Xəbərlər

Qutsal “Bəşərilik” Bayramı

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı 12 Sərt Ayı, 47-ci ildə (dekabr, 2025) Qutsal Bəşərilik Bayramını gerçəkləşdirdi. Bayram quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı. Ocaqda ölənlərimizin adını anırıq, Sabahlı, Bağban, Amaltay bizimlədir. Ocaqda onların adını yaşadırıq, varlığını varlığımızda ifadə edirik.
Bəşərilik bayramının məzmunu ilə bağlı söz demək istəyirəm. Ocaq tədbirlərimizi keçirəndə məcbur oluruq, Ocaqçıların imkanlarını nəzərə alaq, bəzilərini onlayn keçirək. Bəlkə də mənim elədiyim güzəştlər yersizdir. Ata güzəşt eləməzdi.  Ruhani tələbkarlıq vardı. Çünkü Ocağının adı Mütləqə İnam Ocağıdır. Onun Ocağı siyasi, ictimai təşkilat deyil, hansısa bir sosial qurum deyil. Bura ruhaniyyat Ocağıdır, insanın var oluşunu yaradan qurumdur.
Bayramın özünün quralları var. Məsələn, məşəl yandırırıq, onun yandırılmasını, onlayn olduğu üçün, edə bilmirik. Ancaq Gediş Yazısında bunları yazmışıq. Eyni halda, Ocaq tarixinə qeyd edirik ki, tədbir onlayn keçirildi. Gələcəyi aldatmaq olmaz.
Bəşərilik bayramının məzmununu izah eləmək üçün istər-istəməz dünyanın halını götür-qoy edirik, qiymətləndiririk. Dünyanın indiki halını görəndə adama deyərlər nəyi bayram edirsiniz. Üzdən baxanda gerçəkdən bayram eləməyə bir şey görünmür. Ancaq biz əslində mahiyyəti bayram edirik. Bəşərin durumunu deyil, bəşərin gəlib çıxdığı nöqtəni deyil, həmin nöqtədə gördüklərimizi deyil, məhz bəşəriyyətin özündən ali, yüksək olan mahiyyətini, mənasını bayram edirik. Üzdə hər şey dəyişir. Bu dəyişmə elə bir düzəyə gəlib çatır ki, elə bilirsən, bundan sonra geriyə yol yoxdur. Elə belə də olacaq, belə də davam edəcək. Yəni uçurum bəzən o qədər dərinləşir ki, insanlar çevrəsinə, sağına, soluna geriyə, irəli baxır, heç bir ümid verən şeylər görmür.  Bütün dönəmlərdə qırağaçıxmalar olur, uçurumlar yaranır, insanların münasibəti əyilir, həyat tamam deqredasiyaya uğrayır. Ancaq dirəniş göstərən aydınlar hər soyda ortaya çıxır. Onlar bəlli anlamda nələrləsə mübarizə aparırlar. Bununla belə, elə bir aşama gəlib çatır ki, artıq burada ziyalı gücü iş görə bilmir. Belə məqamda ortaya peyğəmbərlər çıxır, İnsanlığın harayını çəkir. Asif Atadan öncəki peyğəmbərlər İnsanlığın harayını hansı səviyyədə, necə çəkib, məsələ bunda deyil. Ancaq bunların hər biri bəşər həyatında bəlli uçurumlar yaranandan sonra ortaya çıxıblar. Bu, qaçılmazlıqdır. Mümkün deyil ki, bütün bəşəriyyət uçuruma yuvarlansın, sivilizasiya sıradan çıxsın. Meydana ruhaniyyat çıxmalıdır. Elmdir, mədəniyyətdir, təhsildir bunların belə məsələlərə gücü çatmır. Peyğəmbərlik işə keçir.
İsanın dövründə insanları həvəslə həşərat kimi qırırdılar. Həzz alırdılar hökmdarlar, senatlar, daha kimlər… Hamısı öz sevgililəri, arvadlarıyla əyləşib qabaqlarında meyvə, həzz ala-ala meydanlarda qladiatorları döyüşdürürdülər. Bu aşamada bu duruma qarşı söz deyənlər olub, ancaq ruhaniyyata ehtiyac yaranıb, İsa çıxıb ortaya. İsadan sonrakı dönəmdə əsasən ərəb toplumu üçün Məhəmməd ortaya çıxıb. Düzdür, biz Məhəmmədin həyatını bilirik, dinin də tarixini bilirik. Məhəmməd daha çox savaşlara girişdi,  savaşlar yolu ilə nələrisə nizamlamağa çalışdı. Məhəmməd siyasi nizam yaratdı, ruhani nizam yaratmadı. İsa az-çox ruhani nizam yaratmışdı. Ancaq Məhəmməd xilafət yaratdı, özü xilafətin başçısı oldu, hökmdar oldu, qılınc işə keçdi, qanunlar yarandı, hüquq yarandı. Bunlar hamısı işlənildi.
İndi bizim dönəmimizdə İnsanlığın çöküşə doğru getdiyi bir vaxtda yenə də söz deyənlər var. Sosial şəbəkələrdə də görürsünüz, nə qədər adamlar var, o yazır, bu yazır, filan şeyi pisləyir. Bunlar gərəkdir, demirəm olmasın. Ancaq bunların heç biri dirənişi formalaşdıra bilmir. Ona görə Asif Atanın ideyaları işə keçməlidir.  Dediyimiz kimi, ruhaniyyatın görə biləcəyi işi adi ziyalı çağırışı, adi etirazlar, adi tərbiyə ödəmir, ödəyə bilmir. Bu gün belə bir yükün altındayıq. İnsanlığın çöküşünə qarşı əsaslı, ciddi ideyaların yayıcılarıyıq. Bu ideyaları oturuşdurmağa çalışırıq ki, ölçü, nizam yaransın. Hətta maarifçi sayılanlar, mədəni mübarizə aparanlar arasında da bu işin qaçılmazlığını anlayanlar getdikcə artır. …Bilirsiniz, ruhaniyyat – İnsanlıq xəttio nun, bunun istəyi, həvəsi ilə olan bir şey deyil. O həqiqətdən gəlir, Mənadan gəlir. Elə bilgilər var ki, insanla birgə doğulur. Eləcə də ümumbəşəri məsələlər, yəni İnsanlıq məsələsi. İnsanlıq məsələləri hansısa millətin həvəsinə, istəyinə uyğun olaraq dəyişə bilməz. Belə bir norma yoxdur. Belə bir norma uydurmaq özü cəfəngiyyatdır. O Mənadan gəlir. Məsələn, anaya qutsal yanaşma var. Kimsə, hansısa millət quraşdırmayıb bunu. Bu mənadan gəlir. Həqiqətdən gələn bilgidir, insanın varlığında öz etkisini göstərir. Ya da, qeyrət məsələsi kiminsə istəyi ilə, həvəsi ilə formalaşan bir keyfiyyət deyil. Mənadan gələn bir keyfiyyətdir. Onu mən öz doğuluşumla, bir  başqası öz doğuluşu ilə dəyişməyə qadir deyil. Dəyişə bilərsən, deqredasiya edərsən, uçurarsan, yıxarsan, ancaq o məzmun qalır. Məzmun var, sən normal insan kimi yaşamaq istəyirsənsə, bəşər olmaq istəyirsənsə, o məzmuna dönməlisən. O məzmuna döndüyündə sən bəşər olacaqsan. O məzmundan ayrıldığın dərəcədə sən sürüyə çevrilirsən, sivilizasiyanı məhvə doğru aparırsan. Ruhaniyyat ona görə yaranır, ortaya çıxır. Asif Ata ona görə ortaya çıxıb. Peygəmbərlik olayı ona görə ortaya çıxıb ki, hər şeyi öz mahiyyətinə, mənasına qaytarsın. Hər şeyi öz mənasına, mahiyyətinə qaytarmasan həyat məhv olur, İnsanlıq çökür. Biz İnsanlıqda, bəşərdə hər şeyə münasibəti dəyişmək üçün varıq. Ocaq hər şeyə münasibəti dəyişmək üçün gəlib. İnsana münasibəti, etikaya münasibəti, qeyrətə münasibəti, dövlətə münasibəti, mədəniyyətə münasibəti dəyişmək, əsilləşdirmək üçün gəlib. Bizim bayramımızın mahiyyəti budur. Biz onu bayram edirik. Biz həqiqətdən gələn, Mənadan gələn bəşəri gözəlliyi bayram edirik. Ona görə bayram edirik ki, bu, gerçəklikdə olmasa da, Mənada var. İnsanın gen yaddaşında, düşüncəsində, mahiyyətində var. Biz bununla yaşayırıq, bunu bayram edirik. Biz hər şeyi özümüzdən başladığımız kimi bayramı da özümüzdən başlamışıq. Bayramımız belə bir məzmun daşıyır,  ona görə də qutsaldır. Sizin hər birinizi bayram münasibətiylə qurtlayıram, bağrıma basıram. Var olun. Gələcəyinizə inam, ümid işığınız azalmasın, sönməsin.
Atamız Var olsun!

Günev Atalı (Ataya səcdə edib, Bayrağı öpür  G.A.): Mən də hər birinizi bayram münasibətilə qutlayıram.  Nə vaxtsa, tarixin hansısa bir dönəmində bəşəriyyət öz mənasına, mahiyyətinə yüksəlib desək bu doğru olmazdı.  Yəni bəşərilik məzmununu tarixən xalqlararası münasibətlərdə axtarmağa dəyməz. Tarixin heç bir dönəmində bəşərilik halı demək olar ki, olmayıb. Olubsa da nisbi mənada olub. Heç vaxt heç bir xalq öz xəlqi mahiyyətinə yüksəlməyib. Ona görə də bəşəri nizam alınmayıb. Xalq bənzərsizliyi ilə seçilib, bəşəri ləyaqətinə yetə bilməyib. Bənzərsizliyi də nisbi xarakter daşıyıb. Çünkü bu müəyyənliyi düşünən ünlü fikir adamları əsl həqiqətə yetə bilməyiblər. İstər peyğəmbərlər, istərsə də filosoflar, təriqət sahibləri müxtəlif yönlərdə həqiqətə çıxış yolunu arayıblar. Əsaslı bir sonuc əldə olunmayıb. Deməli, fərdi münasibətlər xalqda cəmlənib. Əslində fərdi müşküllər xalqda cəmlənib, bəşəri müşküllərin əsası olub. Ümüd insanadır. Bu ümidi Asif Atanın Mütləqə İnam təlimi doğruldur.
Dünyada baş verən müşküllərin  arxasında insan dayanır, əlacı insanlikdədir. İnsanın xilası demək olar ki, bir çox yönlərdə axtarılıb. Ehkamlarda, quruluşlarda, təşkilatlarda, toplumun qeyri-müəyyənliklərində… Bu çabaların heç biri öz-özlüyündə insana yaramayıb. Özündən kənar fikirlərdə axtardığından insan insani keyfiyyətlərindən uzaq düşüb. Bu uzaqlaşma ona çox baha başa gəlib. Nə özünün, nə mənsub olduğu xalqın, nə də bəşərin nizamında əsaslı gəlişmə baş verməyib. Asif Atanın  təlimi bütün bu müşküllərin həllini, xilas yolunu fərdin özünü yaratmasında görür. Ona yetmək yolunu bəlirləyir. Özündəki şəri döyməyən heç bir əsaslı sonuc əldə edə bilməz. Baxış dəyişməli, kamillik ömrə gəlməli, özgür düşüncəli fərdlərin birliyindən xalq yaranmalı və bəşəri vəhdətin nizamına qovuşmalıdır. Bu məzmuna yetməyin mümkünlüyünə Ocaqçı inamım sonsuzdur.
Atamız Var olsun!

İnamlı Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Bugünkü Bəşərilik bayramı münasibətilə mən də bacı və qardaşlarımı təbrik edirəm, hamınıza bu yolda uğurlar arzulayıram. Bəşərilik bayramının məzmunu haqqında qardaşlarım dedilər. Mən də bəzi məqamlara toxunmaq istəyirəm. Bəşərilik məncə bir ümumi məfhumdur. Bu, sözsüz ki, millətlərin necəliyindən başlayır. Millətlər də fərdin necəliyindən başlayır. Fərd yerində olarsa millət yerində olar, millət də yerində olarsa bəşərilik öz təsdiqini tapar.
Bir də burada çox gözəl bir qonu qoyulub: Bəşərilik fərdin İnsanlaşmasından başlayır.
Fərdin İnsanlaşması haradan başlayır? – Mən düşünürəm ki, İnsanilik inamın həqiqiliyindən başlayır. Əgər inam, etiqad, sağlam təmələ söykənirsə, fərdin insaniliyi alınar. Mən öz yaşımda olan nəslin başlanğıcını bədbəxt adlandırıram. Bizim uşaqlığımız, yeniyetməliyimiz, gəncliyimiz, indi də qocalığımız Azərbaycan mühitində eybəcər sistemin hökmranlığı vaxtına düşdü. Uşaqlıqdan bu yana tayfabazlıq, rüşvətxorluq dövrünü yaşadıq.  Ancaq xoşbəxtliyimiz də onda yarandı ki, Mütləqə İnam dünyabaxışı ilə biz eyni bir zamana düşdük.
Məncə fərdin insanlaşması da ümumi bir sözdür, bunun da əsasları olmalıdır. Bu əsasları Asif Ata çox gözəl vurğulayır ki, fərdin öz müstəqilliyi olmalıdır. Müstəqillik onun özündənkeçməsini, imtinasını doğurur. Bu yol da  fərdin xilasıdır. Fərdin xilası millətin xilasıdır. Millətin xilası bəşərin məzmununu doğruldur.
Atamız Var olsun!

Göytəkin Atalı (Ataya səcdə edib, Bayrağı opür – G.A.): İndiyədək ortaya gələn ideyaların çoxunda bəşəri xilas etmək çabaları var. Özəlliklə də bəşəriyyətdə pozuntular daha da artdıqca bu ideyalara üz tutmaq zəruri hal alır. Ancaq bunların nə dərəcədə özünü doğruldub doğrultmaması məsələsi var. Doğrultmaması başlıca olaraq, aparılan mübarizələrin insandan qıraqda baş verməsidir. Çünkü hər kəs mübarizə deyəndə aktiv hərəkətlə, bu günə uyğunlaşan düşüncələrlə, eləcə də, hay-həşirlə ortaya atılmaq, meydanda qalmağı bacarmaq kimi başa düşür. Ancaq heç kəs düşünmür ki, bu sorunların, bu bədbəxtliyin kökündə nə dayanır. İnsanlar bu gün ən böyük fəlakətin –  texnologiyanın mənfi yönlərinin yaratdığı xaos içərisində çabalayırlar. Hamı elə bilir ki, artıq insanın mənəvi aləminin zənginliyi heç kəsə gərək deyil, heç nəyi dəyişdirmir. Artıq dövr o dövr deyil-filan. Ancaq gözardı edilən bir məsələ insanın azadlıq anlayışını doğru dərk etməməsi, buna yetə bilməməsidir. Daxilən azad olmayan insan şüurunda mübarizələr önəmli dəyişiklik yaratmır, sonucda insanlar tez sınırlar, məğlub olurlar. Çünkü insanın şüurunda azadlığı dərk etmək yox, köləliyi ideallaşdırmaq var. Ona görə gec-tez onu uçurma aparan riyakarlıqla, vicdansızlıqla barışır. Barışmağa məcbur olur. Ancaq insanı, eləcə də, bəşəri elə bir mübarizə yolu qurtara bilər ki, insan onu əhatə edən bu bədbəxtliyin girdabında boğulmasın. Başını qaldıra bilsin. Həm də inanaraq, güvənərək, ümidlə qaldıra bilsin. Boyun əydikcə onun üzərinə düşən əzabdan qurtulsun. Çünkü köləlikdən, qorxudan ən dəhşətli faciələr törəyir. İnsan nə qədər ki, cahilliyə boyun əyir, mübarizənin qurtuluş yolu olduğunu anlamaz. Cahil üçün mübarizə onların yaşadıqları həyat qədər acınacaqlı və dəyərsizdir. Cahil insan heç vaxt mübarizənin onun düşdüyü qaranlığı aydınladacaq işıq olduğunu anlamaz. İnsanın qurtuluşu üçün isə ən önəmlisi onun içində inamın olmasıdır, özünü dərk etməsidir. Bu qurtuluş Atanın İnamına bağlıdır, İnsanın içdən dəyişiminə bərabərdir. Atanın “İnsanlaşın! İnsanlaşdırın!” çağırışı dünyanın bugünkü qaranlığına doğan işıq kimidir. Həm də insanın qorxu dolu qaranlıq dünyasına doğan işıq kimidir. Bayramımız qutlu olsun.
Atamız Var olsun!

Soylu Atalı: Var olun.
Götürəndə bu tədbirin adı bayramdır. Ancaq mərasim kimi keçiririk. Əslində bəlkə də bayram elə belə gözəldir. Bu bayram ənənəvi bayram deyil, fərqli bayramdır. Özü də dərin mövzuya dayanıqlı, dərin mövzuya bağlı bir bayramdır. Bu dərinliyi biz hara qədər aça bilirik, hara qədər deyə bilirik, bu ayrı bir məsələdir. Ancaq bayram özü olduqca dərin məna kəsb eləyən bir olaydır. Sözsüz ki, bayramın gec-tez biçimini dəyişdirəcəyik. Ancaq bilmirəm təbiətin qoynuna getmək bayramın biçimi üçün yetərlidirmi, yetərsizdirmi. Bunu bura qədər düşünməmişəm. Asif Atanın hər bir ideyası, hər bir anlayışı yeni olduğuna, yeni anlam daşıdığına görə buna verdiyimiz məzmunun necə olmasının üzərində çox düşünməli olacağıq. Asif Ata bir dəfə də olsun bayramın birini keçirməyib ki, biz bilək bunun biçimi necə olmalıdır. Bu baxımdan bayramlarımız mərasimlərimizdən az fərqlənir. Əsas odur ki, biz başladığımız məsələləri yarımçıq qoymayaq. Əsas odur ki, biz həyata keçirdiyimiz Ocaq ideyalarını yarımçıqlamayaq. Bizim üzümüzü ağardan, tədbirlərimizdə bəlli məzmunda, hətta məktəb səviyyəsində söz deməyimizdir. Bununla belə, məncə, Ocağın indiki anında Ocaq məsələlərinə yaradıcı yanaşma bir az zəifdir. Mənə elə gəlir bir az arxayınçılıq var. Atanın çağında da belə arxayınçılıq var idi. Onu da deyim, istənilən uğurlu bir təşəbbüsə Ata yox demirdi. İndi də Ocaqçılar təşəbbüskarlığı artırmalıdırlar. İnkişaf belə şeylərin üzərində yeriyir. Bunu düşünməyinizi istəyirəm. Yiyəlik duyğusu böyüməlidir. Atanı öyrənən, anlaya bilən, sevən, qəbul edən, onun işini doğru sayan adamların (Ocaq içi, Ocaq dışı) hər birinin Ocaq məsələlərinin inkişafına qatqı göstərməsi gərəkdir. Atanı sadəcə öyməklə yetərlənmək olmaz. Söz yox, Asif Ataya münasibətimiz hamısı ruhaniyyatın tələbidir, içimizin tələbidir. Çünkü İnsanlığa münasibət odur. Mən bir deyimdə yazmışam ki, insanlar evində it, pişik saxlayır, onu çimizdirir, ona qulluq edir, onu öpür. Biz insan deyəndə deyirlər onu bütləşdirirsiniz. Bilirsiniz, bu insanların içindəki eqonun səsidir. O, bayağı bir səsdir, həzm eləyə bilməmişdir. Mənim varlığımı gələcəyə götürən bir varlığa münasibət bəsləyirəm, peyğəmbər deyirəm. Çünkü yeni inam gətirib. Peyğəmbərə münasibət uca olmalıdır.
Cəmiyyətdə bir çox sualların cavabı bizdədir. Şəxsiyyəti uydururuqmu, ideallaşdırırıqmı, yersiz ilahiləşdiririkmi? Buna biz yaradıcı yanaşmağımızla, quruculuğumuzla, ideya vericiliyimizlə, təşəbbüskarlığımızla, həqiqəti hər addımda kəşf edib onu dilə gətirməyimizlə cavab verə bilərik. Onda bütün sualların cavabı açılacaq. Gerçəkdən hər bir fərdimiz o ideya gücünün nə olduğunun üzərində işləsə, düşünsə özü onu daha aydın həm biləcək, həm də ifadə edəcək. Ocaq kəşflər deməkdir…

“Bəşərilik Bayramı üstdə Mütləqlə Təmas”ı Bilən deyir.

 Ocaq Yükümlüsü Atanın çağırışını çatdırır:“Bəşərləşin, Bəşərləşdirin!

 Hamı: “Bəşərə and olsun Bəşəriliyə qulluq edəcəyəm!” deyir.

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” Səcdəsilə Bayram sona yetir.

Sərt Ayı, 47-ci il.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir