yanılırsan. Mən ona görə soruşdum idraklı olmaq nədir? Hansını hansı yerdə önə keçirməyi bacarmaqmı, yoxsa ikisinin birliyini yaratmaqmı?

Soylu Atalı: Özüylədöyüş bizə elə gəlir, ən birinci mənəvi təmizlikdir. Əslində ən birinci idraki yetkinlikdir. Özüylədöyüş idraki yetkinliyə gətirib çıxarır. İdrak nədən ibarətdir? – Ali duyğulardan. Ata sayır: – vəhy, vəcd, ehtizaz, eşq, bu duyğular idrakın duyğularıdır. Onlara nə əngəl olur içdə? – Kin, balacalıq, paxıllıq, dikbaşlıq, özünəyararlıq, özünü hamıdan üstün tutmaq, xudpəsəndlik, xəbislik, xudbinlik – bunların hamısı idrakın yollarını bağlayır. İdrakın duyğularının hərəkətinə əngəl olur. Yəni aşiqliyin, özündən keçmənin… hamısının yoluna əngəl olur. Sən nə edirsən – özünü tanımağa başlayırsan. Görürsən, içində xudpəsəndlik var, tutursan onun yaxasından, etkisizləşdirirsən. Qoymursan sənin aşiqlik duyğunun hərəkətinə əngəl ola. Beləliklə, sən o cılız duyğulardan açıla-açıla xilas olursan, idrak eşqinə, azadlığına yüksəlirsən. İdrakın bütün o duyğularına azadlıq verirsən. Ömründə onlar hökm verir, onlar işləyir. Onlar yol göstərir, onlar sənə həqiqəti diktə edir. Davrananda nəyin doğru, nəyin əyri olduğunu içsəsin sənə deyəcək. Onlar sənin daxilindəki səsdir. Onlar sənə başa salacaq bu addımı atma, o addımı at. Onlar öz-özünə gözəl nizamlanır. Sən həqiqəti qıraqdan almırsan, sənin öz içində oturur. Həqiqəti sən əzbərləmirsən qıraqdan verilən öyüdlərlə. Bu anda, bu məqamda Soylunun, Əlinin, Vəlinin, qardaşın, bacının öyüdünü aldın. Bu bir yerə qədərdi. Başqa bir məqamda başqa bir durumla qarşılaşacaqsan. Belə çıxır ki, öyüd səni idarə edir. Ancaq sən içində həqiqətə yetəndən sonra həqiqət özü diktə edir ki, mənə uyğun olmayan filan şeydir, onu eləmə. Həqiqət deyir sənə, filan şey mənə uyğun deyil. İdraka azadlıq verirsən.
Biz dinə qarşıyıq, çünkü din idrakı kor qoyur. Din idraka azadlıq vermir. İdraka azadlıq verilməyəndə mənəviyyat qurulmur. Mənəviyyat necə qurulsun? Mənəviyyat həmin yüksək duyğuların vasitəsilə qurulur. Mənəviyyata nə hakim olur? Aşiqlik, ehtizaz, vəcd, ehtiras-filan.

Göytəkin Atalı: Belə bir sualım var – uşaq yaşlarından pis həyat tərzi yaşayan uşaqlar var. Uşaqlıqdan həyatın bütün çətinliyi ilə üz-üzə gələnlər, mərhəmətsizliyi görərək böyüyənlər var. Hər gün mərhəmətsizliyi görərək böyüyənlərin içində artıq insana inam silinir, gələcəkdə hər hansı bir mərhəmətli davranışı onlardan gözləmək mümkünsüz bir hala çevrilir. Məsələn, Hüqonun belə bir deyimi var ki, “kimsə həmin o cahil adama nə yapacağını öyrətmədi, onun öz xətaları deyil, onun qədərinin, qismətinin nəticəsidir, yaşayış tərzinin nəticəsidir”. Mən sual vermək istəyirəm ki, insanın həyatında uşaqlıq travmalarının yeri, rolu nə qədərdir, hara qədərdir?

Günev Atalı: Özünü dərk edənə qədərdir, özünü tanıyana qədərdir. Özünü tanımağı bacarana qədərdir. Özünü tanımağı bacarmırsa, heç nə  alınmayacaq. Elə o axara düşüb gedəcək. İnsan özünü tanıyır, təyin edir ki, mən necə olmalıyam. Yönəltməyə ehtiyac var küçə uşaqlarını, birbaşa onun özündə alınmayacaq. Cəmiyyətdə də yoxdur ki, o yönəldə. Onun yönəlməsi üçün başqa bir yönəldənə ehtiyac var. Özünü təyin edəndən sonra biləndə ki, mən necə olmalıyam, ola bilirsə, yüksələ bilirsə, onda özünü təsdiq olur, o dediklərini arxada qoymuş olur.

Göytəkin Atalı: Biz öz ideyamızdan baxsaq, Atanın ideyasının önəmi ortaya çıxır ki, bu cür həyat tərzi yaşamış, böyümüş biri, insana inamını itirən biri özünü dəyişdirə bilər. Hüqonun öz əsərində olduğu kimi. Ancaq Atanın İnamı cəmiyyətdə oturuşmadığına görə onun da o hala gəlib çıxmasında cəmiyyət, dövlət suçlu sayılır. Ancaq o travmanı atlatması mümkünmü, mümkün deyilmi, onu soruşruam.

Nurtəkin Atalı: Mən belə cavab verərdim – istər küçələrdə böyüyən uşaqlar, istərsə də ailələrdə böyüyən uşaqlar… Özümdən danışım. Biz ailədə qorxaq, utancaq böyüdük. Atamızdan qorxardıq, sıxılardıq, cəmiyyətin içinə buraxılmırdıq, ona görə də mənim istər şəhər məktəbinə gedəndə, istər instituta gedəndə çətinliklərim yarandı. Mən qorxaqlığımın nə olduğunu görürdüm, ancaq onun öhdəsindən gələ bilmirdim. Yol tapa bilmirdim. Sadəcə başa düşürdüm ki, əzilirəm. Əzilməyimi görürdüm, ancaq onu necə ötə biləcəyimi bilmirdim. Ataya rast gələndə anladım ki, Ata kamilləşibsə, mən də kamilləşə bilərəm. Ata insandır, mən də insanam. Bu, ilk olaraq mənim ağlıma çatdı. Yəni mən ölçü tapdım, özüylədöyüşən insanı görə bildim. Mən özümü yaratdıqca travmalarımı ötə bildim. Eyni zamanda mən öz cismani atamı günhalandırırdım. Niyə məni belə böyüdüb. Ağlım artdıqca onu da günahlandırmadım, o da elə mühitdə böyümüşdü. Mən başqalarını günahlandırmağa yox, özümü yaratmağa başladım. İndi demirəm ki, mənim böyümək yolumda cəmiyyət günahkardır, ailə günahkardır, anlayıram, ancaq özümdən yapışıram. Cinayətkarların əsas deyimi odur ki, məni cəmiyyət belə yetişdirdi. Özündə heç nə axtarmır. Ancaq Ataya rast gələndə anlayırsan ki, özündən yapışmalısan. Özündə axtarmalısan. Başlayırsan özünlə məşğul olmağa, özünü yetirməyə. Ölçü tapana qədər.

Günev Atalı: Jan Valjanın qarşısına keşiş çıxmasaydı, pozula-pozula gedəcəkdi.

Göytəkin Atalı: Yenə də bir ölçü götürmək, ölçüyə dayanmaq. Ancaq əsas məsələ insanın öz üzərinə düşür. O ölçü əsasında özünü yetişdirmək onun özünə bağlıdır.

Soylu Atalı: Deyilənlərə bir-iki əkləmə etmək istəyirəm. Sənin dediyin rahatsızlıq, çox təəssüf ki, var. Mənəvi, ruhani ideyalar ona görə ortaya gəlir ki, o, cəmiyyətə ölçü versin, yön versin. İnsan doğulduğu andan başlayır mənəvi travma almağa. Onunla da ömrü başa çatır. Özünü düzəldə bilmir, dikəldə bilmir. Ona görə mənəvi-ruhani ideyalar yaranır. Ancaq bu mənəvi, ruhani ideyaların da işləməsi, yeriməsi bəlli zaman tələb edir. Ona görə də pozulmuş cəmiyyətdə, çox təəssüflər olsun ki, bir çox insanlar elə uşaqlıq travması ilə ölüb gedirlər. Bu bizdən asılı deyil. Biz onun qarşısını ala bilmərik. Biz əlimizdən gələni edirik, Ocağıq. Çağırışlarımızı edirik, ideyalarımızı yayırıq, kitablarımızı yazırıq, tədbirlərimizi keçiririk, səfərləri edirik, insanlara sözümüzü deyirik. Əlimizdən nə gəlir, edirik. Ancaq o rahatsızlıq hələ ki qalır, qalacaq da. Tutalım ki, İnsanlıq Asif Atanın qoyduğu ölçüyə üz tutdu. Bu o demək deyil ki, artıq qurdla quzu yanaşı gəzəcək. O demək deyil ki, körpələr daha travma almayacaq. Alacaqlar. Yenə o travma ilə həyatlarını başa vuracaqlar. O da olacaq, yenə də olacaq. Çünkü bu, insanın ikili xassəsinin olmasından doğan bir şeydir. Təəssüf ki. Biz onu vəd vermirik ki, yox, elə Asif Atanın Ocağı ölçüyə çevriləndən sonra daha belə problemlər olmayacaq. Ancaq bu kütləvi hal almayacaq. Xalq mənəvi zəlalət durumunda yaşamayacaq. Onun içində ayrı-ayrı fərdlər mənəvi zəlalət durumunda yaşayacaq, ancaq bütöv xalq yox. Bizim istədiyimiz odur ki, bunu elə bir düzəyə gətirək çıxaraq.Yoxsa biz vəd vermirik ki, Asif Atanın ideyasını xalq tam qəbul edəcək,daha heç vaxt belə neqativ hallar olmayacaq — onu biz vəd vermirik. Olacaq. Ancaq bu bizi pessimizmə salmamalıdır. Nəyə görə? – Məsələn, mənim gözümün qabağında bir pişik balası yiyəsiz qalıb, anası yoxdur, küçədə acdır. Mənim ürəyim parça-parça olur, ona bir az yemək verirəm. Bu pişik balası deyək ki, aclıqdan qurtuldu. Ancaq bu o demək deyil, daha pişik balaları belə duruma düşməyəcək. Yenə düşəcəklər. Biz ona odaqlanırıq ki, öz ömrümüzü dəyişməklə cəmiyyətdə ümumi ölçünün dəyişməsinə qulluq edək. Başlıcası, biz özümüz insan olmağımızı anlayıb, insan kimi yaşamağın xoşbəxtliyinə çataq.Biz bunu anlayırıq, əlimizdən gələni edirik ki, bu dəyərləri topluma ölçü kimi təqdim edək. Bu da bizim özündə dayanmamaq, özündən qırağa çıxmaq kimi mübarizəmizin əsas tələblərindən biridir.

İnamlı Atalı: Mən burada bir şey başa düşdüm: Bu insan ki, uşaqlıqdan travmalar alır, o cür acılı bir ömür yaşayır, həyatda yönünü tapa bilmir, bu gün gəlib Asif Atanın ideyası və amalı ilə rastlaşır, onunla üzləşir. Öz içimdən arzu kimi keçir ki, kaş bu travmaları mən atadan, qardaşdan, qohumdan çəkməzdim. Onda gör nələr dəyişərdi, hansı imkanlar daha güclü ola bilərdi, insan daha yüksəyə qalxa bilərdi.

Soylu Atalı: Burada məsələni sən başqa sferaya keçirdin. Əgər kimsə o cür düşünürsə — “kaş ki, bu olmayaydı” — deməli, onun hələ çıxmaq imkanı var. O düşünə bilməyənlər üçün isə biz deyirik, o elə qalacaq.

İnamlı Atalı: Mən düşünürəm ki, nəticə kimi bu gün arzuladığım halı özümdə başlayım, gələcək üçün əsas qurum. Artıq mənə qədər olanlar olub və keçib. Onu geri almaq mümkün deyil. Ancaq bu gün mən onu anlayıramsa, deməli, o travmalar məndən bir zərrə belə gələcəyə ötürülməməlidir. Yəni məndən başlayan həyat travmasız olsun — gələcək nəsil üçün, övladlar üçün. Bu isə artıq bizdən asılıdır. Mən travma verməyim. Mən çalışıram ki, məndən travma qalmasın — gələcək nəsil üçün.

Soylu Atalı: Doğru. Mənə qarşı ədalətsiz davranılıb,  mən ədalətsiz olmamalıyam.

Yasin Türksoy: İnamlı bəy deyirdi ki, Mütləqləşmə məsələsində bədən əngəl olur. Fiziki məhdudiyyətim olsaydı, mən burda oturub fikir yürüdə bilməzdim. Deməli, fizonomiya şərtdir. O qədər istedadlı insanlar var, ancaq orqanizm imkan vermir o talantını üzə çıxartsın.
Bayaq dediniz, iş görəndə sonunu düşünməklə özünə əngəl olmamalısan. Mən bunu yanlış sayıram. Sonunu düşünən hesab-kitab aparmalıdır, atdığı addımı hesablamalıdır. Ox hara düşəcək, nə qədər gedəcək. Asif Ata sonunu düşünməmişdimi – düşünmüşdü. Bilirdi ki, bu yol hara qədər gedəcək. Ondan sonra bu yolu kimlər aparacaq. Deyirsiniz ki, o deyirdi, “mən tək qalsam belə, Ocaq var olacaq”. Bu da elə sonunu düşünməkdir. Ruhani insan üçün sonunu düşünmək — qorxmaq demək deyil. Bu, məsuliyyət deməkdir.

Soylu Atalı: Bilirsənmi, bədənin ruhu yoxdur. Şərt deyil bədən. Sənin bədənin anadangəlmə sağlam deyilsə, yenə bunun kimə nə dəxli var? Məsələ onda deyil. Ocağa Qeyrət adında bir fiziki məhdudiyyətli adamı qəbul etmişdik. Ocaqçılar gedib ona qulluq edəndə, Ata dedi, siz çaşmısınız. Bəşəriyyətin qeyrəti şikəstdir, siz gedib şikəst Qeyrətə qulluq edirsiniz. Bədən məsələsi önə keçmir. Biz demirik ki, bədən gərəksizdir. Belə bir ifadə işlətmirik, Asif Atanın fəlsəfəsi belə bir şeyi deməz. Bədəni ya yanlış ruh idarə edir, ya da doğru ruh idarə edir. Bədəni şər idarə edir, ya xeyir idarə edir. Əl özü gedib oğurluq eləmir ki. Sənin beynində oturan deyir get, onu oğurla. Bədən diktə etmir, bədən icra edir. Burda bizim dediyimiz nədir, tutalım, sən bədəni düşünürsən, bədən filan xəsarəti alacaq, ac qalacaq. Bunları düşünürsən, ruhani addımlardan addımı dala qoyursan. Bunu biz yanlış sayırıq. Asif Ata heç vaxt sonunu düşünməyib. Asif Ata sonunu düşünsəydi,Ocaq yarada bilməzdi. Sonunu düşünmək o deyil ki, məndən sonra ideyam necə olacaq, bunun üçün də bir düşüncə ortaya qoyum. Hərçəndi yol qoymaq da mütləq özünü doğrulda bilməz. Sən deyə bilərsən ki, mən bütün bəşəriyyətə bu ideyayla dərs deyəcəm. Elə olsa, Nəsimi kimi yarı yolda qalarsan. Mən bunu inamsızlıq kimi demirəm. Nəsimi Nəsimilik kimi verilmədi, yaşamadı. Ancaq biz varıq. O da o deməkdir ki, Nəsimi sıradan çıxmadı, biz varıq. Bu açıdan Asif Ata özü bütöv şəkildə sabaha getməsə belə, sabah başqa bir baxış, başqa bir ideya Asif Ata üzərində xalqın içində yenidən yaranacaqdı. Ancaq Asif Ata kimi yox. Biz istəyirik Asif Atanın işi min il yol getsin. Xalqı biz Asif Ataya çağırırıq. Ancaq biz falçılıq edə bilmərik. Filan vaxtı belə olacaq, mütləq filan yüzildə belə olacaq. Belə bir zəmanət verə bilmərik. Belə nağıl danışa bilmərik. Biz sadəcə İnsanlığa inanırıq ki, İnsanlıq qabaqcıl ideyaları götürüb, doğrudan da, ölçüyə çevirə bilər. Belə bir potensiya var. Biz buna güvənirik, inanırıq. Sonunu düşünmək də falçılıq açmaq deyil. Sonunu düşünmək o demək deyil ki, mən burdan durub gedirəm harasa. Əgər mən sənin dediyin kimi sonumu düşünsəm, mən burdan durub Masallıya getməli deyildim görüş keçirməyə. Çünkü Masallı dindar yerdir, vurub başımı yarardılar. Mən onu düşünmədim. Bayaq misal çəkdim, Günevin ailəsini, qohumlarını, təzyiqi. Günev bunu düşünür, bilir ki, belə ola bilər. Onda gərək getməsin, sonunu düşünsün. Ona görə elə son düşünmək olmaz, elə son düşünmək deyə bir şey yoxdur. Sən həqiqəti düşünürsən, sonunu düşünmürsən ki. Sən hətta həqiqəti düşünəndə, həqiqət yolunda addımlayanda həyatın da başa çata bilər. Sən şikəst ola bilərsən. Mən buradan Saraya getməliyəm. Düşünürəm ki, yolda gedəndə birdən maşın məni vurar, ya yıxılaram, ayağım sınar. Onda gərək evdən çölə çıxmayasan, addım atmayasan. Sonunu düşünməyi bu anlamda deyirəm, bu, gərək deyil. Yoxsa bədəni düşünmək ki, bu ac qaldı, susuz qaldı, paltarsız qaldı – əlbəttə, bunu biz demirik. Sən bir tikə çörək yeməlisən, geyməlisən.
Bütün insani münasibətlər, ədalət, həqiqət nədən ötrüdür? Hər kəs haqq etdiyini yesin, geyinsin, gəzsin, düşünsün, xoşbəxt olsun. Xoşbəxtlik mücərrəd deyil ki – o xoşbəxtliyin içərisində həm düşünməlidir, mənəvi varlığını var etməlidir, həm də eyni halda haqq etdiyi bu kostyumu da geyinməlidir. Bütün məsələ bundadır.

Yasin Türksoy: Hind fəlsəfəsi elə dərindirsə, niyə indi özünə yardım edə bilmir? Hind xalqı şikəst qalıb. İngilis onu gəlib parçalayır…

Soylu Atalı: Bilirsənmi, ideyanın gücü bu gün toplumun onu bütöv qəbul eləməsi ilə ölçülmür. İdeyanın gücü imkandır. Eyni halda, bizim dəyərlərimiz, bayaq dedim, Nəsimi balaca söhbətdirmi? – Deyil. Ancaq hanı xalqın ömründə? Yoxdur. Nəsiminin xalqı bu gün belə bu durumdamı olmalı idi? Olmamalı idi.
Yəni ideya imkandır. O imkan sənin qarşına çıxıb. Götür.
O boyda Nəsimi çıxıb ortaya, bu xalq onu götürüb yaşatmır, dalınca getmir. Bu, Nəsiminin, ideyanın günahı deyil.

İnamlı Atalı: Məhəmməd neçə min kilometr qıraqdan gəldi, bu xalqın durumuna öz ideyalarını qoya bildi, öz içimizdəki Nəsimi niyə qoya bilmədi? Mən nə üçün belə düşündüm, bunu dedim? Avropa xalqlarını bizim xalqla müqayisə edəndə görürsən ki, çox böyük üstünlükləri var. Ən azı yalan yoxdur onların içində. Məsələn, ticarətdə deyək. Elə belə bir epizod kimi deyirəm. Əgər bir xalqın nümayəndəsi bir səbət yumurta qoyur qapısının ağzında, qiymətini qoyur on qəpik. Arxayındır ki, min dənə yumurtanın dəyəri axşama qədər bu səbətin içindədir,  heç  saymır, götürüb gedir.
Bizim xalqda da böyük ənənələr olub. Aleksandr Düma Bakıda milyonçunun qonağı olub. Bizə verdiyi tərif bir yana qalsın, deyir, mən orada qonaq olanda bir tanışı gəldi, bundan bir kisə qızıl istədi, o da verdi. Deyir, mən təəccübləndim. Dedim: sən bu boyda qızılı necə etibar elədin?  Deyir, bizdə bir deyim var: kişi sözü. O mənə kişi sözü verdi. Əgər o bilsəydi onu qaytara bilməz, onu eləməzdi. Alman necə nail oldu ona? Alman ona ideyayla nail olmadı, qılınc gücü ilə nail oldu. Məhəmməd necə nail oldu? Azərbaycanda bugün onun ideyası oturuşdu. Bu, onun ideyasının gücü deyildi.

Soylu Atalı: Düşüncə din olsa belə, Məhəmməd sistemli şəkildə peyğəmbərlik idi. Məhəmmədin peyğəmbərliyində qılıncı da var idi, sözü də. Rituallara da girdi, adət-ənənələrə də. Sistemli şəkildə xalqı çevirdi, özünün istədiyi bir hala saldı.
Nəsimidə isə həqq özümlülük idi. İnsanın özünü təsdiqləyə-təsdiqləyə özümlük. İnsanın içindəki Allaha üz tuturdu. Bəs niyə oturuşa bilmədi? – Peyğəmbər səviyyəsinə gəlməmişdi. Zərdüşt niyə oturuşmuşdu? Çünkü Zərdüştünkü  peyğəmbərlik idi.

İnamlı Atalı: Niyə aradan çıxdı Zərdüşt, ancaq Budda çıxmadı, Məhəmməd çıxmadı? Çünkü bu gün də millətlərinin içində yaşayır.

Günev Atalı:Təbiidir, tarixi baxımdan aradan çıxmalı idi. Çünkü qardaş demişkən, onun mayasında mif var idi, yalan var idi. Əgər mif varsa, bəlli bir dövr yaşaya bilər, ancaq həmişə aldatmaq olmaz.

İnamlı Atalı: Qardaşım, ən böyük mif İslamdadır və bu gün ən idraklı insanlar, akademiklər gedib bir cadugərin yanına deyir: “Mənim falıma bax.”

Günev Atalı: O qədər rəzaləti ilə bərabər, Nehru bunu belə izah edir: “Məhəmməd yenilik idi, yoxsa Məhəmmədi heç kəs qəbul edə bilməzdi.” Ancaq insanların içində bir axtarış vardı. Onlar daha gözəl bir həyat axtarırdılar. Elə bildilər ki, axtardıqları elə bu dindədir.

İnamlı Atalı: İdeya gücü ilə oturuşdu bizim içimizdə? – Yox! Qılınc gücü ilə oturuşdu. Əgər onun təzyiqləri olmasa idi, bu qədər qalmazdı. Türk xalqlarını işğal edəndən sonra qoyulan qaydalar ucbatından ideyalar bir neçə nəsildən keçib adətə çevrildi. 100 ilin içində artıq dördüncü nəsildə o qayda “normal” kimi qəbul olundu. Qorxudan artıq insanda qul təfəkkürü qaldı. Sonrakı nəsildə artıq qorxu yox idi, ancaq o, qəbul edilmiş hala çevrildi.

Soylu Atalı: Bağışlayın, qardaşımızı dinləmək istəyirəm, nə demək istəyir.

İnamlı Atalı:Mən demək istəyirdim ki, Avropa xalqlarının üstünlüyü ideyanın gücü ilə gəlməyib. Bugün Məhəmmədin İslamı da ideyanın gücü ilə oturuşmayıb bizdə. Demək istədiyim odur ki, müəyyən qədər güc də gərək idi ki, bu cəmiyyətdə bəlli qatılmalar olsun. Dövlət tərəfindən yönləndirmələr də olmalı idi, başda ağıllı adam gərək idi. Əgər vətəndə ağıllı adam otursaydı başda, dövlət bu qədər dağılmayacaqdı. Bizim ideyamızda, amalda rahatlıq olardı.

Soylu Atalı: Bizim idealımız Almaniya, Fransa deyil. Avropa bizim idealımız ola bilməz. Biz epizodik məqamları izah eləmək üçün bu cür faktlardan istifadə edirik. Ancaq bu o demək deyil ki, biz onları etalon kimi götürürük. Biz görürük ki, orada insanın işini dövlət yerinə yetirir, dövlət insanları ona vərdiş etdirir.Fiziki vərdiş isə hələ mənəviyyat demək deyil. Fiziki vərdiş o deməkdir ki, məsələn, deyir: “Filankəsin yumurtasını oğurlamaq olmaz.” Bunu ona yeridir, təlqin edir.  Bu, sosial yönümdə həll olunur, ancaq mənəvi yönü ilə həll olunmur. Mənəvi yönlə həll olunmadığı üçün o insan yumurta oğurlamır, ancaq evində pozğunluq edə bilir. Beləcə, vərdişlə mənəvi pozğunluq birləşir sanki. Bir insan üçün “yumurtanı oğurlamaq olmaz”, ancaq başqa bir şey olar — çünkü dövlət mənəvi potensiya yaratmır.
Ona görə də biz deyirik: xalqın içində şəxsiyyətlər yetişməlidir. Şəxsiyyətlərin yetişməsi üçün ideya olmalıdır, prinsip olmalıdır. O şəxsiyyətlər yetişəndən sonra yönətimə əl qoyur, ölçü gətirirlər, sistem yaradırlar, xalq da bu ölçülərə tabe olur.
Beləcə, əxlaqla bağlı, hüquqla bağlı, insani davranışlarla bağlı ölçü yaranır. Bu ölçülər vahid sistemdə birləşir, xalqda bir bütövlük formalaşır. Xalqın ümumiləşmiş xarakteri yaranır.
Avropada hüquqi dövlət statusu var. Hüquqi dövlət yaradıblar, ancaq mənəvi, ruhani dövlət yaratmayıblar. Bütün məsələ bundadır. Əgər biz Avropa hüquq sistemini ölçü götürsək, onda Asif Atanın Ocağına gərək qalmazdı.
Avropada almanlar özünəxas sistem qurublar – hüquq-sosial sistem. Ancaq o sistemdə türklər yaşaya bilməz. Türklərin sistemində də almanlar yaşaya bilməz. Ancaq türklərin yaratdığı mənəvi sistemdə hamı yaşaya bilər, çünkü o, İnsanlıq ölçüsünə dayanır. Mənəvi sistem vahid insanlıq ölçüsünə dayanır. Onun ayrı-ayrı detalları fərqli olacaq. Onu mən belə izah edirəm – sən də atasan, mən də atayam. Sən öz övladının atasısan, mən öz övladımın atasıyam. Mən öz övladıma atalıq edirəm, sən öz övladına atalıq edirsən. Mənim öz övladıma atalıq etməyimlə sənin öz övladına atalıq etməyin bir-birini təkrar eləmir. Hərəsi özünəxasdır. Ancaq ikisi də atalıqdır. Məzmun odur. Mənəvi kriteriyalar yaranır. Mənəvi dəyərlər üzərində qurulmuş sistemlər daha sabit olur.
Söhbətin başında demişdim, əgər demokratiya ilə yanaşsaq, onda Asif Atanın Ocağı diktator kimi görünərdi. Ocağımız deyir ki, ruhani tabelik olmalıdır, sorumluluq olmalıdır, böyüyü eşitmək gərəkdir, ideya verəni dinləmək gərəkdir. Onun təpkisini nuşcanlıqla qəbul eləmək gərəkdir. Onda formalaşacaqsan. Yəni bunun açarı var da. Biz bunun yanına kiminsə dəyənəyini qoşa bilmərik ki.
Bəzi fərdi düşüncələr ümumi Ocaq prinsipinə çevrilə bilməz. Asif Atanın Ocağı elə düşünmür. Ocaq ideyasının dəyənəyi olmamalıdır, çünkü ideyanın dəyənəyi olarsa, artıq orada Məhəmmədin qılıncı var deməkdir.

İnamlı Atalı: O dəyənək olmadığına görə Nəsimi yerimədi. Nəsimi dəyənəksiz idi, Məhəmməd dəyənəklə idi. Ona görə də Məhəmmədin ideyası oturdu, Nəsimininki yox.

Soylu Atalı: Əzizim, sən dövlətini qur, Dövlət ruhani əsasda qurulmalıdır. Amal əsasında. Ruhani dövlətin təməlində şəxsiyyət olmalıdır. Şəxsiyyət yaranmadan dövlət yarana bilməz.
Dövlət ağlı başında olmayanı mühakimə edir, qanunları ilə yerində oturdur. Ocaq isə şəxsiyyət yaradır. Dövlətin işini Ocaq görməməlidir. Ocağın prinsipi mənəvi tərbiyədir, cəza deyil. Mən bəri başdan niyə ideyanın böyrünə dəyənək qoşmalıyam? Dəyənək qoşanda şəxsiyyət yarada bilmərəm. Dəyənəklə nə vaxt şəxsiyyət yaranıb?! Sən şəxsiyyət yaradırsan, ideya verirsən. İdeya əsasında xalq oluşur, dövlətini yaradır.

Göytəkin Atalı: Ömər Xəyyam yaradıcılığını necə qiymətləndirirsiniz? Bir də onun “sərxoşluq və ayıqlıq arasında bir hal var, mən onun bəndəsiyəm, ey insan” deyiminin mənası nədir?

Soylu Atalı: Ömər Xəyyam rubai janrında yazan, uğurlu şairdir. O, cəmiyyətdəki neqativ halları rübailəri ilə tənqid edib. Bu da bir bədii tərbiyə formasıdır. Onun “mey” obrazı, başqa metaforaları fiziki şərab deyil, mənəvi eyforiyanı, ruhani keyfi ifadə edir. Onun yaradıcılığındakı meyin anlamı odur ki, insanının gerçək gedişlərdən, qalıcı olmayan gedişlərdən, həyatın baş gicəlləndirən nəşələrindən mey kimi qəbul edib sərxoş olmasına gərək yoxdur. İnsanın mənəvi kriteriyalardan sərxoş olmasına, meylənməsinə, ruhlanmasına, yaxşı anlamda keflənməsinə gərək var. Onun yaradıcılığı buna çağırışdır. Bədii tərbiyə yönüdür…

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız var olsun!” səcdəsilə Törən sona yetdi.

Çiçək Ayı, 47-ci il.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir